07 Aprel 2021 | Ana Səhifə - Yazılar
Dünyaya kitabla gəlməliyik!

Fazil Mustafa

Dilimizdə hansı mənşədən gəlməsi artıq ümummmilli işləklik keyfiyyətinə görə önəm daşımayan bir-biri ilə sinonim yarışmasına girmiş üç frazeoloji birləşmə və yaxud söz var: “anadan olmaq”, “dünyaya gəlmək” və “doğulmaq”. Mənim üçün hər zaman “anadan olmaq” insanın özündən daha çox ata və ananın iradəsini ehtiva edən bəlkə də biz az şairanə sayılacaq ifadədir. “Anadan olmaq” insandakı heyvani xislətə geri dönüşə müqavimət üçün humanizmi işarə edən bir leksik tapıntıdır. Həm də insanın ömür boyu ana cazibəsi altında ailə standartlarına bağlılığını təlqin edən bir hərəkət adıdır. “Doğulmaq”dan fərqli olaraq “anadan olmaq”aktiv hərəkət kateqoriyasına aid edilə bilər, burada iradəvilik amili daha qabarıq sezilir. “Doğulmaq” canlı olmaq deməkdir, bioloji mahiyyətimizin başqa canlılardan fərqlənmədiyini göstərməklə yanaşı həm də ardınca gələn “vəfat etmək” üçün statistik zəmin hazırlamaqdır. Eyni zamanda “doğulmaq” iradəviliyi gözardı etmək deməkdir, yəni Allahın iradəsi, iki cütün bir-birinə rast gəlməsi təsadüfiliyini dərhal ağla gətirən bir məfhumdur.

“Dünyaya gəlmək” isə iradəvi, daha çox məqsəd və hədəfə indekslənən, dünya adamı olmaq boyuna biçilmiş insan varlıqlarını göstərir. Bizdə “dünya adamı” yanlış olaraq “axirət adamı”nın əks surəti kimi təqdim olunsa da, əsl həqiqətdə “dünya adamı” Allahın öz yaratdığı real dünyaya, insan yaşamına dolğun məna daşımaq üçün vəzifə yüklədiyi “axirət adamı”nın məhz özüdür.

Bəlkə də bu səbəbdən qaynaqlanır mənim insan barədə üçləmə tanıtımım: kimi anadan olmuş, kimi doğulmuş, kimi dünyaya gəlmiş. Bu sözlərin və ya söz birləşmələrinin antonimlərini də özlüyündən təsbit etmək daha asan olur. Anadan olmaq- vəfat etmək, doğulmaq -ölmək, dünyaya gəlmək- dünyasını dəyişmək. Bu halda insanı tanımaq, oxumaq, öyrənmək su içmək kimi asan olur.

Dünyaya gəlişin fərqli yolları olsa da, hökmən dünyaya gəlmənin bir yol göstərən kitab üzərindən açılışı olduğunu düşünürəm. Ömür boyu hər dəfə bir arzunun gerçəkləşməsi, bir iradə bəyanından başqa həm də dünyaya yenidən gəlişdir sanki.

FAZİL MUSTAFA KİTAB ODASI. Adını belə düşündüm. Girişdə də bu cür yazılacaq. Oda yalnız məkan kimi qavranılmır. Burada həm də insanı kədər üzərindən düşündürən şeir, nəğmə mənası yerləşir. Kədər isə az oxumaqla, az bilməklə, cahilliklə bağlı bir duyğudur. Bu odada bəlkə də uşaqlıq arzularıma uyğun bir kitab məkanı qura bilmişəm. Birbaşa zövqümə uyğun. Evimin üst qatında. Demək ki, yaşamımın, başımın üstünə kitabı qaldırmışam. Və dünyaya yenidən bu obrazda gəlmişəm. Demək ki, aylar, illər boşuna getməyib. Bilirəm, bu hələ mükəmməl bir kitab odası deyil və bundan sonrasını daha da təkmilləşdirməliyəm. Bir sıra çəkilişləri, özəlliklə də elmi-nəzəri müzakirələri bu odada aparmaq daha anlamlı olardı. Hər bir halda miras qoymaq istədiyim bir nemətdən bəhs edirəm. Burada fərqli düşüncədən və ixtisasdan olan insanı maraqlandıracaq hər cür dəyərli kitab var. Böyük əksəriyyəti Anadolu və Azərbaycan türkcəsində, rus dilində, qismən də ingilis dilində ədəbiyyatlardır. XIX əsrdən başlamış XXI əsrə qədər hər dövrün bir sıra şedevrlərini burada görmək mümkündür. Ensiklopedik ağırlığına daha çox diqqət yetirilib. Bununla belə, oxuya bildiklərim oxumadıqlarımdan çox-çox azdır. Demək ki, kitab oxuma hırsını bundan sonra daha da artırmalıyam.

Biz dünyadan getməzdən öncə mütləq dünyaya adam kimi gəlməliyik. Həm də kitabla gəlməliyik. İnananlar üçün yol göstərən hər hansı bir kitabla. Bu, müsəlman üçün Quran da ola bilər, xristian üçün İncil də, yəhudi üçün Tövrat da, atəşpərəst üçün Avesta, Türk üçün Dədə Qorqud da, marksist üçün Kapital da ola bilər. Anladığım budur ki, Yaradan anadan olanlara, doğulana kitabsız yaşamaq haqqını tanıyıb. Ancaq dünyaya gələnlərdən dünyadan gedəndə kitabın sorğu-sualını mütləq edəcəklər.

Kitabsız olmayaq!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv