Modern.az

Vergi yoxlamalarının sayı azalıb

Vergi yoxlamalarının sayı azalıb

8 İyun 2016, 12:41

Azərbaycanda vergi yoxlamalarının sayı azalıb. Modern.az saytının məlumatına görə, bu fikirləri Vergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyevin “Vergilər” qəzetinə müsahibəsində bildirib.

 

T.Quliyev bildirib ki, ötən dövr ərzində aparılan səyyar vergi yoxlamalarının və ümumiyyətlə vergi nəzarəti tədbirlərinin sayında azalma müşahidə edilib.

 

Onun sözlərinə görə, 2015-ci ilin oktyabr ayının 1-nə olan tarixə səyyar vergi yoxlaması üzrə açılmış qərarların sayı 4704 olduğu halda, 2016-cı ilin iyunun 1-i tarixinə onların sayı 2034 olub ki, bu da səyyar vergi yoxlaması qərarlarının sayının təxminən 2,3 dəfə azalması deməkdir:

 

“2016-cı ilin yanvar-may ayları ərzində 2509 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2219 ədəd və ya 46,9% az olub.

 

2015-ci ilin yanvar-may ayları ərzində 36066 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 38190 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 4242 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 4743 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri ilə əhatə olunmuş vergi ödəyicilərinin sayının 8,5 dəfə azalması deməkdir.

 

Operativ vergi nəzarəti tədbirləri zamanı keçən ilin yanvar-may aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği 10 milyon 963,6 min manat olduğu halda, bu ilin cari dövrü ərzində bu göstərici cəmi 387,3 min manat təşkil edib. Operativ vergi nəzarəti tədbirləri zamanı aşkarlanmış 1835 hal üzrə vergi ödəyicilərinin vergi qanunvericiliyinin pozulması halları üzrə məsuliyyətdən imtina qərarları çıxarılıb ki, bu da həmin vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmamasına imkan verib”.

 

Qurum rəsmisi həmçinin qeyd edib ki, cari ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisi tərəfindən 118 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib:

 

“Bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər aidiyyəti üzrə göndərilib.

 

Bundan əlavə, aksizli malların istehsalı və satışı ilə məşğul olma fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 21,9 min manat məbləğində 2,2 min ədəd saxta aksizli mallar, 37,7 min manat məbləğində 8,6 min ədəd aksiz markası olmayan malların satışı halları və aksizli malların satış məqsədi ilə nağd qaydada alınmasına görə 146,2 min manatlıq 22,6 min ədəd mal aşkar edilib. Eyni zamanda, kustar üsulu ilə spirtli içki istehsal edən 2 şəxs müəyyən edilərək, bu hallar qanuna müvafiq qaydada rəsmiləşdirilib və sənədlər cinayət işinin başlanılması üçün aidiyyəti üzrə göndərilib.

 

Operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

 

Keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir. Vergi orqanları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyən hallar demək olar ki, yoxdur.

 

Bu sahədə riskli hesab edilmiş 257 vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib”.

 

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?