13 Yanvar 2021 | Ana Səhifə - Yazılar
Qarabağdakı rusiyalı sülhməramlılarla bağlı nigaranlıq

Elçin Alıoğlu

İfrat nikbinliyi bihudə bədbinliyin aversi hesab edirəm və bu səbəbdən heç zaman nə nikbin olmuşam, nə də pessimist.

Qarabağda rusiyalı sülhməramlılarla bağlı nigaranlıq çoxdur. Hətta mənə dostlar yazır ki, "biz yazanda xalq düşməni olmuşduq, indi biz deyəni deyirsiniz".

Elə deyil.

Savaşın ilk günlərindən yox, hadisələrin şahidi və hətta iştirakçısı kimi yox, savaşın olacağını və qaçılmazlığını, labüdlüyünü çox əvvəl bilən kimi yazıram.

Tam məsuliyyətimlə: Qarabağ bütünlüklə Azərbaycanda olacaq.

Tam, büsbütün.

Fəqət ki, tələsmək olmaz. 28 illik yox, 228 illik bir problemi dərhal, tez, "Xankəndidə bayrağımız nə oldu?!" emosionallığı ilə çözmək olmaz.

Qarabağ problemində qarşımızda duran Ermənistan, kölgə aktoru Rusiya deyil sadəcə.
Siyasət çox qəliz nəsnə olmaqla bahəm, əksər hallarda aldadıcı gedişlər və kuluar təsirlərlə zəngindir.
Bir misal çəkim - yaxından bələd olduğum hadisədən.

Liviyanın paytaxtı Tripolidə hərbi məktəb vurulmuşdu. Axşam saatlarında onlarla kursant həlak olmuşdu.
Xəlifə Xaftar dərhal bəyan etdi ki, biz vurmamışıq.

İnanmadılar, amma o qoca "feldmarşal" yaramaz düz deyirdi.

Paradoksal olsa da, elə idi.

Çünki kursantlar Çin istehsalı olan raketlə vurulmuşdu.

Raket də Çin istehsalı olan PUA-dan buraxılmışdı.

Birləşmiş Ərəb Əmirlikləri o PUA-ları alıb Xaftarın qoşunlarına vermişdi və hərbi məktəbə hücum əmrini də Misir generalları vermişdilər.

PUA Liviyanın şimalındakı Əl Xadim aerodromundan qalxsa da, "tapşırıq" yerinə yetiriləndən sonra Misirdəki Sidi Baran aerodromunda yerə enmişdi.

Qarabağ məsələsini də qəlizləşdirmək, mümkünsüz etmək istəyən ölkələr, güclər var.
Bunu unutmayaq.

Rusiyalı sülhməramlılara inama, etibara əsla ehtiyac yox. Tam əksinə, onlar daim nəzarətimizdə olmalıdır, daim müşahidə altında qalmalıdır.

Rusiyanın məqsədinin Qarabağda hərbi baza yaratmaq olduğu bəlli və buna da imkan verilməyəcək. "Kollektiv Qərb" dediyimiz geosiyasi konqlomeratla bahəm, Türkiyə, Çin və İran da Moskvanın bəhs etdiyim arzusunun reallaşmasına imkan verməyəcəklər.

Nəqliyyat və kommunikasiyalar məsələsinə gəldikdə isə bu, Ermənistanın yeni məğlubiyyətidir.
Çünki daha 16 kənd delimitasiya və demarkasiya prosesində tam, yaxud qismən işğal edilmiş ərazi sayılacaq.
O kəndlərdə bayrağımız səma ilə qucaqlaşacaq.

Doğma səmamızla.

... Gəncdim, komandirimə inanırdım və indi anlayıram ki, ona inamda əsla səhv etməmişəm: çünki Vətən ona inandı və torpağına da qəbul etdi.

Komandirim deyərdi: "Əsgərin ən böyük silahı inamıdır. İnamın düşmən əlinə keçməsinə imkan verməyin, bax, onda məğlub olacaqsınız".

Təxminən 30 il keçib.

Nə qədər haqlı imiş o mərd, şərəfli insan.

Özümüzə, Vətənimizə, keçmişimizə və gələcəyimizə inanaq.

Kimsə bizi məğlub edə bilməz belədə.

Vətən yaxşıdır... 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv