Modern.az

Əkrəm Abdullayev: “Azərbaycanın itirilməsi Türkiyə üçün Cənubi Qafqazın itirilməsi deməkdir”

Əkrəm Abdullayev: “Azərbaycanın itirilməsi Türkiyə üçün Cənubi Qafqazın itirilməsi deməkdir”

20 Oktyabr 2009, 10:38

Türkiyə səfərindən qayıdan millət vəkili Əkrəm Abdullayev Modern.az-a Ankara təəssüratlarını danışır

- Əkrəm müəllim, Türkiyədən qayıdan deputatlar müxtəlif  açıqlamalar verirlər. Sizin fikirləriniz necədir?

- Ümumən görüşlərin nəticəsi müsbət oldu. Bilirsiniz ki, biz Türkiyənin vəzifəcə yüksək şəxsləri ilə görüşlər keçirdik. Birmənali olaraq görüşdüyümüz şəxslər Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılmasının əleyhinədirlər. Xüsusilə, baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşümüzdən danışmaq istərdim. Bir neçə ay əvvəl o, Bakıya səfəri zamanı Azərbaycan parlamentində çıxış etmişdi. Protokolların imzalanması o demək deyil ki, səhəri gün sərhədlər açılacaq . Parlamentdə bu protokol müzakirə olunacaq. Baş nazir səviyyəsində bizə bildirildi ki, Ermənistan və Rusiyaya bəyan edilib ki, bu protokolların gerçəkləşməsi yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər. Söhbət Dağlıq Qarabağdan kənarda olan 7 rayonun işğaldan azad edilməsindən gedir. Türkiyədə də bunu bizə bildirdilər ki, birinci mərhələdə  həmin rayonların boşaldılması və əhalinin o ərazilərə köçürülməsi vacibdir. Sonra həm sərhədlərin açilması, həm də Ermənistanla diplomatik, iqtisadi münasibətlərin qurulması ilə bağlı məsələlər müzakirə oluna bilər.

- Ermənistan bunula razılaşıbmı?

- Bunu demək olmaz, çünki protokolların imzalanmasından bir gün əvvəl prezidentlərin Kişinyov görüşü oldu. Ermənistan prezidenti Sarkisyan konstruktiv mövqe tutdu və danışıqlarda elə bir irəliləyiş baş vermədi. Protokol oktyabrın 10-da imzalandı, ondan sonra Sarkisyan müsahibə verdi və bildirdi ki, sənədin Dağlıq Qarabağ ətrafında olan rayonlara aidiyyatı yoxdur. Ona görə də demək olmaz ki, Ermənistan bununla razılaşıb. Analitiklərin fikrincə, Kişinyov görüşündə, Medvedyev bir neçə dəfə Sarkisyana təzyiq edib. Rusiya Azərbaycanin ərazi bütovlüyünü tanıyır və istəyir ki, problem həll olunsun Amma pərdə arxasında  olan işlər çətin məsələdir.

- Maraqlı bir məqam, Azərbaycanda həm PKK, həm də qondarma erməni soyqırımı iç məsələ kimi qəbul olunur. Türkiyədə necə, Qarabağa öz problermləri kimi yanaşırlarmı?

- Bir müddət öncə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk iclası, Naxçıvanda bu ölkələrin dövlət başçılarının sammiti oldu. Bunlar bütün türk dövlətlərinin bir-biri ilə əlaqə qurması üçündür. Qarabağ problemi tək Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının problemidir. Heç bir türk dövləti, həmçinin də Türkiyə istəməz ki, Azərbaycanı itirsin. Azərbaycanın itirilməsi bütövlükdə Türkiyənin Cənubi Qafqazı itirməsi deməkdir. Bir məsələni də deyim, ATƏT də, başqa dövlətlər də bu prosesdə heç bir irəliləyişlərə nail ola bilməyiblər. Türkiyə irəliləyişə nail olmaq üçün vasitəçi misiyasın həyata keçirir. Bu çox alqışlanası prosesdir. Biz orada qeyd etdik ki, bu, tarixi bir şansdır ki, Türkiyə də bundan istifadə edib. Təki Azərbaycanın maraqlarına toxunmadan bu problemin həll olunmasına yardım etsin.

- Bu məsələdən istifadə edib Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışanlar da var.  Onlar buna nail ola bilirlərmi?

- Bu ərəfədə emosiyaya qapılmaq olmaz. Yetmiş il Türkiyədən aralıda yaşamışıq. Amma bu gün müttəfiq, qardaş bir ölkəyik, deməli qanımız, canımız birdir. Ona görə də imkan vermək olmaz ki, hansısa qüvvələr münasibətlərin pozulmasına rəvac versinlər. Hesab edirəm ki, hazırda həm Azərbaycanda, həm də Türkiyədə bu münasibətləri pozmağa çalışan qüvvələr var. Mətbuatda bəzən yanlış informasiyalar gedir ki, bu da əleyhimizə işləyənlərin fəaliyyətinin tərkib hissəsidir. 

- Sizinlə birlikdə səfərdə olan Fəzail Agamalı bildirib ki, Türkiyədə sizə yalan danışılıb...

- Bununla mətbuatda tanış oldum və bu fikirlə razılaşmıram. Bizə bir fikir söyləyib sabahı bunun əksinə bir iş görülsəydi, buna yalan demək olardı. Düşünmürəm ki, kimsə bizə yalan danışıb.

- Türkiyə cəmiyyətinin bu məsələ ilə bağlı fikri ilə tanış oldunuzmu?

- Cəmiyyət birmənalı olaraq Azərbaycana dost ölkə kimi baxır. Azərbaycanı sevir, bizdə də Türkiyəyə eyni münasibət var. Ona görə də xalqlar arasında hansısa problemin olacağı inanılmazdır. Bir daha qeyd edim ki, səbrli olmalıyıq, hər şeyə tez cavab vermək olmaz. Tələsik addım yanlışlığa gətirər ki, bu da problemlər yaşadar.

- On bir deputat Türkiyəyə nə aparmışdı, nə gətirdi?

- Heç nə aparmamışdıq, heç nə də gətirmədik. Ümidlə getmişdik, eyni əhval-ruhiyyə ilə də geri döndük. 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi