03 İyun 2021 | Ana Səhifə - Yazılar
“Kibrit” Kitab Kafesindəki yanğında hamımızın əli var…

Fazil Mustafa

"Kibrit" adı ilə tanınan "Book kafe"nin yanması xəbərinə çox üzüldüm. Kitab yandırmaqdan həzz alanların çoxluqda olduğu bir məmləkətdə ən böyük vəzifə kitabı yanğından qorumaq olmalı idi. Diqqət edirsinizsə, bir yazıçı, düşüncə adamı cəmiyyətin standartlarına tərs gələn hansısa bir fikri söylədiyində, hansısa bir cümləsi kütlənin xoşuna gəlmədiyində çağırışların içində ən aktualı bilirsiniz nə olur? "Gəlin kitablarını yandıraq!" çağırışları dərhal işə düşür. Dünyanın hər yerində belədir, bizdə də bu virus hələ ki, canlıdır. Sadəcə bəxtimiz gətirib ki, cəmiyyətin gələcəyi üçün faydalı olan fikirləri dilə gətirənlərin əksəriyyəti XIX və XX əsrlərdə ölüb gediblər, XXI əsrdə isə bu ağır yükün altına girəcək yazar, düşüncə adamı defisiti açıq-aşkar özünü göstərir. Yəni bəxtimiz gətirib ki, yandırmağa kitabımız da yox səviyyəsindədir. Söhbət bir-iki yazarın beş-on atmaca cümləsindən getmir, fundamental və sistemli şəkildə xalqımızın, millətimizin dəyər olaraq gördüyü yaramazlıqlarla mübarizədən gedir. Hamı ən asan yolu tapıb. Birisi üçün bəlalarımızın mənbəyi iqtidardır, digəri üçün də müxalifətdir. Halbuki ən milli iqtidar da, ən milli müxalifət də həmişə bu cəmiyyətin boyunda görünəcəkdir. Mirzə Fəthəli kimi, Mirzə Cəlil kimi, Ağaoğlu kimi dinimizin, kimliyimizin, tariximizin, mental yarımçıqlığı içində problemlərin mənbəyini aramağa risq edən düşüncə adamları yox ortada. Çünki böyük bir cahil kütləsinin bir qisminin əlində kitab yandırmağa kibrit, digərlərinin isə əlində baş yarmağa daş yığılıb. Kibrit və daşın qorxusundan başı işlətməyi deyil, gizlətməyi milli vəzifə olaraq görən diplomlular zümrəsinin aydınlığı yalnız aldığı fəxri adların və titulların sıralamasında müəyyənləşə bilir.


"Book Kafe" yananda nədənsə təxribat versiyası ağlıma gəlmədi. Maraqlıdır ki, kitab təbliği üçün bəlkə də xeyirxah iş görməyi düşünənlər kafenin adını "Kibrit" qoymaqla hətta əlinə daş yığmış dəlinin də yadına kibriti salmışlar. Necə deyərlər, kitab yandırmaq ruhunu daşıyanların dualarının müstəcəb olması üçün özləri ad seçmişlər, özləri yol göstərmişlər. Kibrit əvvəl axır yanacaq, ancaq özü ilə məhz kitabı yandırırsa, demək ki, kitabı olduğu kimi, kibriti də təyinatı üzrə işlətməyə hazır deyilik.


Quranla bağlı "Müqəddəs Kitab" tanıtımı bəlkə də bizim leksikonda başqalarından daha çox yer alır. Biz Qurana da əl basaraq kimisə sözümüzə inandırmağa çalışırıq. Müqəddəsliyə ruhunu deyil, əlini soxan cəmiyyətlər həmişə kitabla kibriti yan-yana qoyacaqlar. Quranın müqəddəsliyini də yaşamımızda deyil, üstünə basdığımız çirkli əlimizdə yaşadırıq əsrlərdir. Bizlər "Kitab-i Müqəddəs"i mənimsəməsək də Kitabın Müqəddəsliyini çoxdan, lap çoxdan yandırmışıq.


"Kibrit" Kitab Kafesində yanğını görəsən kim törədib? Deyəsən hamımızın əli var bu işdə.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?