Modern.az

“Azərbaycan qadını” jurnalının təqdimatı keçirildi

“Azərbaycan qadını” jurnalının təqdimatı keçirildi

14 Yanvar 2011, 19:43

Modern.az saytı xəbər verir ki, bu gün Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının  yeni sayının təqdimatı keçirilib.

Jurnalın qış -2010/11- sayında oxuculara ilk növbədə Milli Məclisin yeni tərkibinə seçilən 20 xanım deputatla maraqlı müsahibələr təqdim edilib. Bu müsahibələrdə onların uşaqlıq və gənclik illəri ilə bağlı xatirələri, siyasətə, incəsənətə, tarixi abidələrə münasibətləri əks olunub.   

“Azərbaycan qadını” nın oxucularını həmçinin uçan xalçalarda qeyri-adi bir səyahət gözləyir. Belə ki, yenicə yola saldığımız ilin noyabrında Heydər Əliyev Fondu ilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birlikdə təşkil etdiyi «Azərbaycan: uçan xalçalarda nağıllar dünyasına» adlı sərginin təfərrüatları ilə jurnalda tanış olmaq mümkündür.

“Azərbaycan qadını” oxucularına 1992-2006-cı illərdə ABŞ-da Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri, hazırda xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hafiz Paşayevlə “Pyedestal” rubrikasında maraqlı bir görüş təqdim edib.

Deyilənə görə, dünyada ən məşhur opera olan “Karmen”in xüsusi ovsunu var. Onun hər yeni quruluşu teatr və aktyorlar  üçün qeyri-adi hadısəyə çevrilir. 2010-cu ilin bir payız günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində gənc Regina Rüstəmovanın ifasında canlanan Karmen ölkə melomanlarına unudulmaz anlar bəxş etdi. Musiqisevərlər Moskva Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz  Regina Rüstəmova ilə yenidən görüşə biləcəklər – amma bu dəfə “Azərbaycan qadını”nın səhifələrində.

Jurnalın bu sayında həyatının çox hissəsini teatrda keçirən daha bir gənclə yaxından tanış olacaqsınız. Bu, gözəl qamətli və zərif balerina Çinarə Əlizadədir.

 “Azərbaycan qadını ”jurnalının bu sayında oxuculara həmçinin Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalı, Azərbaycanın əməkdar artisti, professor Yeganə Axundovanın yaradıcılığı, tanınmış şair Onegin Hacıqasımovun taleyi ilə bağlı zəngin materiallar və müxtəlif mövzuda digər yazılar təqdim olunur.

Jurnalın hər sayının oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunması artıq bir ənənəyə çevrilib. Bu dəfə gənc qadın xanəndələrin ifasında ecazkar Muğam axşamı keçirilib.

Güllü Muradova, Vəfa Orucova, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və Rəvanə Ərəbovanın ifasında  “Şur” dəstgahı və qədim “Bayatı-Şiraz” səslənib. Onları “Xarı bülbül” muğam qrupu müşayiət edib.

Qeyd edək ki, “Azərbaycan qadını”jurnalının baş redaktoru Fatma Abdullazadədir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır