05 Oktyabr 2021 | Ana Səhifə - Yazılar
Ermənipərəst İran - onu həyacanlandıran nədir?

Elman Babayev


Əslində yeni nəsə baş verməyib; həmişə ermənipərəst mövqeyi ilə seçilən, Ermənistana hər cür yardımlar edən İran bu dəfə açıq kartlarla oynamağa başlayıb.


Heç kimə sirr deyil ki, İranın Azərbaycanla xoş qonşuluq münasibətləri süni xarakter daşıyıb. Əməldə İran Ermənistana müxtəlif gizli yollarla yardım edən bir nömrəli ölkə olub və bu gün də belədir. Son 30 illik işğal dövründə İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürüdüb. Əl altından işğalçıya hər cür dəstək verib. Yeri gəlmişkən, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan da həqiqətləri gizlətməyib, Ermənistanın həm də İrana görə ötən əsrin 90-cı illərdə yaşaya bildiyini, İranın Ermənistan üçün nəfəslik olmasını vurğulayıb.


İranın Ermənistanla bir yerdə yürüməsini isbatlayan kifayət qədər faktlar var. 1990-cı illərin əvvəllərində İranın Ermənistana açıq dəstək verməsi, Şuşanın işğalında İranın birbaşa rolunun olması, işğal olunmuş ərazilərdə daşların, dəmirlərin iranlı işbazlar tərəfindən daşınıb aparılması məgər həqiqət deyilmi? 30 illik işğal dövründə İran müsəlman ölkəsi olaraq Ermənistanla açıq və gizli iqtisadi əlaqələrə malik ölkə kimi ilk yerdə dayanmayıbmı? Bu 30 il Azərbaycanın etirazları, İranın isə həyasızcasına bu əlaqələrə don geyindirməsi, gizlətməsi ilə yadda qalıb. Üstəlik, sanki Azərbaycana acıq verilirmiş kimi, Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri təkcə ikitərəfli əlaqələrin inikişafı istiqamətində görülən işlərlə yadda qalmayıb, rəsmi şəxslər bir-birlərinin ünvanlarına təriflər də yağdırıblar.


44 günlük Vətən müharibəsi zamanı da İran əsl simasını ortaya qoydu. Gah Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığını bildirdi, gah da öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaratdı. Həmin vaxt İranın silah daşımasına məhz bu ölkədəki soydaşlarımızın kəskin etirazından sonra ara verdiyi danılmaz faktdır... İran müharibə zamanı susdu. O zaman ala-yarımçıq bir mövqe ortaya qoydu, hansı ki, Azərbaycan artıq cəbhədə tam üstünlük qazanmışdı və ölkəmizin parlaq qələbə qazanacağı şübhə doğurmurdu.


İran heç vaxt müsəlman və qonşu dövlət kimi Ermənistanın insanlığa sığmayan müharibə cinayətlərinə etiraz səsini qaldırmayıb, haqqın, ədalətin yanında durmayıb. İran Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına susmamalı idi. Bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanılması, ilk növbədə İranı narahat etməli idi.


Əfsuslar ki, indi də belədir. İran daha açıq və qabarıq formada ermənipərəst siyasət yürüdür. Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Tehrana səfəri zamanı da bu aydın şəkildə göründü. Ermənistan İranın tam dəstək vədini aldı.


Bundan başqa, İranın əyalət mollalarının dili ilə Azərbaycanın ünvanına yağdırdığı hədyanları (Ərdəbilin imam-cüməsi ayətulla Seyid Amuli) daha sonra üst səviyyəyə daşındı. İranlı generallar, İran parlamentinin deputatları, ən nəhayət İranın ali dini lideri ortaya düşdü. Guya İranı dilə gətirən Azərbaycanda İsrail agentlərinin, İŞİD terrorçularının olmasıdır. Bu, Azərbaycanın Qələbəsinə kölgə salmaq, ölkəmizi aşağılamaq xəttidir. Hansı ki, müharibədən sonra həmin xətt İran tərəfindən inkişaf etdirilirdi. İranın bəzi mətbu orqanları bu istiqamətdə aldıqları sifarişi canla-başla icra edirdilər.


Hamının yaxşı xatirindədir ki, 2021-ci il fevralın 26-da Prezident İlham Əliyevin xarici jurnalistlərlə mətbuat konfransında yeganə təxribatçı sualın müəllifi iranlı jurnalist oldu. Jurnalistin 44 günlük müharibədə Azərbaycan tərəfindən suriyalı muzdluların iştirak etməsi barədə ermənilərin iddialarını təkrarlaması heç də təsadüfi deyildi. Bu həmin mətbu orqanın bağlı olduğu dairələrin sifarişi idi və Prezident tərəfindən tutarlı cavabla susduruldu.


İran tərəfi bu gün verdiyi sərsəm bəyanatların ardınca sərhədlərimizin yaxınlığında “Heybər fatehləri” təlimlərinə start verib. Bu, İranın növbəti ucuz şousu kimi yadda qalacaq- təlimlər zamanı öz texnikasını vurub sıradan çıxardan İran...


Bu gün ortada haqlı suallar var. İran son 30 ildə niyə təlimlər keçirmirdi? Bu təlimlərin məqsədi nədir və kimə qarşıdır? Müsəlman həmrəyliyi donuna bürünən İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə zamanında barmaq silkələmirdi, təlimlər keçirmirdi?


Müxtəlif ehtimallar var. Bir ehtimala görə İranın maskasını kənara qoyub açıq oynamasının səbəbi Azərbaycanın Gorus-Qafan yoluna nəzarət-buraxılış məntəqəsi qoyması və İranın Xankəndinə qanunsuz yükdaşımasına “dur” deməsi ilə bağlıdır.


İkinci ehtimal odur ki, İran bölgədə yaranan yeni reallıqla barışmaq istəmir. Türkiyə, Pakistan və Azərbaycan birgə təlimləri İranı narahat edir. Çünki İranın Türkiyə və Pakistanla mövqeləri Suriya və Əfqanıstan məsələsində kəsişir.


Başqa bir ehtimal odur ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr İranı qıcıqlandırır. İran, həmçininın Azərbaycanın İsraillə münasibətlərini həzm edə bilmir.


Bir sözlə, bu gün İranın gözündə hamı düşməndir (Qərb, Şərq, islam ölkələri, xristian ölkələri). Amma İran ayılmalıdır. Hamını düşmənə yox, dosta çevirməyi bacarmalıdır. Çağdaş dünya bunu tələb edir...


30 illik müstəqillik dövrü isbat edib ki, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib, bununla bağlı ən yüksək səviyyədə mövqe bildirilib. İrana sanksiyalar tətbiq edilən zaman Azərbaycanın tutduğu mövqe bunun ən tutarlı isbatı deyilmi?


İran onu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib. Buna cəhd göstərənlərin aldıqları cavab İran üçün nümunə olmalıdır. İran mollaları, rəsmiləri öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalı, güclü, müstəqil siyasətə malik Azərbaycanla əlaqələrin inkişafı haqda düşünsələr bu, daha çox İranın xeyrinə olar.


İran ədalətin, haqqın yanında dursa idi, indi tam başqa ab-hava mövcud idi. Hər şeyi düz danışmaq, öz adı ilə çağırmaq İranın din xadimlərinin, mollalarının da bir nömrəli vəzifəsi olmalıdır. İctimaiyyəti, dindarları çaşdıran manipulyativ iddialarla Azərbaycanın xoş rəğbətini qazanmaq mümkün deyil. Azərbaycanlılar İranın dəyişməyən, daha da açıq forma alan ermənipərəst siyasətini yaxşı görür…


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv