16 İyun 2021 | Ana Səhifə - Yazılar
Tarixi və siyasi çəkisi ağır olan sənəd - Şuşa Bəyannaməsi

Elman Babayev

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının qədim YURD yeri olan Şuşa şəhərində görüşü zamanı imzalanan Bəyannamə iki qardaş ölkə arasında gələcək əlaqələrin yol xəritəsi kimi mühüm əhəmiyyətə malikdir.


Şuşa Bəyannaməsi ayrılmaz tellərlə bir-birinə bağlı olan iki Türk dövlətinin gələcək nəsilləri üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən hüquqi çəkisi olan sənəddir. Bu Bəyannamə təkcə imzalanma şəraitinə görə deyil, əhatə dairəsinə, ayrı-ayrı istiqamətlərinə görə 100 il bundan öncə rəsmiləşən Qars müqaviləsindən də önəmlidir.


Bəyannamənin ilk cümləsində 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqlik əks olunub. Bu o deməkdir ki, fərqli durumda və şəraitdə imzalanan Qars müqaviləsi indi iki müstəqil Türk dövləti arasında imzalanan yeni sənədlə bir daha hüquqi qüvvəyə minir.


Şuşada imzalanan sənədin ən çox maraq kəsb edən hissəsi məhz Azərbaycan və Türkiyə sahəsində hərbi sahədə əməkdaşlıq məsələsi idi. Yəni açıq desək, düşmənin öz havadarlarının dəstəyi ilə 30 ilə yaxındır işğalda saxladığı Qarabağın azadlığa qovuşmasından sonra Türkiyənin yeni dönəmdə hərbi-siyasi nöqteyi-nəzərdən hansı mövqedə dayanacağı, əldə olunan Qələbənin yaratdığı yeni reallıqda ən yaxın müttəfiqinə mənəvi dəstəyini hansı mərhələyə daşıyacağı böyük maraq kəsb edirdi. Birmənalı vurğulamaq mümkündür ki, Bəyannamə bu mənada bütün gözləntiləri özündə əks etdirir. Bu tarixi sənədlə Qarabağ, onun qədim şəhəri olan Şuşa, bütövlükdə Azərbaycanın ərazü bütövlüyü iki qardaş ölkə rəhbərinin imzasi ilə TÜRK ÇƏTİRİNİN altına alınıb. “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”,-deyə Bəyannamədə vurğulanır. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır. Sənədə uyğun olaraq, Türkiyənin Qarabağdakı hərbi varlığı davam edəcək: “Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar”.


Tarixi Bəyannamədə Azərbaycanla Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığına diqqət çəkilib və əlaqələrin daha da inkişafı vurğulanıb. Eyni zamanda, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlığın üçüncü dövlətlərə qarşı yönəlmədiyi yer alıb.


Bəyannamədə əksini tapan digər vacib məqam Zəngəzur dəhlizi ilə bağlıdır: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”. Bununla NATO ölkəsi olan Türkiyə Zəngəzur dəhlizinin bir an öncə açılmasına dəstəyini bir daha ifadə edib.


Bütövlükdə Bəyannamə iki güclü, müstəqil Türk dövləti arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasını hədəfləməklə, onların xalqlarının maraq və mənafelərinə cavab verir. Çox geniş - siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarını birləşdirən Azərbaycanla Türkiyə qarşıdakı dönəmdə bütün bu istiqmətlər üzrə hansı fəaliyyət ortaya qoyacağını bəlirləyən aydın təsəvvür formalaşıb. Yəni Şuşada imzalanan Bəyannamə təkcə hərbi-siyasi baxımdan önəm kəsb etmir.


Hər iki ölkə üçün 50 il, 100 il bundan sonra hakimiyyətdə kimin təmsilçiliyindən asılı olmayaraq, artıq bəlli yol xəritəsi var. Və bu gün 100 il bundan öncə imzalanan Qars müqaviləsi hansı taleni yaşayırsa, bu Bəyannamə də eyni taleni yaşayacaq, imzalanan sənədə sadiqlik davamlı olacaq!


Sənədlə Azərbaycan və Türkiyə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirən iki ölkə müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirəcək.


Bəyannamədə əksini tapan digər önəmli məqamlara da ümumiləşmiş şəkildə diqqət çəkmək yetər ki, Şuşada hansı tarixin yazıldığının önəmi anlaşılsın:


- iki ölkə aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, beynəlxalq, regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcək;


- ölkələrin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional, beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək;


- iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylər davam edəcək;


- minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətlər dəstəklənəcək;


- iki ölkə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər;


- ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səyləri artırılacaq;


- regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu nəzərə alınaraq Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər;


- iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlıq möhkəmləndiriləcək;


- müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylər birləşdiriləcək;


- Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səylər gücləndiriləcək.


Bəyannamədə Azərbaycan Türkiyənin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və qardaş ölkənin terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir. Bununla yanaşı, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğu qeyd olunan Bəyannamədə bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması, bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylər qətiyyətlə dəstəklənir.


Sənəd iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirməyi, bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçirməyi, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılmasını da özündə ehtiva edir.


Bununla yanaşı, lazımi dövlət dəstəyini təmin edərək xalqlar arasında müştərək dəyərlərə söykənən sıx əlaqələr humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdiriləcək.


Göründüyü kimi, Şuşa Bəyannaməsi iki qardaş ölkənin bu gün və gələcək üçün əlaqələrinin hansı istiqamətlərdə yürüyəcəyini bəlirləyən tarixi və siyasi çəkisi daha ağır olan Sənəddir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin əks olunduğu Bəyannamə iki Türk xalqına haradan gəldiyimizi xatırladır və bundan sonra necə hərəkət edəcəyimizi müəyyənləşdirir.


Bəyannamə Prezident İlham Əliyevin diplomatik məharətinin daha bir uğurudur. İlham Əliyev İkinci Qarabağ savaşımızda qardaş Türkiyənin sonsuz mənəvi dəstəyini arxamıza almaqla Qələbəmizə böyük qatqı qazandırdı. Bu gün isə Qələbəmizin tanınmasına qardaş Türkiyənin rəsmi imzasını atmasına nail oldu. Bu, Rusiyadan sonra ikinci böyük ölkənin Qələbəmizin altına imza atmasıdır, əslində...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv