Modern.az

"Rəhbərin şəkli qəzetin qatlanan hissəsinə düşsəydi, adamın atasını yandırardılar"

"Rəhbərin şəkli qəzetin qatlanan hissəsinə düşsəydi, adamın atasını yandırardılar"

Media

17 Yanvar 2011, 12:42

"Ən yaxşı şəkil təsadüfən çəkilir"

Elxan 60 yaşında "Türküstan"a daha nələr demişdi?


Təxminən bir ay öncə Azərbaycanın məşhur fotoreportyoru Elxan Kərimovu itirdik. Təkcə doğmaları deyil, yüzlərlə insan Onun itkisini ən yaxın adamını itirirmiş kimi qarşıladı. Çünki, bu sevgi, bu doğmalıq bir-iki gündə deyil, onillər boyu qazanılmışdı.
Elxan bizim - "Türküstan" ocağı üçün də dəyərli bir insan idi. İki il əvvəl 60 yaşının tamamında ondan müsahibə götürmüşdük. İndi Onun əziz xatirəsini yad etmək üçün Elxanın həyat yolundan bəhs edən həmin müsahibəni bir daha təqdim edirik.

- Elxan bəy, jurnalistlərdən fərqli olaraq fotoqrafların işi "səhnə arxasında" olduğu üçün o qədər də tanınmırlar. Amma Siz az qala məşhur jurnalistlərlə eyni səviyyədə tanınırsınız. Xüsusən də, "Azadlıq" qəzetindən, sonra da "Turan" İnformasiya Agentliyindən Sizi tanıyıblar. Amma bu sənətə necə başlamağınız, fotoqraflıqda keçdiyiniz yol Sizi tanıyanlar üçün yəqin ki, maraqlıdır...

- Mən əlimə fotoaparat götürəndən mətbuatda olmuşam. Mətbuatda ilk çəkdiyim şəkil 1971-ci il martın 5-də "Bakı" qəzetində çıxıb. O zaman Pedoqoji İnstitutda həftəlik "Gənc müəllim" qəzeti çıxırdı. 1971-ci ildən bu qəzetdə işləməyə başlamışam. O vaxtdan mətbuatdayam.

- Bu sənəti seçməyiniz ixtisasla bağlı olub, yoxsa həvəs sizi fotoqraflığa gətirib?

- Valideynlərim fəhlə olublar, zavodda işləyiblər. Ayda iki dəfə əməkhaqqı alırdılar. Mən də 9-10 yaşlarında ikən israrlı şəkildə fotoaparat tələb edirdim. Nə isə bir dəfə 50 manat verdilər, "Mir" fotoaparatı aldım. Elə o fotoaparatı alandan bu işə bağlandım. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmadım, getdim Hövsan qəsəbəsində fotoatelyedə şagirdliyə. Sonra Əmircan qəsəbəbəsində çalışdım. Oradandan da gəldim Pedaqoji İnstituta - indiki Pedeqoji Universitetə.

- İndiyədək çalışdığınız mətbuat orqanlarını necə sıralamaq olar?

- Artıq 40 ilə yaxındır mətbuatdayam. "Bakı" qəzetindən başlamışam, "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Kommunist" qəzeti, sonra da "Azadlıq" və "Turan" Agentliyi...

- Maraqlıdır, qəzet fotoqrafı işləmək sovet dövründə asan idi, yoxsa indi?

- İndi asandır, o vaxt çox çətin idi. Sovet dövründə mən əsasən sifariş əsasında rayonlara gedirdim. Qəzet aparırdın, hər şəkli götürmürdülər. Ümumiyyətlə qəzetdə hər şəklin özünün səhifəsi vardı. Məsələn, rəhbərin, rəhbərliyin şəkli həm birinci səhifədə gedirdi, həm içəridə. Özü də bu şəkli elə verirdilər ki, qəzetin qatlanan hissəsinə düşməsin. Rəhbərin şəkli qəzetin qatlanan hissəsinə düşsəydi, adamın "atasını yandırardılar". İndi şəkilləri qəzetin harasında gəldi, verirlər. Hətta bəzən şəkli elə kiçik verirlər ki, şəkildəkinin kim olduğunu aydınlaşdırmaq mümkün olmur. Sovet dövründə qəzetdə şəkillər böyük verilirdi. Ümumiyyətlə yazının cəlbediciliyinin 50 faizi şəkillə bağlıdır.

- Bəs dolanışıq baxımından necə? Axı o dövrdə mətbuat işçisinə özəl bir qayğı göstərirdilər. Xüsusən də rayonlara ezamiyyətə gedəndə...

- Ümumiyyətlə, o dövrdə mətbuat işçilərinə "hörmət" təklif edənlər çox olurdu. Əsasən də, rayonlarda. Amma o "hörmət"i götürmək böyük risq idi. Götürülən "hörmət" ən yaxşı halda meyvə, ət və bu kimi bağlamalar ola bilərdi. Mən sizə bir şey deyim, məsələn, o vaxt şəklin birinə sovet pulu ilə beş manat qonorar yazırdılar və ondan 12 qəpik tuturdular gəlir vergisi kimi. 4 manat 88 qəpik bir şəklə qonorar idi. Bir də görürdün, ayda 20-25 ədəd şəklim gedirdi qəzetdə, ayda bir dəfə gedirdim mərkəzi poçta qonorarımı alırdım. Hətta bir dəfə rəhmətlik Tofiq Bəhramovla bir yerdə almışdıq qonorarımızı.

- Elxan bəy, sovet dövrünü xatırladıq. Fotoqraf işlədiyiniz 40 ilin yarısı sovet dövrünə, yarısı da müstəqillik dövründə düşüb. Və müddətdə tək siyasi sistem deyil, texnika da dəyişib. Uzun illər sovet texnikasından istifadə etmiş Elxan bəyin, bu yaşda yeni texnikaya - elektron fotoaparata keçidi çətin olmadı ki?

- Çətin oldu. Hər şeydən əvvəl bu fotoaparatın özünə öyrəşmək lazım idi. Daha sonra çəkdiyin şəkilləri kompüterə köçürmək lazım gəlir. Amma təbii ki, indiki texnologiyanın yeri başqadır. Əvvəlki texnika ilə bir şəklin başa gəlməsi böyük zəhmət tələb edirdi. İndi bu bir anlıqdır. Həm keyfiyyətinə, həm ölçüsünə görə... İstədiyin ölçüdə şəkil  çıxara bilirsən.

- Yəqin ki, bu 40 illik fəaliyyətinizdə maraqlı anlar da az olmayıb...

- Yadıma gəlir Pedaqoji İnstitutda işləyəndə, ədəbiyyat fakültəsində bir görüş keçirilirdi yazıçı, şairlər də oturmuşdular sədarətdə. Tədbiri də indi də Pedaqoji Universitetdə işləyən Afat Qurbanov aparırdı. Bir neçə müəllim danışandan sonra Afat müəllim dedi ki, indi də Mircəlal müəllimə söz veririk. Mircəlal müəllimə söz verməzdən qabaq universitetin rəhbərliyi ona deyirdi ki, yuxarı kursları götür, həm yazıçısan, həm professorsan, amma o götürmürdü. Həmişə birinci kursları götürüb mühazirə oxuyurdu. Bu dəfə də həmin məsələni Mircəlal müəllimə deyəndə söylədi ki, birinci kurslardan dağın, çayın ətri gəlir. Buna görə də onlara dərs deyəndə zövq alıram.

Bir dəfə də Mərkəzi Komitənin elm-təhsil şöbəsinin müdiri Fikrət Əhmədov Pedoqoji İnstituta qonaq gəlmişdi. Mən də cavan uşaq idim, bir az sıxılırdım. Məni yanına çağırdı ki, fotoqraf belə olmaz ey. Gərək fotoqrafı qapıdan qovanda,  pəncərədən gələ.

1976-cı ildə rəhmətlik şairimiz Süleyman Rüstəmin şəklini çəkməyə getmişdim. O, siqaret çəkirdi. Mən də o tərəfə, bu tərəfə keçib maraqlı kadr götürmək istəyirdim. Kişi yarıciddi, yarızarafat dedi ki, "əşşi, bir imkan ver,  siqaretimizi çəkək də". Sonra çəkdiyim şəkil Süleyman Rüstəmin 70 illik yubileyində "Kommunist" qəzetində getdi.

- Fotoreportyor olub, ekstremal situasiyalarla qarşılaşmamaq mümkün deyil. Çoxmu rastlaşmısınız təhlükələrlə?

- Əsas təhlükələr icazəsiz keçirilən kütləvi aksiyalar zamanı olub. Xüsusi yadımda qalan isə 2001-ci ildə Bakının Nardaran qəsəbəsində baş verən iğtişaşlar zamanı yaşadığım anlardır. Nardaranda vəziyyətin ağır olduğunu eşitim, gecə saat ikiyə işləmiş maşınımla şəhərdən oraya üz tutdum. Yolda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Yaşar Əliyev mənə zəng etdi. Bilmirəm, nömrəmi haradan tapmışdı. Dedi, hara gedirsən, dedim Nardarana. Dedi ki, orada vəziyyət gərgindir, məsləhət görmürəm gedəsən. Buna baxmayaraq mən getdim. Və gedib gördüm ki, vəziyyət doğrudan da dramatikdir. Təxminən 12-13 maşın yanırdı, görünən mənzərə müharibə səhnələrini xatırladırdı. Mənə qarşı xoşagəlməz reakasiya da ola bilərdi. Təsəvvür edin, camaat nə hayda, mən də gəlmişəm, şəkil çəkməyə. Doğrusu özüm də bir az qorxdum. Amma elə gecəykən də şəkilləri mərkəzə çatdırdım. Şəkillər sabah qəzetlərin birinci səhifələrində çıxmışdı.

- Yəqin ki, məşhur insanların şəkillərini də az çəkməmisiniz.

- Məşhurlar içərisində rəhmətlik Əbülfəz Elçibəyin çəkdiyim bir şəklini heç unuda bilmirəm. Bu şəkli həyatım boyu çəkdiyim minlərlə şəkil içərisində ən şah əsər hesab edirəm. Bunun kiçik bir tarixçəsi var. 1999-cu il idi. Mən “Azadlıq”da işləyirdim, foto laborotoriyam vardı. Gündüz saat 3-4 olardı, Ədalət Tahirzadə gəldi ki, evə getmə Bəy gələcək, şəklini çəkməlisən. Xeyli gözlədik, Əbülfəz bəy, axşam saat 10-da gəlib çıxdı. İçəri girəndə üzr istədi ki, "bəy, bağışla, gecikdiyimizə və səni gözlətdiyimizə görə".
Bu onun yüksək mədəniyyətinin, səviyyəsinin göstərici idi. Gəldi, oturdu bu məşhur şəkli çəkdik. Mən elə bilirəm, nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti yaşayacaq, bu şəkil də yaşayacaq. Qeyd edim ki, Bəy dünyasını dəyişəndə, o şəklin arxa fondakı qırmızı rəngi, göy rənglə əvəzləndi. Və dəfn mərasimində, sonra da qəbrinin üstündə qoyuldu.

ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın şəkilini isə 2005-ci ildə çəkmişəm. O, parlament seçkisi qabağı senator Riçard Luqarla birlikdə Bakıya gəlmişdi. Mətbuat konfransında çəkdiyim şəkil bax belə maraqlı alındı. Ümumiyyətlə, ən yaxşı şəkil təsadüfən çəkilir.

- Oğlunuz Turxan da, demək olar ki, yolunuzu davam etdirir. Əvvəl fotoqraflıqdan başladı, indi köşə yazısı yazır. Onun mediaya gəlməsində sizin nə qədər təsiriniz olub?

- Yox, mənim xüsusi təsirim olmayıb. Sadəcə, evdə daim fotoaparat olduğu üçün o bəzən məndən xəbərsiz götürürdü şəkillər çəkirdi. Yəni uşaqlıqdan həvəsi var, pis də çəkmir. Amma mənə elə gəlir ki, onun yazmağı çəkməyindən daha yaxşıdır.

Aqil CAMAL
(18-24 yanvar 2009 - "Türküstan" qəzeti)

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı