Modern.az

Rayonlarımızı qurdlar basır

Rayonlarımızı qurdlar basır

23 Oktyabr 2009, 12:40

ÖLKƏMİZDƏ CANAVAR OVUNA NİYƏ QADAĞA QOYULUB?

Payız mövsümü başlayandan Azərbaycanın bir sıra rayonlarında canavar sürülərinin insanlara və ev heyvanlarına hücumu baş verir. Sonuncu belə hadisə bir neçə gün öncə Sabirabad rayonunun Moranlı kəndində olub. Təxminən 20 şəxsi təsərrüfata hücum edən canavarlar 5 kənd sakinini yaralayıb, xeyli mal-qaranı parçalayıb, ev itlərini isə boğublar. Yerli sakinlər Moranlı kəndində belə hadisənin ilk dəfədir baş verdiyini bildiriblər. İndi də yalquzaq sürüsü Dəvəçi rayonun Zeyvə kəndində peyda olub. Yerli sakinlər Modern.az-in əməkdaşına bildiriblər ki, yalquzaqlar Zeyvədə necə deyərlər meydan sulayırlar: «Payız gələndən canavarlar kəndə hücum edərərk onlarla ev heyvanını parçalayıblar. Həm meşədə, gözdən-könüldən uzaq yerdə yox, düz evlərimizin yanında. İndi gecələr çölə çıxmağa da qorxuruq ki, canavar sürüsü bizə hucum edəcək».  Canavarların qorxusundan nə edəcəklərini bilməyən kənd sakinləri əllərinə tüfəng götürüb onları öldürə də bilmirlər. Deyirlər ki, canavarı öldürsələr, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən cərimə ediləcəklər. Qeyd edək ki, indiyədək Zaqatala, Balakən, Ağdam, Qazax və digər rayonların ərazisində də vəhşi heyvanların mal-qaraya, eləcə də insanlara hücumu halları olub. Əvvəllər canavarların sayı təhlükəli hal alanda Respublika Ovçular Cəmiyyəti müqavilə əsasında kəndlərdə nəzarət postları yaradır və canavarları ovlayaraq problemi yoluna qoyurdular. Bununla yanaşı, yerli sakinlərin özləri də ov tüfəngləri ilə canavarları vura bilirdilər. Ancaq Azərbaycan Respublikası Avropanın Vəhşi Təbiətinin və Ətraf Mühitn Mühafizəsi üzrə «Bern» Konvensiyasına qoşulandan sonra ölkəmizdə canavar ovuna qadağa qoyulub. Bu konvensiyaya görə, Avropada mühafizə edilən heyvanların siyahısında canavarın da adı salınıb.   Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilərin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə Modern.az-a açıqlamasında 2005-ci ildən bəri canavarların hücumu ilə bağlı rayonlardan daxil olan həyəcan dolu siqnalların artdığını təsdiqləyib: «Nəticədə Azərbaycan tərəfi «Bern» Konvensiyasının katibliyinə müraciət etdi. Bu müraciətdən sonra belə bir qərar qəbul olundu ki, istisna hal kimi, canavarlar yaşayaş ərazilərində insanlara, mal-qaraya hücum etsələr, onların ovlanmasına icazə verilir. Biz də əhalinin təhlükəsizliyinin qorunması üçün ETSN-nin yerlərdəki şöbələrinə göstəriş verdik ki, qruplar yaratsınlar və regionlardan siqnallar daxil olduqda reydlər keçirərək canavarları ovlasınlar. İndiyə kimi Xaçmaz, Sabirabad, Zaqatala, Göyçaydan daxil olan siqnallara əsasən, reydlər keçirib, canavar sürülərini zərərsizləşdirmişik». H.Əlizadə Avropada canavar ovuna qadağa qoyulmasını bu qitəyə daxil olan ölkələrdə yalquzaqların sayının kəskin azalması ilə bağlı olduğunu deyib: «Hətta bəzi Avropa ölkələrində bu heyvanın nəsli kəsilib. Bizdə isə canavar kifayət qədərdir. Amma Azərbaycan Avropanın bir hissəsi olduğundan “Bern» Konvensiyasının qadağasına riayət etməlidir”. Belə çıxır ki, canavarlar sürü halında kəndlərə hücum etsə, «Bern» Konvensiyasına qoşulduğumuzdan ovçular əllərinə tüfəng alıb canavar ovlaya bilməzlər. Bunun üçün mütləq əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməli, problem araşdırılmalı, fakt təsdiqini tapandan sonra canavarların zərərsizləşdirilməsinə rəsmən icazə verilməlidir. ETSN rəsmisi Hikmət Əlizadənin sözlərinə görə, canavarlarla bağlı yaranan problemdə insanların özlərinin də günahı var: “Canavar hücumlarının baş verməsini təkcə onların ovuna qadağa qoyulması ilə əlaqələndirmək düz olmazdı: “Canavarların yaşayış məntəqələrinə hücumu həm də insanların vəhşi təbiətin içərisinə girməsinin nəticəsidir. Son illər kənd təəsərrüfatı üçün istifadə edilən torpaqlar azaldığından insanlar vəhşi təbiətin içərisinə daxil olur, meşə kənarlarında əkinlər salır, evlər tikdirirlər, mal-qaranı vəhşi təbiətin içərilərinə doğru sürür. Bu da canavarların yaşayış yerinin azalmasına səbəb olub, nəticədə həmin vəhşi heyvanlar da qıcıqlanır, onlara yaxınlaşmaqda olan insanlara hücum edirlər». Resbublika Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfovun fikrincə, canavarların vəhşi təbiətdə getdikcə çoxalması heç də yaxşı hal deyil: «Bir neçə ildir sözegedən qadağa tətbiq edilib. Nəticəsi artıq göz önündədir. Kasıb kəndlilərin mal-qarası əldən gedir, hətta bu azmış kimi canavarlar insanlara da hücum edir, onların da yaşamını təhlükə altına alır. Avropanın əksər ölkələrində canavar yoxdur. Ona görə də orada yırtıcıların ovu qadağan edilib. Azərbaycanda isə əksinə canavarlar çoxdur. İndi biz oturub gözləməliyik ki, canavarların sayı lap çoxalsın?”. F.Əşrəfov bildirib ki, hazırda ölkəmizdə yırtıcı heyvanların sayının tənzimləniməsilə bağlı hər hansı metod yoxdur. Həmin vəhşi heyvanların sayı artdıqda və ya onlar təbiətdə yem tapmadıqları zamanlarda insanlara hücum edirlər. Resbublika Ovçular Cəmiyyətinin sədri deyib ki. keçmiş sovetlər dönəmində Azərbaycanda yırtıcı heyvanların, xüsusilə canavarların ovuna görə ovçulara mükafat verilirdi. Amma indi hətta özünümüdafiə məqsədilə onları ovlayanlar olsa belə, heç bir mükafat-filan verilmir.

Yada salaq ki, keçmiş sovetlər dövründə yırtıcıları məhv edən şəxslər dövlət tərəfindən mükafatlandırılırdı. Məsələn, bir canavarın öldürülməsinə görə 100 rubl mükafat verilirdi. ETSN-də isə hesab edirlər ki, yırtıcılarla məhz bu cür mübarizə sonralar onların bəzilərinin sayının məhdudlaşmasına səbəb olub.

Azərbaycanın faunasında 18 yırtıçı məməli növü mövcuddur. Bunlar yenot, pələng, canavar, çaqqal, tülkü, qayalıq dələsi, gəlincik, porsuq, samur, vaşaq, ayı, meşə pişiyi, meşə dələsi, safsar, kaftar, çöl və qamışlıq pişiyi, manul, bəbirdir. 1990-cı ildən başlayaraq Azərbaycanda yırtıcıları ovlayan şəxslərə mükafat verilmir, əksinə bəzi hallarda onları cərimələyirlər də. 

Lalə Musaqızı      

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq