Modern.az

Azərbaycan gənclərinin toy düşüncələri

Azərbaycan gənclərinin toy düşüncələri

22 Oktyabr 2009, 13:34

Azərbaycan toylarının getdikcə bayağılaşması, bu mərasimlər keçirilərkən milli dəyərlərdən və mentalitetdən uzaqlaşma cəmiyyətdə birmənalı qarşılanmır. Əgər əvvəllər Azərbaycanın toy məclisləri başqa xalqların mərasimlərindən tamamilə fərqlənirdisə, artıq dünya xalqlarının toy mərasimlərindəki oxşarlıq və ümumi cəhətlər bizə də özünü biruzə verməkdədir. Çoxları bunu müasirliklə əlaqələndirməyə çalışır.

Bəs gənclər necə düşünür? Modern.az-ın sorğusunu cavablandıran bir qrup gənc toy mərasimlərimiz barədə öz düşüncələrini bölüşüblər.

 

Aysel Əliyeva, 21 yaş:

- Mənim fikrimcə, indiki toylar pis deyil. Düzdür, son vaxtlar toy adət-ənənələrində çoxlu dəyişikliklər baş verib və bu davam etməkdədir, evlənən gənclər müasir həyatla ayaqlaşmağa çalışırlar. Mən də dəyişikliyin əleyhinə deyiləm. Amma “Vağzalı”nın yerinə başqa musiqinin çalınmasını istəməzdim. “Vağzalı”nın yerini heç bir musiqi verməz.

 

Aynur Məmmədova, 24 yaş:

- Toy adətlərimiz yaşam tərzinə, məkana və inanclara görə dəyişir. Ümumən, mən Azərbaycanın üzrə iki cür toy mərasimləri görmüşəm. Qadın və kişilərin birgə iştirak etdiyi toylar, bir də qadın və kişilərin ayrılıqda yığışdığı məclislər. Ümumi toylarda (qadın və kişinin birgə qatıldığı mərasimlər) maliyyə məsələsi daha çox problem yaradır. İndi toy məclislərinin süfrələri kəmiyyətcə “yağlı”, keyfiyyətcə “quru” olur. Toyda başqa musiqilərin səslənməsi o demək deyil ki, hər kəs bunu edir və bunu etməlidir. Xalqımızın tarixinə bir evdən digər evə qız köçürərkən çalınan musiqi “vağzalı” adı ilə düşüb. Az adam tapılar ki, bu musiqini eşidəndə nəyisə xatırlamasın.

Mən də həmçinin.

 

Ceyhun Hacılı, 19 yaş:

- Ümumiyyətlə, toy hər mədəniyyətdə var, amma hərənin özünə uyğun. Mən hər cür toyu qəbul edirəm. Sadəcə, adını düz qoysunlar. Dəyişikliklərə ps baxmıram. Zəmanə necə tələb edirsə, o cür də hərəkət eləmək lazımdır. Keçmiş geridə qalıb, biz irəliyə baxmalıyıq.

        Könül Məmmədli, 21 yaş:

- Mənim üçün aydın deyil ki, toy edənlər nə vaxtacan bir-birlərilə yarışacaqlar. Niyə “qohum-qonşudan ayıbdı”-deyə, 500 nəfəri toy zalına doldurur, qız evinə müxtəlif dəstdə qızıl-zinət əşyalar alıb özlərini xərcə salırlar? Axı bu lazımdırmı? Nə vaxtadək toy sahibi qohum-əqrəbanın yanında utanmamaq üçün dəm-dəsgahlı toy məclisi təşkil etməklə borca düşməlidir?...

Mənim gəlinin boşqab sındırmaq adəti xoşuma gəlir, qalan ənənələr unudulsa da olar.

 

Anar Cəfərli, 21 yaş:

- Məncə toylarımız elə köhnə adət-ənənə ilə keçsə yaxşıdır. Bizim olmayan şeyi niyə bizdə tətbiq etməyə çalışırıq, anlamıram. Bir müddət keçəndən sonra xaricdən gələn turistlərə göstərməyə heç nəyimiz qalmayacaq ki, bu da bədbəxtçilikdi. Xaricilərə nə göstərsək onlara adi gələcək, deyəcəklər onlarda da elə belədi.

 

Səbinə Rəsulova, 23 yaş:

- Ümumiyyətlə, mən bizim milli toy adətlərinin unudulmasından təəsüflənirəm. Artıq Azərbaycan toyları o vəziyyətə gəlib çıxıb ki, insanlarımız real mədəniyyətdən uzaqlaşıblar. Toylarda qonaqlar özlərini aşağı səviyyədə aparır, rəqs etmək, yemək, davranış qaydalarını unudurlar. Məclislərdə açılan süfrədən, musiqinin keyfiyyətindən heç danışmağa dəyməz. Xərclər məsələsi də dəhşətdir, həm də lazımsızdır. Bu gün fonoqrama ilə oxuyan “müğənnilərə” 10 min manat verib toya gətirənləri  heç anlamıram. Bizim toylarda ciddi islahatlar aparılmalıdır. Bircə onu bilirəm ki, şəxsən mənim toyum daha fərqli və daha mədəni bir məclis olacaq.

 

 

 

Sorğunu Rövşən Nəcəfov keçirib
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər