Modern.az

Qarabağın Azərbaycanlı İcmasından ermənilərə müraciət - EKSKLÜZİV

Qarabağın Azərbaycanlı İcmasından ermənilərə müraciət - EKSKLÜZİV

28 Aprel 2016, 10:16

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəhbəri Bayram Səfərov cəbhədə baş verən son hadisələrlə bağlı Modern.az saytına eksklüziv açıqlama verib.

Öncə Azərbaycan Ordusunun son qələbəsinə toxunan B.Səfərov qeyd edib ki, bu, tarixi hadisədir: “Bu hadisələr Ermənistana bir dərs oldu. Hamı bilməlidir ki, 1990-cı illərdə Azərbaycana öz torpaqlarını Ermənistan təcavüzündən qorumağa imkan verilməyib. O zaman SSR-də yaşayırdıq. Müstəqil deyildik. Hətta insanlardan ov silahları gerı alındı ki, öz torpaqlarımızı qoruya bilməyək. Demək istədiyim odur ki, düşmən tərəf bütün imkanlardan istifadə edib havadarlarının köməyi ilə bizi əli-qolu bağlı, əliyalın hala gətirmişdi.

İndi isə vəziyyət tam başqadır. Azərbaycan müstəqil dövlətdir. Xalıqın iradəsinə söykənib onu gələcəyə aparan İlham Əliyev kimi liderimiz, Ali Baş Komandanımız var. Azərbaycan Ordusu, Azərbaycan Xalqı Ali Baş Komandanımızla bir yerdədir, onu dəstəkləyir, ona inanır. Biz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını yüksək bacarıqla davam etdirən cənab Prezidentimiz Azərbaycan torpaqlarını işğaldan azad edən dövlət başçısı olaraq öz adını xalqımızın tarixinə qızıl həriflərlə yazdıracaq. Artıq bu, bir gerçəklikdir.

Bir məqama diqqət çəkmək istəyirəm, 1990-cı illərdəki Ermənistanla Azərbaycan arasındakı fərqi XXI əsrdəki Ermənistanla Azərbaycan arasında fərqlə müqayisə edin.  Elə cəbhədə baş verən son hadisələr bu fərqi ortaya çıxardı. Mənə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur”.

B.Səfərov mətbuatda yer alan “Hərbi əməliyyatlar zamanı icma fəallıq göstərmir” iddialarına da münasibət bildirib.

O, qeyd edib ki, Ali Baş Komandanın əmrinə bir nəfər kimi müntəzirdilər: “Biz icmayıq və Azərbaycan qanunlarına tabeyik.

Müdafiə məsələlərini Mudafiə Nazirliyi həyata keçirir.

Uzun illərdir ki, Ermənistan mövcud status-kvonun saxlanması üçün çalışır. Ancaq Azərbaycan buna imkan verə bilməz.

Son hadisələr bunu bir daha göstərdi. İllərdir ki, Ermənistana müraciət edirik ki, bizim torpaqları boşaltsınlar. Ancaq düşmən çağırışımıza cavab vermir. Biz təbii ki, onların mövcud status-kvonu qoruyub saxlamaq istəyi ilə razılaşa bilmərik.

Və həm Ermənistan, həm də bütün dünya bilməlidir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək gücündədir. Beynəlxalq hüquq da bizə bu addımı atmağa imkan verir”.

Modern.az vasitəsilə Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə müraciət edən “Dağliq Qarabağın Azərbaycanlı İcması”nın rəhəbri deyib ki, ermənilər bilməlidirlər ki, hazırki Ermənistan hakimiyyəti öz xalqının, sadə ermənilərin düşmənidir:

“Bu gün Azərbaycan inkişaf edir. Azərbaycan gəncliyi dünya səviyyəsində öz sözünü deyir. Ermənistan isə tənəzzül edir. Ermənistan gəncliyi səfalət içindədir. Onlar imkan düşən kimi ölkəni tərk edirlər. Ermənistanın mövcud hakimiyyəti sadə erməniləri aldadır.

Biz Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə müraciət edirik. Biz öz torpaqlarımıza qayıtmağa hazırlaşırıq. Onlar bilsinlər ki, 1992-ci ilə qədər Qarabağda yaşayan ermənilər və onların övladları ilə birgə yaşamağa hazırıq. Onlar Azərbaycan qanunları çərçivəsində, Azərbaycan bayrağı altında ölkəmizin vətəndaşı kimi Qarabağda yaşaya bilərlər. Sonradan süni şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər isə gəldikləri yerə getsinlər”.

 Pərvin ARZUQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı