13 May 2021 | Ana Səhifə - Yazılar
Prezidentin kiçik, amma mənası böyük ifadəsi...

Vasif İsmayıl

Axır vaxtlar heç nə yazmaq istəmirəm. Hadisələr çoxdur, elə reaksiyalar da…mənə söz qalmır.


Sizə Cəfər Cabbarlının sözlərini xatırlatmaq istəyirəm.


Biz, bu coğrafiyada ölkə qurmuş insanlarıq. Dünən Cıdır düzündə Azərbaycanda yaşayan xalqların sənət nümunələri nümayiş edildi - əla hadisədir. Doğrudur, biz də getmək istəyirdik, səhnənin qarşısında bəlkə yüzminlər toplaşa bilərdi, amma demək ki, nə isə bir səbəb var… Olsun!


Amma ölkə başçısı nitqində kiçik, amma mənası böyük bir ifadə işlətdi: “azsaylı xalqlar” deyil, “Azərbaycan xalqları” ifadəsini deyirəm.


Azərbaycanda “azsaylı” məntiqi olmamalıdır. “Xalq” məntiqi olmalıdır. Bir kənd, bir rayon, üç vaqon və ya iki bölgə məntiqindən asılı olmayaraq. Kim nə qədər varsa, “azsaylı” deyil, elə xalqdır. Bizim xalqımızdır!


Dünənki konsertdən maraqlı mənzərə Azərbaycan yəhudilərini təmsilən “cuhuro” mədəniyyətinin deyil (faktiki tat mədəniyyəti), aşkenaz yəhudilərinin rəqsi oynadılması oldu. Yəqin bunun nə isə mənası var…etiraz etmirəm.


Cəfər Cabbarlı isə nə yazırdı?


Şiş ucları buludlarla döyüşən,

Dağlarında buzları var ölkəmin.

Göy otlardan ipək paltar geyinən

Tarlaları, düzləri var ölkəmin.

Verimli torpağı, geniş çölləri,

Çalışqan ərləri, igid elləri,

Böyük dənizlər, dəmir yolları,

Keçidləri, rizləri var ölkəmin.

Göllərində ördəkləri üzərlər,

Çöllərində maralları gəzərlər,

Güllərindən gəlinlər tac bəzərlər,

Ceyran gözlü qızları var ölkəmin.

Coşğun Xəzər oynar ayaqlarında,

İşıq saçan nefti torpaqlarında,

Tarixlərin qızıl yarpaqlarında

Dadlı-dadlı sözləri var ölkəmin.


Sadə sözlərdir, amma güclü və təmizdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv