Modern.az

Tovuzlu jurnalistlər: "Kim deyir ki, Tovuzda problemlər azdır..?"

Tovuzlu jurnalistlər: "Kim deyir ki, Tovuzda problemlər azdır..?"

Reportaj

12 Yanvar 2011, 13:11

Bu bölgədən olan media nümayəndələri problemlərlə yanaşı, inkişafdan da danışırlar…
“Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” layihəmizin bu dəfəki ünvanı Tovuz rayonudur. Tovuzdan olan jurnalistlər rayonun iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin məşğuliyyəti barədə danışdılar.

“Əhali asfalt, daş, metlax yemir, ərzaqla qidalanır…”

İlk müsahibimiz “Həftə içi” qəzetinin şöbə müdiri Ceyhun Nağı oldu. O, bildirdi ki, rayonda sonuncu dəfə may ayında  olub və orada vəziyyət sabitdir: “Azərbaycanın rayonlarında olan ənənəvi problemlər Tovuzda da var və bu əsasən əhalinin işsizliyi ilə bağlı olan problemlərdir. Rayondan olan millət vəkili Qənirə Paşayeva da tez-tez Miillət Məcilsdə öz çıxışları zamanı problemləri qaldırır. Hətta rayona səfərlərimdə də görmüşəm ki, Qənirə xanım yerli telekanala verdiyi müsahibələrində də bildirir ki, bütün çayxanalar işsiz gənclərlə doludur. Bu onu göstərir ki, Azərbaycanda, o cümlədən Tovuz rayonunda işsizlik problemi mövcuddur. Bununla bağlı müəyyən sahələr üzrə  nazirliklərin rayon şöbələrinin rəhbərlərinə deyilib ki, məşğulluqla bağlı niyə hər hansı plan ortaya qoyulmur? Halbuki, Tovuz rayonunda münbit şərait var və potensial böyükdür”.  

C.Nağı rayonda insanların rifah halının yuxarı səviyyədə olduğunu qeyd etdi: “Amma müəyyən bölgələrlə müqayisədə Tovuzda yaşam tərzi elə də acınacaqlı deyil, orta səviyyədən bir az aşağıdır. Rayonun əsas problemlərindən biri sərhəd rayonu olmasından ibarətdir”.

Həmkarımızın sözlərinə görə,  son illər sosial-iqtisadi problemlərlə bağlı - qazlaşma və elektrik enerjisinin təminatı ilə bağlı - kifayət qədər irəliləyişlər var.

“Rayona gedəndə doğulduğum Düzcırdaxan kəndində - anamın, qardaşımın evinə gedirəm. 2003-2005-ci illərdə rayona gedəndə işıq olmurdu, fasilələrlə verilirdi,  hətta bayram vaxtlarında kənd əhalisi elektrik enerjisinə həsrət qalırdı. Qaz axşam saat 10-dan kəsilirdi və ya günlərlə verilmirdi. Amma bu məsələlərlə bağlı  indi sayğaclaşma prosesi aparılıb, həm qaz, həm işıq Tovuz rayonunda fasiləsiz olaraq verilir. Ən ucqar dağ kəndlərində vəziyyətin belə olub-olmaması haqqında dəqiq məlumat deyə bilmərəm. Amma Tovuzun aran kəndlərinin bir neçəsində olmuşam və hamısında həm işıq, həm də qaz var”.

Ceyhun Nağı rayonun infrastrukturu barədə də öz fikirlərini bildirib.

“Rayon mərkəzindəki yollar  abadlaşdırılıb, yollara asfalt çəkilib. Tovuzun bəxti bir də onda gətirib ki, rayondan Bakı-Qazax-Tiflis magistral yolu keçir. Amma kənd yollarında xeyli problemlər hələ də qalmaqdadır. Torpaq, çala-çuxur yollar çoxluq təşkil edir. Rayon rəhbərliyi bu problemləri həll edəcəyi ilə bağlı vədlər versə də, hələ bunu etmir. Ən acınacaqlı yol isə Tovuz rayonundan Qovlar qəsəbəsinə gedən yoldur. Qovlar qəsəbəsindən İbrahım Hacılı, Köhnə Qala, Gədəbəy kəndlərinə aparan yuxarı dağ kəndlərinin yolları da bərbad vəziyyətdədir. Orada sadəcə 200 metrlik normal torpaq yolu var və o torpaq yolun uğrunda maşınlar mübarizə aparır ki, o yola çıxsınlar. Torpaq yolun eni 20 metrdən çoxdur və orada maşınların az olmasına baxmayaraq tez-tez qəza vəziyəti yaranır”.

C.Nağı  bir tovuzlu kimi rayonun səhiyyə və təhsil sistemindən kifayət qədər narazı olduğunu vurğulayıb.

“Səhiyyə ilə bağlı, xüsusilə ginekoloji sahədə Tovuz rayonun bu gün də problemləri var. “Himayədar” Hümanitar Təşkilatının apardığı sorğuda göstərilib  ki, bu rayonda ana və uşaq ölümü artıb.

Çox təəsüflər olsun ki, təhsillə də bağlı optimist danışa bilməyəcəm. Tovuz rayonunda təhsil sistemi çökür və çökməkdə davam edir. Bunu qəbulların nəticələrinə baxanda da görmək olur”.

Həmkarımız rayon əhalisinin əsasən əkinçilik və maldarlıqla məşğul olduğunu qeyd etdi: “Xüsusilə, pay torpaqlarında ən çox  kartof, qarğıdalı, soğan becərilir. SSRİ vaxtında Tovuz  uzun müddət üzümçülük rayonu olub, sonrakı dövrdə üzüm tarlaları məhv edildi, amma indi özəl olsa da, həmin sahə inkişaf etdirilir”.

“Rayon icra başçısı ilə əhali arasında münasibətlərin necə olduğunu bilmək üçün gərək rayonda yaşayasan” deyən Ceyhun Nağı bu barədə ümumi danışdı.

“Ümumi söhbətin əsasında deyə bilərəm ki, Tovuz rayonunun indiki icra başçısı  Tofiq Zeynalovdur və Zeynalovlar Tovuz rayonunda məşhur soyaddır. Rayon camaatı böyük, tanınmış nəslə hörmətlə yanaşıb. Həmid Bağırovun yerinə Tofiq Zeynalovun namizədliyi irəli sürüləndə və təyinatı qətiləşəndə mən onda rayonla bağlı bir yazı da yazmışdım ki, “Zeynalovlar Tovuz rayon camaatının sonuncu ümid yeridir”.
Yəni bu icra başçısı gələndə problemlər həll olunacaq, amma təəssüflər olsun ki, hələ heç bir dəyişiklik hiss olunmur. Rayonda ancaq kosmetik dəyişikliklər aparılır, məsələn hansısa binanın üzünü söküb təzdən gözəlləşdirilər, asfalt yol çəkilir. Əhali isə nə asfalt, nə daş, nə metlax yeyir. Əhali ərzaqla qidalanır, qidalanmaq üçün də pul lazımdır, pul qazanacaq mənbələr lazımdır və bunların heç birini hələ bu neçə ildə biz görmürük”.

Ceyhun Nağı rayon icra başçısının fəaliyyətindən narazı olsa da, millət vəkili Qənirə Paşayeva haqqında ürək dolusu danışdı.

“Tovuz rayonunun millət vəkili Qənirə Paşayevadır və tovuzlu olmayanlar belə Qənirə xanımın fəaliyyətini görür. Qənirə Paşayeva savadlı, qabiliyyətli, həm də çox fəal deputatlardandır. Həm öz seçildiyi dairə üçün, həm də bütövlükdə Azərbaycan üçün Qənirə xanım gücü daxilində nə iş bacarıbsa, edib. 20-30 fakt dayanmadan sayaram ki, Qənirə xanım Tovuz rayonunda olanda problemləri bilib və yerində həll edib. Bəzi əlil insanların pensiya məsələlərini həll edib. Əhalidən soruşsanız belə, onlardan çoxu Qənirə Paşayevanın fəaliyyətindən razı olduğunu bildirəcək. İnsanlar sosial problemlər içində yaşayırlar, rayon rəhbərliyi bunun öhdəsindən gəlmir və ya gəlmək istəmir, amma Qənirə xanım həmin problemi yerində həll edir. Tutaq ki, icra strukturları insanın qanuni haqqını vermək istəmir, amma millət vəkili bunu onların əlindən zorla alır və insanlara verir”.

“Tovuzda regional inkişafın yüksək səviyyədə olduğunu demək qeyri-mümükündü…”

“Ekspert” jurnalının redaktoru Dünya Camalova Tovuzun xeyli kəndinin Ermənistanla həmsərhəd olduğunu və o kəndlərin sosial-iqtisadi inkişafı üçün görülən işləri yetərli saymadığını bildirdi:
“Tovuzda işsizlik kifayət qədər yüksək səviyyədədir, əhalinin əsas dolanışıq yeri kənd təsəsrrüfatı, əkin-biçindir. Son illərdə obyektiv və subyektiv səbəblərdən bu sahədə çox ciddi problemlər var. İnsanların maddi vəziyyəti imkan vermir ki, əllərində olan torpaq sahələrini əkib becərsinlər, məhsul götürsünlər. Digər tərəfdən isə zərərvericilər imkan vermir ki, məhsul yetişsin və normal məhsul əldə olunsun. Eyni zamanda, subyektiv səbəblər də var ki, rayonda suvarma ilə bağlı ciddi problemlər mövcuddur. Bu problemlər hələ neçə illərdir ki, həllini tapmayıb”.

D.Camalova Tovuzda infakstrukturun da vəziyyətini  yüksək qiymətləndirmir: “Enerji, qaz təhcizatı sahəsində problemlər var. Rayonun dağ kəndlərinin əksəriyyəti və aran kəndlərinin də bir-ikisində də qaz təhcizatı yoxdur. Elektrik enerjisinin verilməsi də aşağı səviyyədədir. İşıq sərhəd kəndlərində də fasilələrlə verilir”.

“Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Bu proqramla bağlı hesabatlara baxanda görünür ki, Tovuzda hansısa müəssisələr yaradılıb, hansı işlər görülüb, amma faktiki olaraq o müəssisələrdə işləyən insan tapmaq mümkün deyil. Bu müəssisələrin bir çoxu kağız üzərində mövcuddur və indinin özündə belə işləmir” deyə D.Camalova əlavə edib.

Həmkarımızın fikrincə, Azərbaycan üçün xarakterik olan ən böyük problemlər – işsizlik, sosial təminat problemləri Tovuzda da mövcuddur.

“Aqrar sektor bərbad vəziyyətə düşüb. Sovet dövrünün ən yaxşı üzümçülük rayonlarından olan Tovuzda bu gün üzümçülük sahəsi tamamən dağılıb. Son vaxtlar müəyyən yeni üzümlüklərin salınması müşahidə olunur, amma bunu yetərli saymaq mümkün deyil. Zahiri dəyişiklər də baş verib. Son illər yeni icra başçısı təyin olunandan sonra rayonun mərkəzindəki Heydər Əliyev küçəsi abadlaşdırılıb,amma faktiki olaraq Tovuzda ciddi bir dəyişiklik əlaməti görmürəm”.

Dünya Camalova rayonun təhsil və səhiyyə sistemindən də danışdı: “Təhsil sahəsində ölkədə olan problemlər Tovuzda da mövcuddur. Rayonda təhsilin səviyyəsini yüksək qiymətləndirmək mükün deyil. Tanıdığım kəndlər var ki, son 10 ildə ordan ali məktəblərə qəbul olanların sayını barmaqla saymaq mümkündür.

Səhiyyə sistemində özəl fəaliyyət göstərən həkimləri çıxmaq şərtilə normal bir xidmət görmək mümkün deyil. Rayon mərkəzi xəstəxanasının yeni binası tikilir, bəlkə o tikiləndən sonra nəsə dəyişiklik olsun. Bir sıra dəyişiklikləri çıxmaq şərtilə Tovuzda regional inkişafın yüksək səviyyədə olduğunu demək qeyri mümkündür”.

Rayon icra başçısı ilə əhali arasında münasibətləri dəqiq bilmədiyini deyən Dünya xanım rayonun millət vəkili Qənirə Paşayevanın işçi fəaliyyətindən danışıb.

“Rayon icra başçısının birbaşa görməli olduğu işləri Qənirə Paşayeva Milli Məclisinin üzvi olaraq yerinə yetirir. Çox aktiv, insanların problemlərinə, həyat şəraitinə qayğı ilə yanaşan bir millət vəkilidir”.

“Rayonda problemlər sadəcə yol infrastrukturu ilə bağlı ola bilər”

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Elbrus Cəfərli bildirib ki, bu bölgə daha çox inkişaf təsərrüfatı və aqrar sənaye sahəsi üzrə ixtisaslaşıb: “SSRİ dövründə rayonda çoxlu aqrar sənaye kompleksləri, emal müəssisələri, iri kənd təsərrüfatı obyektləri mövcud olub. SSRİ dağılandan sonra isə onların böyük əksəriyyəti sıradan çıxıb. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə də Heydər Əliyev hakimiyyətə gəldikdən sonra o bölgəyə diqqət və qayğı artdı. Burada  mövcud resursların səfərbər olması, iqtisadi resursların və əmək ehtiyatlarının işə salınması üçün addımlar atıldı, xüsusilə də 1997-1998-ci illərdən sonra həmin bölgədəki mövcud olmuş iri müəssisələr tamamilə yenidən quruldu və bu müəssisələrin böyük əksəriyyəti indi də tam gücü ilə işləyir.

Bundan əlavə, 2003-ci ildən sonra  cənab prezident İlham Əliyevin rəhbərləyi ilə  regionların inkişaf proqramı ilə bağlı bir sıra tədbirlər həyata keçirildi. Həmin proqram nəticəsində Tovuzda böyük sənaye kompleksləri meydana gəldi. Aqrar sənaye ilə yanaşı digər sənaye kompleksləri də inkişaf etdi. Yeni sahibkarlıq fəaliyyəti üçün bölgədə geniş imkanlar açılıb”.

Həmkarımızın sözlərinə görə, həmin sahələrdə inkişaf infrastruktrun, rabitə, nəqliyyat, kommunal sahələrin də inkişafına səbəb olub.

“SSRİ vaxtında qazlaşdırılmayan bölgələr qazla təmin olunub. Kəndlərin 80 faizinə qaz xətləri çəkilib. Elektrik enerjisi təhcizatı yaxşı səviyyədədir və rabitə-kommunal sahədə mühüm dəyişiklər baş verib. Təbii ki, bunlar birinci mərhələdə görülən işlərdir.

Elə ucqar kəndlər var ki, orda qaz xətlərinin çəkilməsi mümkün deyil, elə kəndlər də var ki, orda 20-25 ailə yaşayır. Qazlaşdırma ümumiyyətlə dağın zirvəsində mümkün deyil, amma onların da istilik təminatı ilə bağlı müəyyən işlər görülür.

Problemlər yol infrastrukturu ilə bağlı ola bilər. Bu dəqiqə dövlətin həyata keçirdiyi işlər birinci, ikinci dərəcəli magistral yolların təmiri ilə bağlıdır, məhəllidaxili, kəndarası yolların təmiri üçün böyük maliyyə resursu lazımdır. Bunlar da həyata keçirlir. Məsələn, 2010-cu ildə Tovuzun 4-5 kəndində asfalt örtüyü salınıb, bəzi kəndlədə isə müəyyən vasitələrlə yolların təmirinə başlanılıb. Hər rayonun özünəməxsus, spesifik iqtisadi problemləri var və bu problemlərin aradan qaldırılması yəqin ki qarşıdakı illərdə mümkün olacaq”.

Elbrus Cəfərli səhiyyə və təhsil sahəsindəki vəziyyət barədə də danışdı: “Səhiyyə müəssisələrinin fəaliyyəti üçün son bir-iki ildə canlanma yaranıb. Düzdür, xəstəxana və polinikaların vəziyyəti o qədər də yüksək səviyyədə deyil, amma təmir bərpa işlərinə başlanılıb. Eyni zamanda rayonun mərkəzində böyük Diaqnostika mərkəzi tikilir və bu rayonun tibbi xidmətlər ilə tam təmin olunmasına imkan yaradacaq.

Azərbaycanın  ucqar kəndlərində olduğu kimi Tovuzun da ucqar kəndlərində təhsil müəssisələri, orta məktəblərin bərpasına, yenidən tikilməsinə ehtiyac var. Bu sahədə müəyyən işlərin görülməsi vacibdir. Düzdür, məktəblər tikilib, eyni zamanda onların infrastrukturları da təmin olunub. Digər bölgələrlə müqayisədə Tovuzda təhsil alanların səviyyəsi, ali məktəblərə qəbul olanların sayı yüksəkdir”.

Elbrus Cəfərli deyir ki, Tovuza ildə bir dəfə getdiyindən rayon icra başçısının əhalinin problemləri ilə necə maraqlnadığını və ya qəbul etdiyini, əhalinin hansısa formada qayğısına qaldığı barədə bir şey deyə bilməz: “Mən görmədiyim şey barədə nə deyə bilərəm. Sosial məslələrlə bağlı bütün rayonlarda müəyyən strukturlarda dövlət məmurlarının nöqsanları mövcuddur. İstisna etmək olmaz ki, bütün məmurların vətəndaşların problemlərini açıq şəkildə yanaşır, onların qayğısına yüksək səviyyədə qalır. Ümumi şəkildə sosial vəziyyət ilə bağlı hansısa narazılıq yoxdur, sadəcə kiminsə  xırda məişət problemləri ilə bağlı narazılığı ola bilər”.

“Qənirə Paşayeva deputat kimi öz üzərinə götürdüyü missiyaları birinci beş illikdə tamamilə doğrultdu” deyən Elbrus Cəfərli rayon əhalisinin də ondan yüksək səviyyədə razı olduğunu bildirdi: “Qənirə xanım camaatın problemləri, onların vəziyyəti, sosial infrastruktur şəraitinin yaxşılasdırılması ilə bağlı parlamentdə daim təşəbbüslər irəli sürüb. Rayon İcra Hakimiyyəti səviyyəsində digər məslələrlə bağlı koordinasiyalı şəkildə bu işlərin həllində iştirak edib və böyük əksəriyyətinin də həllinə nail olub. Qənirə Paşayevanın bu sahədə gördüyü işlər rayon əhalisi tərəfindən yüksək səviyyədə təqdir olunur”.

Uşaq xəstəxanasında oldum və dəhşətə gəldim...”

“Yeni Müsavat” qəzetinin iqtisadiyyat yazarı Həbibə Abdulla rayonda ümumi vəziyyətin qismən ürəkaçan olduğunu bildirdi: “Ölkədə, həmçinin Tovuzda da Azərbaycanın imkanları səviyyəsində olmasa da, müəyyən inkişaf var. Mən demirəm ki, rayonda zavodlar, fabriklər, müəssisələr açılıb, işsizlik problemi həll edilib, yerli istehsal yüksək səviyyədədir. Xeyr, insanlar əvvəlki qədər olmasa da, çətinliklə çörəkpulu qazanırlar”.

H.Abdulla Tovuzun kənd təsərrüfatı rayonu olduğunu qeyd etdi: “Rayonumuz kənd təsərrüfatı rayonudur, heyvandarlıq və əkin-biçin üçün əlverişli imkanlar var, amma əhali bu imkanlardan o qədər də yararlana bilmir. Buna həm yerli İcra Hakimiyyətin yaratdığı problemlər, həm də əmək qabiliyyətli əhalinin, daha çox da kişilərin ölkədən xaricdə olması mane olur. Təkcə bizim 500 evlik kəndimizdən 60 ailə bütövlükdə Rusiyada yaşayır, 300-dən artıq ailədən isə oğlanlar, kişilər Rusiyada çörəkpulu qazanırlar”.

“Bizim kəndimiz sərhəddə yerləşir, ona görə də yolu yüksək səviyyədə olmalıdır” deyən Həbibə xanım bu sahədə də problemlərin olduğunu vurğulayır: “Təəssüflər olsun ki, uzun illər kənd camaatı çox ciddi yol problemləri yaşamalı olub. Son iki-üç ildə kəndin girişində su anbarı tikildiyi üçün yolu dəyişiblər və nə yaxşı ki, yeni yol əvvəlkindən fərqli olaraq asfaltlanıb. Kəndarası yoldan isə danışmağa dəyməz. Rayonumuzun dağ kəndlərində də ötən ilə qədər yollar bərbad vəziyyətdə idi.

Dağ kəndlərinin əksəriyyətində qazsızlıq problemi hələ də qalmaqdadır. Şükürlər olsun ki, heç olmasa son illər elektrik enerjisi ilə təminat yaxşıdır”.

Həmkarımızın sözlərinə görə, səhiyyə ilə bağlı ölkə üzrə mövcud olan problemlər Tovuzdan  da yan keçməyib: “Ailəmizdə, qohum-əqrəbada bir az ciddi xəstə olanda məcbur olub Bakıya gətiririk ki, burada yaxşı həkim tapmaq bir qədər asandır. Xəstəxanalarımıza gəldikdə, ötən ilin sentyabrında rayonun uşaq xəstəxanasında oldum və sözün düzü, dəhşətə gəldim. Uşaqlara masanın üzərində sistem qoşmuşdular”.

Həbibə Abdulla deyir ki, məktəblərlə bağlı o qədər də dəqiq danışa bilməz, çünki başqa kəndlərdən xəbəri yoxdur: “Amma öz kəndimizin məktəbinin ürəkaçan səviyyədə olduğunu deyə bilmərəm. Bir neçə il əvvəl Heydər Əliyev Fondu oranı təmir etdirdi, əlavə korpus tikildi. Kənddə qaz ola-ola məktəbdə istilik odunla təmin olunur. Bunun səbəbini mən anlaya bilmirəm”.

H.Abdulla rayon icra başçısı haqqında məlumat verməsə də, Tovuzdan seçilən deputatın gördüyü işlərdən danışıb: “Bizim kəndimiz 105 saylı dairənin ərazisinə düşür, deputatımız Qənirə Paşayevadır. Bəzən mənə elə gəlir ki, Qənirə xanım şikayətləri sadəcə yaxşı dinləyir, bəzən də elə bilirəm ki, o olmasa vəziyyət çox pis olar. Görünür, bir sıra hallarda deputatın da həll edə bilmədiyi, əlindən bir şey gəlmədiyi məsələlər olur. Amma ümumilikdə, əhali ona çox güvənir. Hətta seçkidən əvvəl kəndimizin camaatı məndən xahiş etmişdi ki, Qənirə xanımı yenidən deputat görmək istədiklərini, ona səs verəcəklərini qəzetdə yazım”.

“Tovuzda bütün rüşvətxorluq təhsil və səhiyyə sahəsindədir...”

“Ekspress” qəzetinin əməkdaşı Bəkir Nərimanoğlu bildirir ki, Tovuzda daimi yaşamasa da, tez-tez gedib gəlir: “Tovuz cəbhə bölgəsidir və bura da əhalinin yaşayış şəraitinə görə digər rayonlardan fərlənmir. Azərbaycanın bütün rayonlarına xas olan spesifik problemlər, məsələn, heç bir investisiya şəraitinin olmaması Tovuz rayonuna da məxsusdur. Digər bölgələrə nisbətən Tovuzun digər problemi hakimiyyətin son bir neçə ilə kimi bura ögey yanaşmasıdır”.

B.Nərimanoğlu Tovuz rayonun əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik olduğunu qeyd edir: “İlbəil bu sahədə azalmalar Tovuz rayonunda da baş verir. Burada da əhali başqa rayonlarda olduğu kimi, korrupsiya halları ilə qarşılaşırlar. Rayonda bir neçə şirkətlər var idi ki, onlar özbaşınalığa görə ordan getdilər”.

Həmkarımız yol ilə bağlı problemləri də açıqlayıb: “Rayonun Böyük Qışlaq yolu deyilən yolu çox təhlükəlidir və o yolu bir müddət əvvəl dövlət vəsaiti hesabına tikmişdilər. Amma üstündən iki-üç ay keçəndən sonra dağıldı. Ən pis korrupsiya halıdır ki,  Tovuzda xüsusi idarələr – “Artezian”, “Ceyranbatan” idarəsi işçilərini heç bir müqavilə bağlamadan, pul ödəmədən aparıb işlədiblər, hansı ki dövlət vəsaiti yeyilib. Rayonun  ən vacib, düzəlməli yollarından biri Tozuzdan Gədəbəyə gedən Qovlar deyilən yoludur ki, o yol da çox bərbad vəziyyətdədir. Əslində, həmin yol bərpa olunmalıdır, çünki həm qış, həm də yazda təhlükəsizlik baxımından o yoldan istifadə  daha əlverişlidir. Tovuzun mərkəzi yollarında problem olmasa da,  kəndiçi yollarının heç biri təmir olunmayıb”.

Həmkarımız təhsil, səhiyyə ilə bağlı da öz fikirlərini bildirib: “Azərbaycan elə bir yerdir ki, burada hansısa rayonu xüsusi fərqləndirmək mümkün olmur. Tovuzda da bütün rüşvətxorluq təhsildədir, korrupsiya baş alıb gedir, uşaqları fondpulu, süpürgəpulu ilə bezdirirlər. Rayonda  təmir olunan məktəblər də var. Məktəblər təmir olunanda ora ancaq stol-stul qoyurlar. Axı məktəb təkcə stol, stuldan ibarət deyil.

Səhiyyədən isə qismən məlumatım var. Deyirlər ki, təzə aparatlar bir-iki yerdə quraşdırılıb. Dövlət xəstəxanalarında əsas məsələ rüşvət, korrupsiya ilə bağlıdır. Doğum evi çox bərbad vəziyyətdədir. Axırıncı dəfə qardaşım qızı dünyaya gələndə özüm bunun şahidi olmuşam, adam əvvəlcədən bilsə ki, belə yerdə doğulur, heç dünyaya gəlmək istəməz”.

Bəkir Nərimanoğlu rayon İcra Hakimiyyətində həftənin ikinci günlərinin qəbul günü olduğunu qeyd edib.

“Sistem elədir ki, ola bilsin ki, icra başçısı bir-iki nəfərin problemini həll etsin. Amma kütləvi sürətdə o problemlər həll olunmur. İki-üç saatlıq qəbulda beş-altı nəfər qəbula düşür, onların da problemi ya həll olunur, ya da olunmur. Tovuz rayonunda əsasən bələdiyyələrlə vətəndaşların çox ciddi problemləri var. O qədər problemlər mövcuddur ki, bu yalnız icra başçısının yox, ölkədə olan sistemin problemidir”.

“Qənirə Paşayeva ictimaiyyətin, medianın dilini bilən adamdır, hiss olunur ki, o təsir edə bilir. Qənirə xanıma bir neçə dəfə şikayət edənlər olub, əlillər, xəstələrin şikayətlərini dinləyib onları kömək edib. Bu, müsbət haldır. Amma deputatın hüquq və vəzifələri vətəndaşın problemlərini müxtəlif qurumlar qarşısında qaldırmaqdır. Praktiki nəticəsi olmasa da, rayona səfirləri aparır. Səfirlərin sərhəd bölgəsi ilə tanış olmasını yüksək qiymətləndirirəm” deyə sonda Bəkir Nərimanoğlu deputat barədə də fikirlərini əlavə edib.

Aytən ƏLIYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir