Modern.az

Televiziyalarda nəyə baxaq?

Televiziyalarda nəyə baxaq?

Mədəni̇yyət

7 Yanvar 2011, 21:03

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalları Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd  verilişləri yayımlamamağa çağırıb. Qurumun sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Şuranın özəl kanalların yaradıcılıq fəaliyyətinə qarışmaq səlahiyyəti yoxdur, lakin hər bir kanal cəmiyyətin maariflənməsinə xidmət edəcək verilişlər yayımlamalıdır. Şuranın daim telekanallara bu xarakterli tövsiyələr verdiyini deyən MTRŞ sədri son zamanlar Azad Azərbaycan (ATV) kanalında baş verənlərə də münasibət bildirib. Nuşirəvan Məhərrəmli ATV-də şou xarakterli "Onun yarısı", "Sən tək deyilsən" kimi verilişlərin yayımının dayandırıldığını söyləyib. Onun sözlərinə görə, Şura özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi barədə müvafiq qurumlara müraciət ünvanlamaq niyyətindədir. Səlahiyyətlər qanunverici bazaya edilən dəyişikliklər əsasında həyata keçirilə bilər: "2010-cu ildə həm də özəl televiziya kanallarında Azərbaycanın milli-mənəvi dəyərlərilə bağlı verilişlərin sayı artıb, lakin onların məzmunu narahatlıq doğurur. Şou xarakterli verilişlərin sayı da artıb və MTRŞ də bundan narahatdır. Azərbaycanın tarixinə, ədəbiyyatına aid maarifləndirici verilişlərin bu cür kanallarda az olması bu gün narahatedici faktorlardandır".

***

Təxminən iki il bundan öncə də Nuşirəvan Məhərrəmli eyni olmasa da, oxşar məsələdən danışdı. Həmin vaxt ölkənin müstəqil televiziyalarındakı bəzi canlı verilişlərdə tamaşaçılar tərəfindən göndərilən SMS-lərdə əxlaqa zidd ifadələrin yer almasını yolverilməz hasab edən Nuşirəvan Məhərrəmli bildirdi ki, bu kimi çatışmazlıqların aradan qaldırılması ilə bağlı kanallara tövsiyə olunur. MTRŞ sədrinin sözlərinə görə, SMS-lərdə yer alan fikirlərin bir qismi ədəbi dildə işlədilən ifadələrdi: "Yəni hüquqi baxımdan bizim bu işlərə qarışmaq ixtiyarımız yoxdur. Ancaq SMS-lərdə Azərbaycan xalqının ümummilli şüur səviyyəsinə uyğun olmayan məsələlər olmamalıdır. Biz kanallara tövsiyələr veririk ki, belə hallara yol verməsinlər. Qanunvericilik yolu ilə bizim tədbir görməyimiz mümkünsüzdür. Lisenziyanın uzadılması vaxtı gəlib çatdıqda bu məsələyə baxa və həmin kanalın nəzərinə çatdıra bilərik ki, siz bizim tövsiyələri nəzərə almamısınız, ona görə də sizinlə işləmirik. Kanallar bizə bildirirlər ki, orada redaktorlar fəaliyyət göstərir və bayağı ifadələri çıxarırlar. Yəqin həmin redaktorlar bütün gün ərzində yerlərində oturmurlar və bu səbəbdən belə hallar baş verir".

Doğrudan da, həmin SMS-lərin bir qismində Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd ifadələr yer alırdı. Məsələn, gənc qızlara təlqin olunurdu ki, SMS yazmaqla hansısa bir oğlanla tanış olmaq mümkündür. Və yaxud da əksinə, gənc oğlanlara da eyni şey aşılanırdı.
Eyni zamanda, örnək kimi göstərilirdi ki, SMS vasitəsilə ağlına və ağzına gələnləri yazıb, tanımadığın bir kimsəyə göndərə, ondan da qarşılıqlı cavab ala bilərsən. Burda isə elə bir qəbahət yoxdur, əksinə bu, "müasirlikdir". SMS vasitəsilə oğlanlar və qızlar, hətta keçid yaş dövrünü geridə qoymuşlar belə özlərini sanki bazarlığa çıxarıb "gəlin tanış olaq", "mənim boyum bu qədər, yaşım bir belə" və s. kimi əxlaqa sığmayan ifadələr işlədərək, milyonların beyinlərini zəhərləməyə çalışırdılar. Bəzən buna nail olurdular. Bütün bunlara isə özəl televiziyalar şərait yaradırdılar. Özəl televiziyalarda milli-mənəvi əxlaqa təkcə SMS-lər yazmaq vasitəsiləmi zərbə vurulur?
Əlbəttə ki, yox. Elə verilişlər efir üzü görür ki, həmin verilişlərlə əxlaq korlanır, ailələrdə valideyn-övlad arasında pərdə götürülür, dünyagörüşü yenicə formalaşmağa başlayan gənclərin beyinləri zəhərlənir. Hələ bu da son deyil. Seriallar da gənclərin dünyagörüşünün formalaşmasına mənfi mənada təsir göstərir. Həmin seriallarda elə məsələlər qoyulur ki, məhz həmin məsələlər gənclərin dünyagörüşünün formalaşmasına bir növ yardımçı olur, nəticədə isə onlar ailədə, cəmiyyətdə münasibətləri seriallarda təlqin edilən kimi qurmağa, göstərilən əxlaqa uyğun bir həyat tərzi keçirməyə çalışırlar.

***

Bu məsələlərlə bağlı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin çox əhatəli və xalqın ürəyindən xəbər verən Azərbaycanın efir məkanıyla bağlı məqaləsi çıxdı. İnsafən demək lazımdır ki, məhz bu məqalədən sonra bəzi telekanallar verilişlərində korrektələr etməyə başladılar. Akademik Ramiz Mehdiyev bunu qiymətləndirsə də, iradını da bildirdi: "Televiziya bizim həyatımızda çox mühüm rol oynayır. İnsanların məlumat almasında, tərbiyə olunmasında telekanalların böyük rolu var. Amma televiziya kanallarında müəyyən proseslər vardı idi ki, Azərbaycan tamaşaçısının intellektual səviyyəsi ilə kifayət qədər ayaqlaşmır. Ona görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu dəyişiklik telekanallarda da baş tutmalıdır. Daha intellektli vətəndaş formalaşması üçün telekanallar öz mövqelərini ortaya qoymalıdır. Ona görə bu sahədə ciddi dəyişikliklər olmalıdır". Onun sözlərinə görə,  telekanallarda tok-şoular da, digər intellektual verilişlər də hazırlanmalıdır: "Bu verilişlərin məzmunu, mahiyyəti insanların zövqünə cavab verməlidir. Çox təəssüf ki, hələ o mənada telekanallarda baş verən dəyişikliyi hiss etmirik".

***

Azərbaycan müstəqillik qazanandan bu yana Qərbə, Avropaya inteqrasiya yolunu tutmuşuq. Qərbin, Avropanın dəyərlərini ölkəmizə daşımağa çalışırıq. Ancaq bəzi vaxtlar bu dəyərlər milli-mənəvi dəyərlərimizin yox olub getməsinə gətirib çıxarır. Bu isə bir xalq üçün çox qorxulu haldır. Çünki hər bir xalq özünəməxsuz dəyərləri qoruyub saxlamayanda, sonda mənəviyyatsızlıq, əxlaqsızlıq baş alıb gedir. Bir xalq olaraq Avropadan yaxşı nələr varsa onu əxz etməli, bizim dəyərlərə mənfi təsir göstərənləri isə kənarlaşdırmalıyıq. Gəlin görək bunu bacarırıqmı?

Əsla yox. Mən bir neçə dəfə yazmışam, indi də eyni fikirdə qalıram ki, özəl televiziyaların əksəriyyəti xarici kanalların efirə verdiyi verilişləri bayağı formada təkrarlamaqla məşğuldurlar. Bu isə o qədər pis və qeyri-peşəkar formada həəyata keçirilir ki, tamaşaçı bu verilişlərdən zövq almaq əvəzinə iyrənir. 

Bəzi televiziya kanalları Azərbaycan vətəndaşını düşündürmək əvəzinə, mənəviyyatsızlıq və əxlaqsızlıq aşılayan verilişlərə üstünlük verirlər. Bu verilişlərin "qəhrəmanları" isə Aygün Kazımovalar, Hadir Qafarzadələr, Hamiq Qaraçuxurlular, Röyalar, Xatirələr, Pişik Günellər və daha kimlər, kimlərdir... Eyni simalar hər gün bir-birini təhqir etməklə, evlərini, maşınlarını, geyimlərini belə nümayiş etdirməklə məşğuldurlar. İtlərinə aldıqları 5 min manatlıq aksesuarlardan danışan belə şou-biznes nümayəndələri üçün milli-mənəvi dəyərlər adlı məfhum yoxdur. Onlar üçün para qazanmaqdır ki, buna görə də hər yolun yolçusuna çevrilməyə hazırdırlar.

***

Bəzi televiziya kanallarında çalışan aparıcılar-onlar daha çox təlxəkliklə məşğuldurlar-öz lüzumsuz davranışları, fikirlərilə tamaşaçının əsəblərini korlamaqdan başqa nəyəsə yaramırlar. Elə aparıcılar da efirdən bu millətə əxlaq dərsi keçir ki, onun ümumiyyətlə, əxlaqdan danışmağa mənəvi haqqı çatmır.

Azərbaycan gəncliyi kimdən və nədən örnək götürməlidir? Bu ölkənin tarixi, mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri haqqında verilişlər hazırlayıb, gənclərə daha çox bilgi vermək əvəzinə, bəzi televiziya kanalları şou-biznesə üstünlük verirlər. Az qala Aygün Kazımovanı qızlarımıza-gələcəyin analarına, Nadir Qafarzadəni isə oğlanlarımıza-gələcəyin kişilərinə örnək olaraq təqdim edirlər. Çoxlarımız isə bu yolun uçurum olduğunu bilə-bilə susuruq. Bəzilərimiz də bunu Avropa dəyərləri kimi qəbul etməyə çalışırıq.

***

Ancaq bir məsələni yaddan çıxarmamalıyıq ki, müstəqillik qazansaq da, ayaqları tam bərkiməmiş bir dövlətin bu gün möhkəmlənməsi üçün onun gələcəyi sayılan gənclərdə milli vətənpərvərlik ruhunu qaldırmaq lazımdır. Bunun üçün nələr həyata keçirilməlidir?

Birincisi, Azərbaycanda fəaliyyət göstərən bütün televiziyalarda vətənpərvərlik ruhunu qaldıran, gənclərdə mübarizlik, əzmkarlıq, düşmənə qalib gəlməyi aşılayan verilişlər hazırlanmalıdır.

İkincisi, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi və incəsənətimizi özündə əks etdirən silsilə verilişlərə yer ayırmaq və bu sahənin mütəxəssislərinin biliyindən istifadə olunmalıdır.

Üçüncüsü, vətənpərvərlik ruhunu qaldıran filmlərin çəkilişinə başlamaq, ədəbiyyat və incəsənət nümunələri yaradılmalıdır.

Sözsüz ki, bunun üçün kifayət qədər maliyyə vəsaitinə ehtiyac duyulacaq. Mənim fikrimcə, Azərbaycanın indiki dönəmində bu sahələrə vəsait ayırmaq problemə çevrilməməlidir. Mədəniyyət ocaqlarının, muzeylərin və digər bu kimi yerlərin təmirinə, yenidən bərpasına vəsatin ayrılması təqdirəlayiq hal olduğu kimi, yuxarıda göstərdiyimiz sahələrə vəsaitin ayrılması da ən vacib məsələlərdəndir.

Biz hər zaman tarixi qəhrəmanlarımızla fəxr etmişik. Və gənclərimizi onlardan nümunə götürməyə çağırmışıq. Ancaq gəlin görək hansı qəhrəmanımızın keçdiyi yolu və göstərdiyi şücaəti özündə əsk etdirən ekran əsəri yarada bilmişik. Yaratdıqlarımızla biz heç özümüz qane ola, həmin filmlərdən nəsə götürə bilmirik, qaldı ki, həmin filmlər xarici ölkələrdə göstərilisin. Heç uzağa getməyək, söyu-kökü bir olan türk qardaşlarımızın çəkdikləri qəhrəmanlıq və tarixi filmlərə baxanda insanın qəlbində bir fəxarət hissi baş qaldırır. Ruhən saflaşırsan, həmin qəhrəmanı sevməyə, onun keçdiyi yolu özünə örnək götürməyə çalışırsan. Biz isə Babək, Koroğlu, Qaçaq Nəbi və digər qəhrəmanlarımız haqqında çəkdiyimiz filmlərdə onları sevdirə bilməmişik. Bir daha o məsələyə qayıdıram ki, sadaladığım sahələrin inkişaf etdirilməsi, bir sözlə tariximizin, mədəniyyətimizin və incəsənətimizin məhv olmaması üçün bu sahələrə kifayət qədər maliyyə vəsaiti ayrılmalıdır. Bu işi təkcə dövlət həyata keçirməməlidir. Həm də iş adamları bu sahəyə pul xərcləməyi özlərinə şərəf bilməlidirlər. Onlar nəhayət anlamalıdırlar ki, müğənnilərə sponsorluq edib, onların müxtəlif adlar altında zövqsüz, səviyyəsiz verilişlərinə para xərcləməkdənsə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza vəsait ayrılmalıdır.

Bu yöndə mətbuatın da köməyinə ehtiyac var. Dedi-qodular yazıb insanları üz-üzə qoymaqdansa, kimsəni təhqir edib alçaltmaqdansa, qəzet səhifələrində mütəmadi olaraq vətənpərvərlik ruhunu yüksəldən məqalələr dərc etmək, tariximizi araşdırmaq və s. bu kimi işlərlə məşğul olmaq lazımdır.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqəsində qalib gəlmiş qəzetlərdə vətənpərvərlik ənənələlərinin təbliği, milli və dini tolerantlıq, milli-mənəvi dəyərlər və s. məsələlərlə bağlı geniş layihələr həyata keçirilir. Bu gün televiziyaların da bu layihələrdən bəhrələnməsinə, qəzetlərlə əməkdaşlıq etməsinə ehtiyac duyulur. Televiziyalar ayrı-ayrı verilişlərlə bağlı mətbuat səhifələrində əksini tapan yazılara, insanlarımızın fikirlərinə diqqətlə və təhlili yanaşsalar gələcəkdə daha yaxşı və yüksək səviyyəli verilişlər ortaya çıxa bilər. Bunun üçün televiziyalar qəzetlərdə müxtəlif verilişlər haqqında yazılanlara qərəzlə, qəzəblə deyil, təmkinlə, milli və dövlətçilik maraqlarımızdan yanaşmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?