07 Aprel 2021 | Ana Səhifə - Yazılar
Uğrunda vuruşduğu sevgi...

Elçin Alıoğlu

"Çoxları inanmırdı ki, bacararlar.

Çoxları deyirdilər ki, edə bilməzlər, qətiyyət və iradələri çatmaz.

Amma o çoxları bilmirdilər ki, illərin ağrısı qətiyyətə, dərdi ifrat cəsarətə, nisgili əngəllənməyəcək hirsə, acı qüssəsi isə qələbə yanğısına çevrilib.

O çoxlar anlamırdılar ki, vaxt çatanda, vədə qəlbin qapısını döyəndə nəbz qınından çıxan qılıncın səsinə həmahəng vurur.

Ağacın altında oturmuşdu döyüşçü. Damarlarındakı qan belə, yorulmuşdu döyüşdən.

Amma o, yorulmamışdı qələbəyə gedən yolda.

Çünki bilirdi ki, əsl döyüşçü üçün ən böyük təhlükə önünə çox böyük məqsədlər qoyub onlara çatmamaqda yox, kiçik məqsədlə yaşayıb arzuya çatmaqdadır.

Yorulmamışdı.

Çünki bilirdi ki, ağacın altında oturmaq, gövdəyə söykənərək düşmənin nəbzini albalı çiçəyinin səssizliyi təki sükuta çevirmək, sağ olduğunu, Günəşin işığında qaldığını və yeni günü qarşılayacağını dərk etmək ən böyük bəxtəvərlikdir.

Döyüşçü ağacın altında, ağac Günəşin nurunun altında idi.

Döyüşçü bilirdi ki, həyat yolunun son addımını atacaq vədə yetişəndə dəyər və önəm kəsb edəcək yeganə məqam verdiyi, aldığı sevgi olacaq.

O sevginin çox təzahürləri olsa da, siqləti əzm, cəsarət, dəyərli və qiymətli bildiyi hər şey üçün gözlərindəki son işartıyadək məğlub olmamaq, yorulmamaq, yaşatmaq istədikləri üçün yaşamaq, yaşamaq üçünsə onun yaşamasını istəməyənlərlə döyüşməkdi.

Əbədi aləmə səyahətə çıxanda özü ilə aparacağı yeganə nəsnənin sevgi olduğunu bilirdi döyüşçü.

O səyahətə çıxanda bu dünyada qoyub gedəcəyi yeganə nəsnəin də məhz sevgi olduğunu dərk edirdi.

Sevgi - itirməmək istəyidir.

Sevgi - onsuz qalanda boğulmaqdır, ruhunu boğub öldürməkdir, əyilmiş bellər qarşısında belini əyməkdir və bütün bunların olmaması üçün sevgini qorumağın özü sevgidir.

Döyüşçü bilirdi ki, oturduğu torpaqdır sevgi.

Döyüşçü həyatında çox insan görmüşdü ki, həyatlarında çox məşəqqətlərdən keçsələr də, bəxtəvərdilər.

Amma o, həyatı sevgi olmadan rahat yaşayan insan görməmişdi.

Ağacın altında oturub ağaca söykənmiş döyüşçü bilirdi ki, sevgi nədir.

Sevgi onun indi gördüyü, illər sonra qovuşduğu, itirmək istəmədiyi və ətrafında gördüyü məkandı.

O bilirdi ki, sabah olacaq.

O sabahda da məkan olacaq.

Uğrunda vuruşduğu sevgi..." ("Tayra no Masakado haqqında rəvayət", Heyke Monoqatari)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv