24 İyul 2021 | Ana Səhifə - Yazılar
Nəciməddin Sadıqovu olduğundan çox şişirtmişdilər

Fazil Mustafa

Biz adamları bir çox hallarda olduğundan artıq şişirdirik. Uzun illər Azərbaycan ordusunun baş qərargah rəisi işləmiş Nəciməddin Sadıqov da ictimai rəydə bu cür qalıb: hər şeyə qadir, böyük bir şəbəkəsi olan və bu millətə düşmənçilik edən, torpaqların ititriməsində rolu olan adam. Ancaq məsələ şişirdildiyi kimi də deyil. Yaxın qonşuların xüsusi xidmət orqanları ilə bağlılığı olan bir sıra tanınmış şəxslər var ki, qabiliyyətcə bəsit bir krossvordu belə həll edəcək qafaya sahib deyillər. Sadəcə arxasında duran şəbəkə elə bir maddi və lojistik dəstək verir ki, adam özü cəmiyyətin gözündə böyüməyə başlayır.

Xalq Cəbhəsi dövründə də bunu dəfələrlə müşahidə etmişik. Ən qorxaq adam gedib Rusiyanın hərbi bazasından guya silah, texnika oğurlayırdı və bu qabiliyyətinə görə hər kəs bir kənara durub yerini ona verirdi. Sonra da bu adamlar əhəmiyyətli postları tutub dövlətin yıpranmasını təmin edirdilər. Yəni bu günədək ordumuzdakı bu kimi ünsürlərin arxasında duran xarici şəbəkə onu hərtərəfli qoruyurdu və toxunulmaz adam imici yaranmışdı. Lakin 44 günlük savaşda bıçaq sümüyə dayandığında düşmənin içimizdəki mogikanlarından bəziləri ilə birtəhər üzülüşmək mümkün oldu.

İndi isə bu posta general Kərim Vəliyev təyin olundu. 2001-ci ildə yenidən qanunsuz olaraq döyüş bölgəsinə zabit kimi hərbi xidmətə aparılarkən göndərildiyim korpusun komandiri idi. Orduda xüsusi islahatçı keyfiyyəti ilə seçilməsə də, əsgər və zabitlərlə mədəni davranan, adı korrupsiyada hallanmayan az sayda yuxarı ranq zabitlərdən idi. Xidmətə davam etdiyim müddətdə Kərim Vəliyevi Bakıya apardılar və yerinə Qabil Məmmədovu təyin etdilər. Sonra üzərindən illər keçəndən sonra bir deputat kimi müdafiə nazirliyində normal təmas saxlayacağım səlahiyyətli şəxslərdən bəlkə də birincisi Kərim Vəliyev idi və müraciət olunan hər məsələyə xüsusi həssaslıqla yanaşdığını müşahidə edirdim. Yəni peşəkar hərbçi, mədəni insan, kommunikativ məmur kimi xarakterizə oluna bilər. Bu səbəbdən də hazırda məhz onun bu cür məsul vəzifəyə gətirilməsini məqbul sayıram. Bununla belə ordu ilə bağlı gözləntilərim fərqlidir.

Fikrimcə, ordumuzda ən ciddi problem korrupsiyadır. Bütün qeyri-peşəkarlığın, nizamnamədənkənar davranışların mənbəyi buradan başlayır. Ölkə prezidentinin ən çox diqqət ayırdığı sahənin ordu quruculuğu olduğunu sadəcə ayrılan illik büdcə vəsaitlərindəki rəqəmlərə baxmaqla anlamaq mümkündür. Doğrudur, biz 44 günlük savaşda ancaq müsbət cəhərlərə diqqət yetirdik, ancaq yetərincə neqativ hallar oldu ki, bunları qapalı auditoriyalarda hökmən müzakirə etməliydik. Çünki ordu hər birimizin canıyla, qanıyla bağlı olduğu bir qurumdur, onu sağlam təməl üzərində görmək hamımızın arzusudur. Ancaq bir savaş göstərdi ki, bu qələbə ölkə prezidentinin dəyanətli duruşu və diplomatik manevrləri, Azərbaycan əsgər, gizir və zabitlərinin rəşadəti və qardaş Türkiyənin mənəvi və başqa xarakterli dəstəyi ilə qazanıldı. İmtahandan kəsilənlər də az olmadı. Generallardan tutmuş əsgərə, texniki personala qədər. Ona görə də yeni təyin olunan Baş Qərargah rəisinin ilk addımı orduda islahatların həyata keçirilməsi ilə bağlı təkliflər olmalıdır.

Fikrimcə bir sıra əhəmiyyətli postlara müqavilə əsasında Türkiyədən təcrübəli mütəxəssislər gətirilməlidir ki, tezliklə tam şəkildə NATO standartlarına keçə bilək. Durum 5 il, hətta 1 il əvvəlki deyil. Kimsə Türkiyə personalının ordumuzda yer almasına qarşı maneçilik yarada bilməz. Bu, birinci növbədə korrupsiyaya qarşı mübarizə üçün vacibdir. Orduda təmiz, vicdanlı insanlarımız yetərincədir. lakin hamı hamı ilə bu və ya digər formada bağlı olduğundan bir-birini yola verməklə çox zaman işlərini bitmiş hesab edirlər. Qardaş ölkənin ordusunun ən böyük silahı intizam olduğundan, burada belə bir çətin problemi də həll edəcəklərinə şübhə yoxdur. Sözümün canı budur ki, rəsmi olaraq tanınan Azərbaycan ordusunu mənəvi olalaraq təm şəkildə Türk ordusuna çevirmək, həm də qısa müddətə bunu etmək həyati əhəmiyyət daşıyır. Elə bir bölgədəyik ki, hər an müharibə risqi ilə üz-üzə qala bilərik. Ordumuz saat mexanizmi kimi işləməlidir.


Təəssüf ki, bizdə ordu və təhlükəsizlik orqanları üzərində parlament nəzarəti müxanizmi yoxdur. Bu isə həmin qurumlarla konstruktiv əməkdaşlığa imkan vermir və baş verən neqativ hallar barədə deputatlar da vaxtında müzakirə apara bilmirlər. Halbuki ATƏT-ə üzv olan bütün ölkələrdə bu müxanizm sabit formada işləyir və sağlam parlament-ordu münasibətləri mövcuddur.


44 günlük savaş hər birimizdə ordumuzun, onun əsgər və zabitinin dəyərini daha dərindən anlamağa imkan verdi. Bu dəyəri uca saxlamağa cəmiyyətimizin insanlarından daha artıq ordu mənsubları səy göstərməlidirlər. Köklü islahatlar da məhz bu nüfuzun qorunmasına yönəlməlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv