Modern.az

Prezident İlham Əliyev: "Azərbaycan öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaq"

Prezident İlham Əliyev: "Azərbaycan öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaq"

16 Oktyabr 2009, 17:47

Oktyabrın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Prezident İlham Əliyev deyib ki, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Bu il dünyada maliyyə böhranının, ölkələrin əksəriyyətində iqtisadi tənəzzülün yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatında müsbət meyillər müşahidə olunmaqda davam edir. “Biz iqtisadi siyasətimizi apararkən daxili resurslarımıza əsaslanırıq” - deyən dövlət başçısı bildirib ki, belə olan halda Azərbaycan iqtisadiyyatı istənilən vəziyyətdən çıxa bilər.
Bu ilin 9 ayında ölkədə ümumi daxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz artıb. İlin 9 ayında kənd təsərrüfatında da 3 faiz artım qeydə alınıb. Bu il ilk dəfə Azərbaycanda rekord səviyyədə - 3 milyon ton taxıl istehsal edilib. Bu isə aqrar sahədə həyata keçirilən kompleks tədbirlər nəticəsində mümkün olub. Cari ilin 9 ayında ölkədə makroiqtisadi vəziyyət sabit olub, inflyasiya 2,1 faiz təşkil edib. Bu da onu göstərir ki, dünyada hökm sürən maliyyə böhranının Azərbaycan vətəndaşlarının həyatına təsiri minimum səviyyədə olub, manat öz sabitliyini qoruyub. Doqquz ayda əhalinin pul gəlirləri təxminən 10 faiz, orta aylıq əmək haqqı 15 faiz artıb. İndi Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollardır. Hazırda 50 min ailə ünvanlı sosial yardım alır və bu proqram ümumilikdə 700 min insanı əhatə edir.
“Biz tam əminik ki, yürütdüyümüz siyasət Azərbaycan xalqının mənafeyinə xidmət edir” - deyən Prezident İlham Əliyev bunun ən gözəl örnəyinin bu ilin 9 ayının yekunlarında da əks olunduğunu bildirib. Dövlət başçısı Azərbaycanda neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldildiyini diqqətə çatdıraraq bildirib ki, görülən tədbirlər sayəsində ölkədə yoxsulluğun səviyyəsi aşağı düşüb. 2003-cü ildən bəri Azərbaycanda 824 min yeni iş yeri açılıb. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu regionda ən güclüdür və ən böyük hərbi potensiala malikdir. Çünki ölkəmiz müharibə şəraitində yaşayır, Dağlıq Qarabağ münaqişəsi hələ ki, həll olunmayıb, bunun yeganə səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. İndi Ermənistan danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir. Azərbaycan isə öz prinsipial mövqeyindən geri çəkilmək fikrində deyildir.
“Bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırıb” - deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bölgədə və dünyada artan rolu Ermənistanı təcrid vəziyyətindən çıxmağa heç vaxt imkan verməyəcək. Bu vəziyyətin yaranmasının əsl günahkarı Ermənistan rəhbərliyinin özüdür. Azərbaycan isə öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaq. Çünki bu mübarizə haqq-ədalət mübarizəsidir.
Dövlət başçısı deyib ki, bölgədə status-kvo ölkəmizin xeyrinə dəyişməlidir, əks halda Azərbaycan vəziyyətlə barışmayacaq. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə heç bir təşəbbüs reallaşa bilməz.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Misir Mərdanov, nəqliyyat naziri Ziya Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev bu ilin 9 ayında ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə məruzə edib.
Prezident İlham Əliyev yekun nitqində bildirib ki, ilin sonuna az qalmasına baxmayaraq, iqtisadi inkişaf tempi saxlanılıb. 2003-2008-ci illərdəki iqtisadi inkişafın gələcək üçün gözəl zəmin yaratdığını deyən dövlət başçısı əmin olduğunu bildirib ki, uğurlu iqtisadi göstəricilər 2010-cu ildə də davamlı xarakterini saxlayacaq.
“Belə olmasaydı, Dünya Bankı Azərbaycanı 2008-ci ildə ən islahatçı ölkə kimi tanımazdı” - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumu ölkəmizi rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci, MDB-də 1-ci ölkə elan edib.
Prezident İlham Əliyev qeyd edib ki, gələn ilin dövlət büdcəsi balanslaşdırılmış səviyyədə tərtib olunub, neftin 1 barrelinin qiyməti büdcədə 45 dollar müəyyən edilib.
Dövlət başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin başa çatdırılması, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin sürətləndirilməsi barədə tapşırıqlarını verib. O, bildirib ki, indi Azərbaycan özünü enerji ilə tam təchiz etməklə bərabər artıq digər ölkələrə də elektrik enerjisi ixrac edir. Gələn ilin əvvəlindən isə alternativ enerji mənbələrinin yaradılması diqqətdə saxlanılacaq.
“Gələn il ekoloji tədbirlər də gücləndiriləcək” - deyən Prezident İlham Əliyev 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi təşəbbüsü ilə çıxış edib. “Qaz təsərrüfatında müasir standartlar tətbiq olunmalı, qaz anbarlarında yenidənqurma işləri aparılmalıdır” - deyən dövlətimizin başçısı gələcəkdə Azərbaycan qazının enerji təhlükəsizliyi məsələlərində daha mühüm rol oynayacağını, bölgə ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacının olduğunu bildirib. O, qeyd edib ki, Türkiyə ilə qaz sahəsində tranzit məsələlərinin hələ də həll edilməməsi Azərbaycan qazının Avropaya tam gücü ilə nəqlinə mane olur. Gələn ildən Azərbaycan qazı Rusiyaya ixrac ediləcək və perspektivdə İrana da qaz ixracı həyata keçirilə bilər.
Dövlət başçısı 9 ayın yekunlarından razı qaldığını və xalqın milli maraqlarının təmin olunması üçün işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir