Modern.az

Oğlanlar məktəbə, qızlar ərə…

Oğlanlar məktəbə, qızlar ərə…

22 Oktyabr 2009, 09:55

GÜRCÜSTANIN AZƏRBAYCANLILAR YAŞAYAN KƏNDIN MƏKTƏBINDƏN REPORTAJ

Bu günlərdə yolum Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Fermer kəndindən düşmüşdü. Jurnalist olasan, belə ucqar bir bölgəyə gəlib çıxasan, oradan yazı hazırlamayasan?... Belə fürsəti əldən verə bilməzdim. Həftə içi günlərindən birinin səhər saatları... Yeniyetmə oğlanlar və qızların bəzisi məktəbə getməyə hazırlaşır. Qalan yeniyetmə qızlar isə, bəzənib evdə oturur. Onlar isə ərə getməyə hazılaşır...

Bu kənddə adətən qızlar yeniyetmə yaşlarında ərə gedir. Bu dövrdə evlənə bilməyən, gənclik yaşına adlayan qızlar isə evdə qalmış hesab olunur.

Misal üçün, Fermer kənd məktəbinin 6-cı sinifində 26 şagird təhsil alır. Onların 20-i oğlan, 6-sı qızdı. Həmin sinfin şagirdi, 11 yaşlı Davud Əliyev birinci sinifdən bəri sinif qızlarının get-gedə azaldığını deyir: “Bizim “klass”da qızlar yaman azdı, gədələr yaman çoxdu. Ta, birinci sinifdə qızlar çox varıydı. Sonra azaldılar, gəlmədilər, ərə-zada getdilər...”.

Kaspi rayonu Kvemo-Kartli bölgəsində yerləşir. Fermer Kaspi rayonundakı 10 Azərbaycan kəndindən biridi. Bu kəndlərin hər birində, eləcə də Kvemo-Kartli bölgəsindəki (bu bölgənin böyük hissəsi  keçmiş Borçalı ərazisi olub) azərbaycanlılar məskunlaşan Marneuli, Qardabani, Bolnisi, Dumanisi rayonlarının bütün kəndlərində vəziyyət oxşardı.

Fermer kənd məktəbinin direktoru Şahəli İsmayılov kənddə vəziyyətin acınacaqlı olduğunu dedi. Direktor, qızların valideyinləri ilə şəxsən söhbət etdiyini, onları razı salmağa çalışdığını söylədi. Məktəb direktoru qız uşaqlarının konkret məqsədlə müəyyən siniflərdən sonra məktəbə buraxılmadığını dedi: “Valideynlər qızlarını əsasən 6-cı, 7-ci sinifdən sonra məktəbdən çıxarıb evdə saxlayır. Yəni, kənd əhalisi bilsin ki, filankəs qızını məktəbə buraxmır, deməli, ərə verməyə hazırlıyır. Bundan sonra da elçilər gedir həmin evlərə”. G

ürcüstanda təhsil 12 illikdir. Doqquz illik məktəblər “baza məktəbi” adlanır və ilkin təhsil verir, orta təhsil yox.

Statistika: Fermer kənd baza məktəbində 252 şagird təhsil alır. Onların 160-ı oğlan, 92-si qızdır. 2008-2009-cu tədris ilində 25 nəfər 9 illik baza məktəbini bitirib. Onlardan 10 nəfər oğlan şagird orta təhsilini davam etdirir.

Kəndin ziyalıları, Gürcüstan  Təhsil Nazirliyinin işçiləri, təhsillə bağlı Qeyri-Hökumət Təşkilatları (QHT) azərbaycanlılar məskunlaşan kəndlərdə qızların məktəblərə buraxılmaması problemi ilə bağlı işləyir. Məktəb müəllimləri ağsaqqalları, ağsaqqallar da digər əhalini oxumağın vacib olduğuna inandırmağa çalışır. QHT-lər də müxtəlif layihələrlə azərbaycanlılar yaşayan rayon və kəndlərdə “qız və məktəb” stereotipini qırmağa çalışır.

Kvemo-Kartli bölgəsindəki azərbaycanlı qızları məktəbə cəlb etmək məqsədi ilə Fermer kəndindəki məktəbdə kompüter və ingilis dili kursları açılıb. Hər şey hazır olub, bircə kursda iştirak edəcək şagirdlərdən başqa...

Həmin kurslarda trener kimi iştirak edən Ramilə Əliyeva (25 yaş) dərs deməyə qrupda qız şagird tapmayıb. Kəndin müəllimlərilə qapı-qapı düşüb qız övladı olanlardan uşaqlarını kursa göndərmələrini xahiş edib: “Əhməd əmi, Tahir əmi qızını göndərdi oxumağa, sən də göndər. Sinifdə çoxlu qız olacaq, siz də göndərin qızınızı, savadı artsın”.

Bu tip cümlələrlə evlərə giriblər. Kurs 2 qızla başlayıb, axıra doğru – 10 ay sonra sinifdə 20 qız şagird toplaşıb.

Bu tip layihələrin və kənd ziyalılarının da təsiri ilə qız uşaqlarının təhsillərini davam etdirmələrinə icazə verən ailələrin sayı artır. Artımın olduğunu QHT nümayəndələri, məktəb müəllimləri deyir. Bir oğul, iki qız atası Rəşid Əliyev övladlarının təhsilində fərq qoymayacağını deyir: “Qızlarım istəsələr instituta sənəd verər, oxuyarlar, istəyərlər verməzlər. Amma mən oxumaqlarını istəyirəm. Onları ərə vermək üçün də heç bir iş görməyəcəm. Nə vaxt, kimnən xoşları gələr, özləri seçib evlənərlər”.

Kaspi rayonunda QHT icraçısı kimi çalışmış Ramilə Əliyevanın da təhsilini davam etdirməklə bağlı problemi olub. Və onun hazırkı sosial vəziyyəti təhsillə dəyişə biləcək həyata nümunədir. Belə ki, Qardabani şəhərində doğulan milliyətcə azərbaycanlı olan Ramilə Əliyeva şəhərdəki orta məktəbi bitirdikdən sonra universitet təhsili də almaq istəyib. Anası və anasının qohumları buna xoş baxıb, ata tərəfi isə universitetdə oxumağının əleyhinə olub. Ramilə öz inadkarlığı ilə istəyinə nail olub. Tiflisdə İlya Çavçavadze adına Dövlət Universitetində magistr dərəcinə qədər təhsil alıb. Hazırda, ikinci təhsil alır. Altı ildir ki, Gürcüstan İctimai Televiziyasında müxbir kimi çalışır. Azərbaycanlılardan ibarət gənclər təşklatının sədridir.

Ramilənin 5 yaşlı qızı var. Gələn il o, məktəbə gedəcək. Ramilə qızının sonadək oxumağının tərəfdarıdır.

Hələlik isə azərbaycanlıların yaşadıqları rayon və kəndlərdə vəziyyət Davud Əliyevgilin futbol meydançasındakı kimidir: “Oğlanlar idman dərsində futbol oynayır, qızlar qıraqdan baxıb əl çalırlar...”

Fermer kəndinin məktəbi

 

Azərbaycanlı şagirdlər gürcü dilində kitabdan dərs öyrənirlər

 

11 yaşlı Davud Əliyev: "Bizim “klass”da qızlar yaman azdı, gədələr yaman çoxdu"

 

Bu balaca qız böyüyəndə ali təhsil almaq arzusundadır

 

"Biz də oxumaq istəyirik!"

 

Direktor Şahəli İsmayılov: "Valideynlər qızlarını əsasən 6-cı, 7-ci sinifdən sonra məktəbdən çıxarıb evdə saxlayırlar"

 

Bu qızların böyük arzuları var

Vüqar Baba Gürcüstan-Kaspi rayonu-Fermer kəndi

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?