Modern.az

Zeynal Məmmədli: “Qəzetlər də elə televiziyaların günündədir...”

Zeynal Məmmədli: “Qəzetlər də elə televiziyaların günündədir...”

Media

18 Yanvar 2011, 15:55

“Analitik verilişlər Azərbaycan televiziyalarının ən zəif nöqtəsidir. Bütün bunların kökündə ixtisaslaşmış kadrların olmaması, söz və mətbuat azadlığı baxımından ortaya çıxan problemlər dayanır”. Bu sözləri tanınmış media eksperti Zeynal Məmmədli Modern.az saytına yerli telekanallarda yayımlanan analitik verilişlərin səviyyəsi barədə suala cavab verərəkən deyib. Z.Məmmədli qeyd edib ki, 90-cı illərin əvvəllərində Azərbaycan teleməkanında analitik verilişlər daha səviyyəli idi.

Onun fikrincə, analitik verilişləri hazırlamaq üçün xüsusi hazırlıqlar keçirilməlidir. Bu sahəyə daha çox bacarıqlı, perspektivli insanlar cəlb olunmalıdır. “Bu səpgili verilişlər ilk növbdə azadlıq tələb edir. Azərbaycanda bunlar üst-üstə düşmədiyi üçün analitik proqramların olmamasından təəccüblənmək doğru olmaz”.

Z.Məmmədli hesab edir ki, bu sahəni inkişaf etdirmək üçün verilişin aparıcısı ixtisaslaşmalı, dərin düşüncəyə, geniş biliyə malik olmalıdır. Ən başlıcası isə onun bu işdə ciddi universitet təhsili alması vacib məqamlardandır.

“Aparıcı kütləvi dilə yiyələnməlidir. Azərbaycan dilinin spesifikasını mükəmməl şəkildə bilməlidir. Bunlar o qədər də sadə məsələlər deyil. Mən düşünürəm ki, belə kadrlar zamanla yetişirlər. Müəyyən vaxtdan sonra  həmin insanların geniş iş təcrübəsi olur”.

Z.Məmmədli analitik verilişlərin hazırlanma prosedurundan danışaraq maraqlı məqamlara toxunub:
“Bizdə analitik proqramlar daha çox iqtisadiyyata və siyasətə həsr olunur. Amma indi bu verilişlərdən bilik əldə etmək çətindir. Söz və mətbuat azadlığı baxımından bəzi problemlər var, ciddi çatışmamazlıqlar ortadadır. Məsələnin digər tərəfində isə aparıcının səs tonu və insani keyfiyyətləri bir-birini tamamlamalıdır. Bunlar harmoniya təşkil etməsə, tamaşaçı onun xarizması yaxşı olmasa belə, aparıcının bilik səviyyəsinə diqqət edir. Belə gedərsə, biz insanın xarizmasından asılı vəziyyətdə qalacağıq. İstər radioda, istər telleviziyada olsun, bu sahəni inkişaf etdirmək üçün imkanlar olmalıdır”.

Media eksperti qəzet jurnalistlərinin telekanallardakı analitik verilişlərlə bağlı narazılıqlarına haqq qazandırıb.
”Bəli bu cəhətdən mən onların fikirlərini dəstəkləyirəm, amma qəzet jurnalistləri hər mənada haqlı deyillər, axı qəzet və televiziya fərqli sahələrdir. Televiziyadan fərqli olaraq qəzetdə sözün arxasında gizlənmək daha asandır.

Televiziya canlı ünsiyyəti tələb edir. İnsanların danışdığı dildə danışmağı və o cür düşünməyi tələb edir. Qəzetdə isə yalan və doğrunun dərəcəsi o qədər də bilinmir. Bu baxımdan qəzetdə işləmək televiziyada işləməkdən xeyli sadədir”.
Z.Məmmədli Azərbaycan qəzetlərinin öyünəsi tərəflərinin olmadığını deyib. Onun sözlərinə görə, yerli televiziyalarda qeyri-peşəkarlıq hökm sürdüyü qədər qəzetlərdə də belə öroblemlər mövcuddur. “Qəzetlər kiminsə işini müzakirə etməməlidir. Onlar nəzərə almalıdır ki, eyni vəziyyətdədirlər”.

“Analitik proqram aparıcılarından kimlərin adını çəkmək istərdiniz” sualına ekspert cavabında bildirib ki, hazırda teleaparıcıların yaşları, təcrübələri o qədər azdır ki, kiminsə adını çəkə bilməz.
“Amma orta yaşlılardan Qulu Məhərrəmlinin adını qeyd edə bilərəm. Əslində o da analitik verilişlə bağlı deyil, daha çox icmalçıdır. Bizimkilərdən heç kim sırf analitik veriliş hazırlamır. Çalışaq icmallarla analitik proqramları qarışdırmayaq.

İcmallardan fərqli olaraq analitik verilişlərdə aparıcı öz fikirlərinə deyil, mütəxəssis fikirinə, statistikaya, akademik bilgilərə söykənməlidir. Yerli kanallarda biz bunlara çox nadir hallarda və yarımçıq rast gəlirik.

Əslində belə verilişlərdə mövzu ilə bağlı geniş informasiyaya malik olan insanlar çıxaraq bir-birləri ilə diskussiyalar aparırlar, öz fikirlərini və düşüncələrini bildirirlər. Tamaşaçı bu fikirlərin tutuşmasından məlumat alır.

Analitik proqramların dramaturgiyası mütləq nəzərə alınmalıdır. Bu verilişlər maraqlı olmalıdır ki, insanların diqqətini üzərinə çəkə bilsin. Xarici ölkələrdə isə bu tipli proqramlar xüsusi hazırlanır”.

Z.Məmmədli gurultulu analitik proqramların Qərbdə dəbdə olmadığını deyir.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir