18 Noyabr 2021 | Ana Səhifə - Yazılar
Akif Cabbarlı, sərhəd yazısı və şair oğlu, şair...

Mahir Qabiloğlu

Evdəyəm. Televizora baxıram. Telefona zəng gəlir. Dəstəyi qaldırıram.

- Salam, Qabiloviç.

- Salam, Cobi.


Qocaman jurnalist Akif Cabbarlı məni belə, mən isə onu elə əzizləyirəm.

- Oxudum Modern.az-da sərhəd haqqında yazılarını. Xüsusilə də sonuncu geniş yazını. Gözəl yazılardır.


Akif müəllim ürəyindən gələn bir-iki xoş söz də deyir. Təvazökarlıqdan uzaq olar deyə yazmıram. Dediklərini bir ustad qiyməti kimi qəbul edirəm. Səmimiyyətinə inanıram. Çünki tənqid edən vaxtları da olur – ona görə.

- Sən mənə de görüm, bu yazıları nə vaxt yuyuruq?

- Yuyarıq da.., – deyə “pulsuzluğun evi yıxılsın” söyləməyib özümü sındırmıram.

- İnanmaram, vallah inanmaram. İndi sən deyirsən ki, bu cür yazılar qiymətləndirilməyib? – deyə Akif müəllimin səsinə bir bədbinlik dumanı çökür.

- Qiymətləndirilib, – deyə cavab verirəm.

- Doğrudan? – dəstəyin o başında səs dirçəlir, – Onda qonaqlıq nə vaxtdı?

- Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin əmriylə Sərhəd Qoşunlarının 100 illik medalıyla təltif olunmuşam. Bundan böyük qiymət?

- Təbrik edirəm. Davamı gəlsin, – deyə telefon xəttinə yenidən duman çökür.

Sonra başqa şeylərdən danışırıq. Amma Cabbarov yenidən söhbəti sərhəd yazısına qaytarır. “Yox e... ola bilməz medalın yanında bir şey olmasın” deyərək. Mən isə öz qaydama uyğun olaraq izahı başqa cürə verirəm. Yazı üslubuma uyğun HAŞİYƏ çıxmaqla.

 

HAŞİYƏ: Sovet dövrü Azərbaycan Yazıçılar İttifaqında Ədəbiyyat Fondu deyilən bir qurum vardı. Qısaca “Litfond” deyirdilər adına. Ehtiyacı olan yazıçılara pul yardımı edirdi, putyovkalar verirdi, pullu ezamiyyətlərə göndərirdi. Bir sözlə, yazıçıların çörək ağacıydı. Günlərin bir günü əli aşağı olan gənc şair Hüseyn Hüseynzadə (sonralar Xalq şairi Hüseyn Arif) gəlir Litfonda. Girir o vaxt Ədəbiyyat Fondunun direktoru işləyən Xalq yazıçısı Əli Vəliyevin otağına. Əli Qara oğlu (ətrafı əsasən onu belə çağırırdı. Əlindən əsəbləşəndə isə “muzdur oğlu muzdur”) donuq baxışlarla onu qarşılayır. Ağızucu salamlaşır. Hüseyn qağa isə bu soyuq münasibətə fikir verməyib başlayır danışmağa:

- Əli müəllim, yenicə çapdan çıxan iri həcmli, gözəl tərtibatlı romanınızı oxudum. Çox bəyəndim. O saat bilinir ki, ustad nasirin ustad qələminin...

- Hüseyn, pul yoxdur, – deyə Əli Vəliyev Hüseyn Arifin sözünü kəsir.

- Hələ mən obrazları demirəm, – deyə Hüseyn Arif sanki Əli Vəliyevin bu sözünü eşitməyibmiş kimi sözünə davam edir, – Onlara verilən adlar xarakteri necə də gözəl tamamlayır. Bəs onların xarici görünüşlərinin təsviri? Söz tapa bilmirəm ifadə...

- Hüseyn, pul yoxdur, – deyə Əli Vəliyev yenə də Hüseyn Arifin sözünü kəsir.

- Mən hələ təbiət təsvirlərini demirəm, – deyə Hüseyn Arif özünü sındırmadan sözünə davam edir, – Süjet xətti isə mükəmməldir. Bir dənə də boşluq, xətdən çarpmalar görmədim. Bir sözlə...

- Hüseyn, dedim axı pul yoxdur, – deyə bu dəfə Əli Vəliyev yumruğunu stola çırpıb ayağa durur.

Hüseyn Arif pərt olur. Daha heç nə demir. Ayağa durur. Qapıya çatanda Əli Vəliyevin də eşidə biləcəyi bir tonda “Muzdur oğlu muzdur, yaxşı ki, oxumamışam” deyib otaqdan çıxır. (SON)

 

Bu lətifəyə dönmüş əhvalatı telefonda Akif Cabbarlıya danışdım. “Odboy” verməmişdən qabaq isə verdiyi cavab belə oldu:

- Şair oğlu, şair! Axı mən sənin yazını sonacan oxumuşam.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv