Modern.az

Bakıda zibilyandırma zavodunun tikintisi ətraf mühitə necə təsir göstərəcək?

Bakıda zibilyandırma zavodunun tikintisi ətraf mühitə necə təsir göstərəcək?

23 Oktyabr 2009, 13:06

Bakı şəhərində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə hələ 2008-ci il avqustun 6-da Prezident İlham Əliyev tərəfindən “Bakı şəhərində Məişət Tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamın yerinə yetirilməsi ilə əlaqədar olaraq “Təmiz şəhər” ASC-nin yaradılması və bununla yanaşı İqtisadi İnkişaf Nazirliyinin xətti ilə həyata keçirilməsi planlaşdırılan tədbirlər sırasında Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun inşa edilməsi də nəzərdə tutulur.
Zavodun layihələndirilməsi, tikilməsi və istismarı üzrə elan olunmuş beynəlxalq tenderin qalibi Fransanın “CNİM S.A.” şirkəti olub.
İqtisadi İnkişaf Nazirliyi ilə bağlanmış müqavilədə illik istehsal gücü 500 min ton bərk məişət tullantıları yandırmaqla, 230 milyon kvt/saat elektrik enerjisi istehsal edən zavodun layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Zavodda istehsal olunan elektrik enerjisinin 15 faizi zavodun daxili ehtiyaclarına sərf ediləcək, qalanı isə şəhər şəbəkəsinə veriləcək.
Bununla əlaqədar “CNİM Azərbaycan LTD” MMC tərəfindən Bakı Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi və İitismarı dövründə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanıb, dövlət ekoloji ekspertizasından keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub.
Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sənəddə zavodun tikiləcəyi ərazinin mövcud təbii vəziyyəti, zavodun texnoloji quruluşu əsasında ətraf mühitə təsirlər və onların azaldılması tədbirləri araşdırılıb. Sənədin baxılmasına nazirliyin Ekoloji Ekspertiza İdarəsinin mütəxəssisləri ilə yanaşı, respublikanın bu sahə üzrə alim və mütəxəssisləri, həmçinin Qeyri Hökumət Təşkilatları nümayəndələrindən ibarət 9 nəfər ştatdankənar mütəxəssis cəlb edilib.
Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində QHT nümayəndələrinin iştirakı ilə Bakı Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi və istismarı dövründə ƏMTQ sənədinin 1-ci müzakirəsi keçirilib.
Müzakirədə təqdim olunan layihə ilə əlaqədar QHT nümayəndələri tərəfindən irad və təkliflər bildirilib, müxtəlif suallar səsləndirilib.
İki gün öncə nazirliyin inzibati binasında sözügedən sənədin 2-ci müzakirəsi də baş tutub.
Sənədin 2-ci müzakirəsində İqtisadi İnkişaf, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, Bakı şəhəri və Sabunçu rayonu İcra hakimiyyətləri, “CNİM Azərbaycan LTD” MMC, sənədin baxılmasına cəlb edilən ekspertlər, həmçinin QHT nümayəndələri iştirak ediblər.
Aparılan müzakirələr, həmçinin, dövlət və qeyri hökumət təşkilatları tərəfindən verilən suallara gətirilən aydınlıqlar, əlavə və düzəlişlər, ETSN tərəfindən irəli sürülən bir sıra ciddi ekoloji tələblər nəzərə alınmaqla 10 gün müddətinə təqdim edilən ƏMTQ sənədinə Dövlət Ekoloji Ekspertizasının yekun rəyinin hazırlanması qərara alınıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir