Modern.az

Hayrunsanın «hay sevgisi»

Hayrunsanın «hay sevgisi»

21 Oktyabr 2009, 18:45

Və ya dünyanı bizə güldürən rəzalət

Bayraq millətin, dövlətin şərəfidir. Bayraq bir namus məsələsidir. Ona həqarət etmək, ayaqlar altına atmaq bir milləti alçaltmaq, namusuna təcavüz etməkdir. Və bunun qardaş bir dövlətin hakimiyyəti tərəfindən edilməsi qardaş namusuna xəyanətdir. Ötən həftə Bursada yaşananlar buna bir örnək oldu.

Azərbaycan bayrağına olan bu münasibət həm də AKP hakimiyyətinin ermənilərə sevgisinin bir göstəricisidir. Ona görə də, bu gün adının önündə «hay» sözünü daşıyan Türkiyənin birinci xanımı HAYrunsa Gülün Ankaradan Bursaya hayların lideri Sərkisyan üçün xörək bişirib gətirməsi xəbərinə təəccüblənmirəm. 

Yəqin ki, Sərkisyan üçün büllur qaşlarla bəzədilmiş 10 min dollarlıq kürsü hazırlatdııran, fıstıq ağacının közündə quzu kababı bişirdən, arvadına aş dəmlətdirən Abdullah Güldən olsa HAYrunsa xanımın da əziz qonağının qarşısında türk qızlarına qoşularaq «Sarı gəlin»ə süzməsinə «əvət» deyərdi ki, təki Sərkisyan ondan razı qalsın. Sadəcə, buna protokol icazə vermirdi.

Bu gün təriqətçi AKP hakimiyyəti əslində Atatürkün qurduğu cümhuriyyətə, türk millətinə həqarət edir. «Ergenekon» adı altında türk millətçilərini, bu dövlət üçün hizmət etmiş generalları, hərbiçiləri  həbsə atıb onlara terrorçu damğası vurmaq,  PKK terrorçularına isə «kürd açılımı» deyə qucaq açmaq AKP-nin türk millətçiliyinə düşmənçiliyi ilə əlaqədardır. Buna heç şübhəm yoxdur. 

«Ergenekon» adı altında türk millətçilərinin həbsinə nail olmuş Avropa Birliyi isə «erməni açılımı»nı da reallaşdırdıqdan sonra indi də Türkiyəni bu quruma üzv qəbul olmaq üçün «Atatürkü qoruma» qanununu ləğv etməyə çağırır.  İnanıram ki, məhz «Azərbaycanın qəmi qəmimiz,  sevinci sevincimizdir» deyən Mustafa Kamal Atatürkün adını daşıyan stadiona FİFA-nın adı ilə Azərbaycan bayrağını keçirməyə yasaq qoyan,  Azərbaycan bayrağını zibil yeşiyinə atan, onu ayaqlar altında tapdalayan AKP iqtidarı sabah «Atatürkü qoruma» qanununu da öz parlamentində ləğv etdirməyə cəhd edəcək. Çünki onlar türk millətini yox, bir qrup təriqətçini, ürəyində erməni sevgisi olan kəsləri təmsil edir. Heç şübhəsiz 1915-ci il hadisələrindən sonra Osmanlı ərazisində adlarını, soyadlarını türkləşdirən hayların nəvə-nəticələri bu gün Türkiyə iqtidarına yol açmamış deyillər. Türkiyədə erməni lobbisinin açıq-aşkar fəaliyyəti də heç kimə sirr deyil.

Azərbaycan bayraqlarının məlum futbol matçına buraxılmaması qərarını FİFA-nın adına çıxan AKP-çilər bütün dünyada özülərini alçaltmış oldular. Odur ki, indi dünyanın hər yerində «türk rəzaləti»ndən danışılır. Vaxtilə Ankaradan Qarabağdakı erməni işğalı və vəhşiliyini dünyaya çatdırmaq üçün Azərbaycan diasporu ilə birgə hərəkət etmə tapşırığı alan Türk diasporu indi azərbaycanlı qardaşlarının üzünə necə baxsınlar? İndi təsəvvür edin ki, Ankara Türk diasporuna yeni bir tapşırıq verir - ermənilərlə dostlaşın. Görəsən onda ərazisinin 15-i işğal altında olan türk dövlətinə -  Azərbaycana qarşı bu xəyanəti, bu rəzaləti görən digər millətlər bizə rişxənd edib gülməyəcəklər? Türk və Azərbaycan diasporunu ələ salmayacaqlar?

AKP hökuməti hər iki dövlətin vətəndaşlarını çıxılmaz vəziyyətə salıb. Axı biz öz bayrağımızın bir millət, iki dövlət dediyimiz, dostumuz-qardaşımız, canımız-ciyərimiz olan Türkiyədə təhqir olunmasına necə reaksiya verək?  Əgər Bakıdakı Türk Şəhidliyindən bayraqları endiririksə, bu heç də yaxşı hal deyil. O şəhidlər Baıkının, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin daşanaklardan təmizlənməsi uğrunda canlarından keçiblər. Heç kimə sirr deyil ki, əgər Nuru Paşanın komandanlıq etdiyi Türk ordusu Azərbaycana köməyə gəlməsəydi bu gün Bakı da Dərbənd kimi Rusiyanın tərkibindəydi. Bu səbəbdən Türk Şəhidliyini qorumaq, orada Türk bayrağını dalğalandırmaq bizim mənəvi, əxlaqi borcumuzdur. Axı Türkiyənin bayrağını öz bayrağımız sayan, o bayrağı Azərbaycan bayrağı ilə birgə döşlərində gəzdirən, Türkiyənin hər bir uğuruna öz uğurumuz kimi sevinən, Türkiyə millisinin, futbol klublarının hər bir qələbəsi zamaını türk bayraqlarını əlinə alıb Bakının, Gəncənin küçələrində dalğalandıran Azərbaycan türkü o bayraqla başqa necə davrana bilər?  

AKP hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışını yaxşı xatırlayıram. O, sözünü «can qardaşlarım» deyə başlamışdı və bunu çıxışı boyu üç kərə təkrarlamışdı. Ərdoğan burada millət vəkillərinə «can qardaşlarım» deməklə diplomatiyanı kənara qoyub qardaş sözü vermişdi. «Burada özümü öz evimdə, öz məclisimdə danışar kimi hiss edirəm. Burada başqa bir ölkədə deyil, qardaşlarımın yanında olduğumu bilirəm. Türk və Azərbaycan xalqları arasında qardaşlıq gerçək qardaşlıqdır» demişdi Ərdoğan. «Bir bardaq suda fırtınalar qoparıldı» deyən AKP rəhbəri buna fevral ayında bir internet saytının ermənicə bölməsində Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmaq üçün Qarabağdan vaz keçməsi barədə uydurma bir xəbərin səbəb olduğunu demişdi: «Can qardaşlar, hər şeydən əvvəl demək istəyirəm ki, Türkiyənin Qarabağdan vaz keçdiyinin tələffüz edilməsi bizə iftiradır. Bu iftiranı bir daha hüzurunuzda rədd edirəm». Amma çox keçmədi və bunun heç də uydurma, iftira olmadığı aşkar olundu.

Ərdoğan «Biz heç bir zaman Azərbaycanın milli mənafeyinə xələl gətirə biləcək heç bir addım atmadıq, bundan sonra da atmayağacız. Hər kəs rahat olsun» deməklə azərbaycanlı qardaşlarının başının altına yastıq qoydu.  O, verdiyi sözə əməl etmədi, «can qardaşlarına» xəyanət etdi. Türk sözünün yazılı müqavilədən də kəsərli olduğunu nəzərə alsaq, sözündən qaçan türk deyil! Demək Ərdoğan türk deyil!

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər