Modern.az

Qəzetçilərdən TV-lərə protest: “Onların analitik verilişlərinə baxmırıq”

Qəzetçilərdən TV-lərə protest: “Onların analitik verilişlərinə baxmırıq”

Media

17 Yanvar 2011, 18:21

Telekanallar media olaraq cəmiyyətin informasiya təminatında əvəzsiz rol oynayır. Şouların meydan suladığı teleməkanda az olsa da, analitik verilişlərə yer verilir. Amma belə verilişlərin səviyyəsi, məzmunu, təqdimatı barədə birmənalı rəy yoxdur. Elə jurnalistlərin özləri həmkarlarının hazırladıqları analitik verilişlərdən narazıdırlar. Məsələn, qəzetlərdə çalışan jurnalistlər bu tipli verilişlərə baxırlarmı?

Modern.az bu suala cavab almaq üçün tanınmış qəzetçi jurnalistlərə müraciət edib.

“Heç bir verilişə baxmıram...”

“Üç nöqtə” qəzetinin redaktoru Pünhan Əfəndiyev bildirib ki, o, ancaq Sabit Bağırovun ANS-dəki verilişlərini izləyir: “Başqa heç bir verilişə baxmıram. Bəzən Azərbaycanın iqtisadiyyatı ilə bağlı proqramları izləyirəm”.
“Yerli televiziyalarda efirə çıxan aparıcıları isə demək olar ki, tanımıram”-deyə P.Əfəndiyev qeyd edib.

“Xəzər Xəbər” mənim üçün birincidir...”

“Yeni Müsavat” qəzetinin radaktoru Xalid Kazımlı isə sorğumuza cavabında bildirib ki, yerli kanallarda gedən bütün analitik verilişləri izləyir. 
X.Kazımlının sözlərinə görə, “Xəzər” televiziyasında yayımlanan informasiyalı verilişlər onu daha çox cəlb edir. “Xəzər xəbər”in ən baxımlı veriliş olduğunu söyləyən X.Kazımlı vaxt tapanda İctimai Televiziyaya, “Space”-ə, ANS-ə, ATV-də gedən analitik verilişlərə də baxdığını bildirir.  
X.Kazımlı teleaparıcılar arasında Anar Nəcəflini daha çox bəyəndiyini deyərək qeyd edib ki, bu aparıcının əl hərəkətləri, danışığ tərzi digərlərindən fərqlidir.
“Daha sonra ANS-də Ceyhun Əsgərovu bəyənirəm, İlqar Mikayıloğlu köhnə aparıcılardandır. Bir də İTV-də kriminal veriliş aparan Pərviz Abubəkirovun aparıcılığı çox xoşuma gəlir”-deyə fikrinə əlavə edib.

“Yerli kanallarda şou xarakterli verilişlər, toy və mətbəx proqramları daha çox dəbdədir”

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid etiraf edib ki, yerli kanallara nadir hallarda baxır. O, hətta yaxın bir həftə ərzində yerli kanallardan hansı birinə baxdığını xatırlamır.
Aparıcılarla bağlı sualımıza Q.Zahidin cavabı maraqlı oldu: “Əgər Mirşahin Ağayev aparıcıdırsa, mən onu tanıyıram. “İç xəbəri”in aparıcılarının adlarını bilməsəm də, onları üzdən tanıyıram. Bir də ki, Orxan Fikrətoğlunu “Gərək Qala” verilişində görmüşəm”.
Baş redaktor Azərbaycanda informasiyaların daha çox  internet vasitəsi ilə yayıldığını söyləyərək qeyd edib ki, yerli kanallarda şou xarakterli verilişlər, toy və mətbəx proqramları daha çox dəbdədir”.

“Aparıcıların adlarını eşitmişəm, verilişlərinə isə baxmamışam”

APA-nın baş direktor müavini Nurşən Quliyev qəti şəkildə yerli televiziya kanallarına baxmadığını söyləyib: “Mənim hadisələrə öz baxışım olduğuna görə, onların fikiləri məni heç də maraqlandırmır”.

“Verilişlərə çox vaxt təsadüfi baxıram”

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli
isə bildirib ki, yerli kanallarda gedən analitik verlişlərə mütəmadi olaraq baxmır: “Təsadüfən rastıma çıxarsa, baxıram”.
A.Qaraçənli arabir AzTV, İTV, “Lider” və ANS-də yayımlanan informasiyalı verilişlərə nəzər yetirdiyini vurğulayıb. O, bu verilişlərdən tanıdığı aparıcılar sırasaında Tofiq Abbasovun, Sahib Alıyevin, Anar Yusifoğlunun, Vəsilə Vahidqızının, İbrahim Məmmədovun, İlham Abdulovun, Ceyhun Əsgərovun adlarını çəkib. 

“Daha çox türk kanallarına baxıram”

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli Azərbaycanda yayımlanan heç bir televerilişə baxmadığını bildirib. Onun sözlərinə görə, türk kanallarında maraqlı proqramlar daha cəlbedicidir, nəinki yerli kanallarda efrə gedən analitik verilişlər.
 E.Cəfərli yerli aparıcılardan yalnız İbrahim Məmmədovu tanıdığını deyib. ANS-in aparıcısı Ayaz Nizamioğlunu isə kanalı dəyişərkən təsadüfən görüdüyünü vurğulayıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü