05 Fevral 2021 | Ana Səhifə - Yazılar
İki qadının teatrına niyə inandıq...

Aida Eyvazlı

Psixoloq Əfsanə Rüstəmovanın Facebook-a sırıdığı xəstə qadının “iki oğlunun itkin düşməsi” hekayəti, ilk dəqiqələrdə əksəriyyət jurnalistlər,  sosial şəbəkə istifadəçiləri kimi məni də kövrəltdi, ağlatdı və inandırdı.

Qadın inandırıcı danışırdı. Mən qadına həm də ona görə inandım ki, əksər şəhid anaları kimi yanırdı. Bir xəstə qadın şəhid anası rolunu belə dəqiqliklə oynaya bilməzdi. Bir də ki, onun yanındakı  Əfsanə Rüstəmova adlı psixoloq və himayəçisi o qədər inandırıcı faktlarla və sübutlarla danışdı ki, inanmaqdan başqa çarəmiz qalmadı.

  1. Dedi ki, ana bir neçə aydır ki, xəstədir və psixoloqun himayəsi altındadır.
  2. Dedi ki, ona görə ölkənin bir çox aidiyyatı nazirliklərinə sorğu yazıb, cavabı gəlməyib.

Facebook hesabımı ermənilər və ermənikimilər şikayət etdiyindən həmin  paylaşıma münasibət bildirə bilmədim.  Teleqram səhifəmdə xəbəri acı çəkərək paylaşdım ki, bəlkə bu qadının səsini eşidən ola.

Daha sonra Ləman Ələşrəfqızının hazırladığı verilişə baxdım. Onun canlı efirə dəvət etdiyi psixoloq deyirdi ki, Müdafiə Nazirliyinə,  Qaçqın və Girovların dəyişdirilməsi Komitəsinə... və başqa yerlərə məktublar yazıb, cavab sıfır.

Bir də ki, çıxışına başdan ayağa diqqətlə dinlədiyim psixoloq elə savadlı və inandırıcı danışırdı ki... İndi onun bir xəstə qadının toruna necə düşməyi mənim üçün suala çevrilib.

Ləman xanım da öz verilişində qeyd etdi ki, bu məsələ ilə əlaqədar Müdafiı Nazirliyinin sözçüsü Vaqif Dərgalı ilə danışıb. O da deyib ki,  itkinləri axtarmaq onların səlahiyyətində deyil.

Və Əfsanə Rüstəmovanın  bizə təqdim etdiyi və inandırdığı “şəhid anasının” son aqibəti hamıya məlum oldu.

Burada ilk anlaşılmazlıq əslində yenə də Müdafiə Nazirliyinə və başqa aidiyyatı təşkilatlara gedən məktubların cavabsız qalmasındadır. Əgər həqiqətən də, bu psixoloq himayəçi dediyi məktubları yazıbsa və o məktublara dolğun bir cavab almayıbsa, o zaman  günah məktubları cavablandırmayanlardadır. Məgər Müdafiə Nazirliyinin sözçüsü üçün deyilən ad-soyadı axtarıb, doğru bir söz demək bu qədər çətin idi? Axı indi hər şeyi bir düymə həll edir.  Adamın ad-soyadını lazım olan listəyə yazırsan, oradan ya çıxır ya da çıxmır. Çıxmırsa, demək yoxdur. Yəni ən azından indi həmin adda itkinlərin olmamasını da anındaca bazada axtarıb yəqin emək olardı. Yalnız efirdə bu məsələ ictimailəşəndən sonra, məlum oldu ki, tutarlı cavab verilməlidir.

Niyə bütün sualların cavabını vaxtında cavablandırmayırsınız? İstər jurnalistin, istərsə də vətəndaşın? Cəmiyyəti belə çaşqınlığa gətirib çıxaran həmin o cavaların vaxtlı-vaxtında və dolğun şəkildə vetilməməsidir.

Bilirsinizmi Ləman Ələşrəfqızı, Aida Eyvazlı və bizim kimi onlara jurnalist, ziyalı   və adi insanlar bu iki qadının teatrına niyə inandı?

Çünki 1 həftə bundan əvvəl həmin Müdafiə Nazirliyi şəhid analarına məzarlıqda yerlərini göstərmişdi, onları dinləmək istəməmişdi.

Çünki hamı bilir ki, YAŞAT yaranmasaydı, indi şəhid və yaralılarımızın problemi içərisində boğulacaqdı dövlət. Və bu problemi də həll etməli olanlar  yenə də 2016-cı ildə aprel döyüşlərindən sonra, baş verən hadisələrin ssenarisini yenidən yazacaqdılar. Çünki onlar belə işləməyi öyrənib. Qəhrəman döyüşçünü və ya qazini  alçaltmaq və bezdirmək... Hamımız bilirik ki, bu zaman-zaman belə olub.

Bilirsiniz insanlar sosial şəbəkələrə niyə inanmağa başlayıb? Çünki sonuncu Vətən müharibəsində qeyrətlə döyüşən nə qədər döyüşçünün, könüllünun adı döyüş gedən yerlərin dəftərlərinə yazılmayıb. Həmin döyüşlərin səlahiyyətliləri  döyüşən oğulların döyüş qəhrəmanlığını gizlədiblər. Şəhidlərimizin yol kənarında biabırçı keçiddə basdırılmasına Ali Baş Komandan sərt reaksiya verəndən sonra, həmin  nazirlik rəsmiləri, çağırış idarəsinin kabinet generalları başlayıbla şikayət və ərizələrin bəzilərini dəyərləndirməyə.

Bizim ölkədə inamsızlığı Ləman Ələşrəfqızı, Aida Eyvazlı, Miri Məcidli kimi sözünü düz deməyi bacaran, cəsarətli jurnalistlər yaratmayıb. Əslində bizim kimi neçə-neçə jurnalistlər düz söz dediklərinə görə 15 ilə yaxındır ki, doğru olmayan media siyasəti nəticəsində  gözdən salınırlar.

Postmüharibə dövründə çox yanlışlıqlar olur. Axşam bir əmr imzalayıb, sabah əmrini geri götürən imza sahibi nazirlərimiz, sədrlərimiz də var. 

Ləman Ələşrəfqızı neyləyib ki? Bu dövlətə xəyanətmi edib? Ermənilərin törətdiyi  Xocalı qətliamını azərbaycanlıların adınamı yazıb? Ya ermənilərlə iş birliyi qurub? Ya  xarici ölkədəki  məlum səlahiyyətsahiblərinin trolları ilə həmrəy olub? Ya da ki, kiminsə sifarişi ilə kimisə söyməyib ki?

Mən elə bilirdim ki, bundan sonra mediada  göstərişlə işləmək dəbdən düşəcək. Kim sizə dedi ki, başlayın Ləman Ələşrəfqızını söyməyə?

Gələnə də, gedənə də əl çalanlar. Unutmayın ki, bu kənardan çox iyrənc görünür!

Bu nə etibarsızlıqdır? Bu həmkarı necə qorumaqdır? Jurnalist təşkilatları  bəlkə peşəkar jurnalisti gözdən salmaq əvəzinə,  mətbuatımızı bu vəziyyətə gətirib salanlar  haqqında bəyanat verəsiniz? 
Mən inanmıram ki, düz həmişə düzdə qalsın. Bir zaman gələcək ki, düz və dürüst jurnalistlərlə də işləmək istəyənlər tapılacaq. Unutmayın ki,  qərəzsiz tənqid edən jurnalistlər bu ölkəni və bu dövləti sevənlərdir. Tənqid olmayan ölkədə inkişaf getməz.  Ədalətli olun. Güc ədalətdədir!