28 May 2021 | Ana Səhifə - Yazılar
Daha bir sirrimdən vaqif etdim sizləri...
Elçin Alıoğlu

"Hava gözəldir..."

Bu kəlmələri tez-tez yazıram.

İroniya ilə qarşılayanlar da var, lağ edənlər də. Bəndənizi ura-patriotizmdə, hakimiyyətə işləməkdə, "malalamaq"da və ilaxırda da suçlayırlar.

Zərrə qədər inciməm.

Tanrı o dostların hər birinə yar ola.

Dəfələrlə yazmışam: hər şeyə rəğmən, xüsusilə də son olayları və Fransa rəhbərliyinin idiotik, sarsaq bəyanatlarını nəzərə alsaq belə, Parisi çox sevirəm.

Doğmadır o şəhər mənə. Bakı qədər.

De-yure Paris sakini də sayılıram, bunu da demişəm və yazmışam.

Fəqət ki, Parisdən yox, "hava gözəldir" ifadəsindən bəhs etmək istəyirəm.

... İkinci Dünya Savaşı illərində Fransada namus və qeyrəti olanlar, qəlbi Vətən sevgisi ilə döyünənlər Müqavimət Hərəkatına (Résistance) qoşulmuşdular, nasistlərə və yerli xəyanətkarlara divan tuturdular.

Hərəkatın ən effektiv təşkilatlarından biri də "Combat" ("Mübarizə") idi. Anri Freneyin rəhbərlik etdiyi bu qruplaşmanın rəhbərliyində Jorj-Oqüsten Bido, Fransua de Menton kimi möhtəşəm insanlar vardı.

"Komba" kimi tanınan bu qrupun üzvləri uğurlu əməliyyatlar gerçəkləşdirirdilər. Həmin əməliyyatlar barədə isə A.Freneyin göstərişi ilə Müqavimət Hərəkatının digər təşkilatlarına və üzvlərinə “Hava haqqında” şifrələnmiş cümlə vasitəsilə xəbər verilirdi.

Məsələn, əməliyyat Marseldə həyat keçirilmişdisə, cümlə belə olurdu: "Ce serait une douce journée à Marcel".

Bəsitləşdirsəm, "Marselin gözəl havası var" kimi.

İllər və qərinələr sonra məşhur fransız bəstəkar, marselli Frank Pursel "Comba"da olduğu illərin xatirəsinə "Manchester et Liverpool" əsərini bəstələdi.

Yenə illər keçdi, bu mahnı sabiq Sovetlər Birliyində çox məşhurlaşdı.

Az qala hər kəs eşidirdi bu əsəri - hər gün.

Çünki "Vremya" proqramında hava proqnozu zamanı səslənirdi.

Daha bir sirrimdən vaqif etdim sizləri.

Var olun...
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?