Modern.az

Maşını olan jurnalistlər hansı yanacaqdoldurma məntəqəsindən benzin alırlar?

Maşını olan jurnalistlər hansı yanacaqdoldurma məntəqəsindən benzin alırlar?

18 Yanvar 2011, 16:27

Bakıda yanacaqdoldurma məntəqələrinin sayı günü-gündən artır. Bəzi sürücülər bu çoxluq içində yalnız birini seçir və ordan benzin doldurur, bəziləri isə heç buna fikir vermirlər. Ümumilikdə yanacaqdoldurma məntəqələrinin işindən birmənalı razılıq edən yoxdur. Elə dövlər qurumları da vaxtaşırı olaraq bu məntəqələrdəki nöqsanlar barədə məlumat veririlər. Bəs media işçiləri necə? Onlar öz maşınlarına benzini yalnız bir yanacaqdoldurma məntəqəsindən tökürlər, yoxsa müxtəlif?

“Yeni Müsavat” qəzetinin əməkdaşı  Elşad Məmmədli müxtəlif yanacaq doldurma məntəqlərindən istifadə edir.
“Azərbaycanda vəziyyət belədir ki, bütün yanacaqdoldurma məntəqələri eyni bir bazadan – “Neftbaza”dan yanacaq götürürlər. Bu baza Zığ tərəfdə yerləşir və onun rəhbəri keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevdir. Ordan yanacaq bütün yanacaqdoldurma məntəqələrinə paylanır. Buna görə hamısının tərkibi eynidir. Amma bəzi yanacaqdoldurma məntəqələri də var ki, onlar müəyyən qatqılar edir və yanacağın keyfiyyətini daha da aşağı salırlar.
Bakıda bu gün sürücülər maşının yanacağı yandıran sistemindən – “karbürator”, “injector”un tez-tez xarab olmasından şikayətlənirlər. Yanacaqların keyfiyyəti o qədər aşağıdır ki, avtomobilin adını çəkdiyim hissələri ildə bir dəfə təmir olunmaq əvəzinə iki-üç aydan bir ustaya göstərilir.
Bir ara “Socar” yanacaq doldurma məntəqəsinin yanacağını təriflədilər, amma təəssüflər olsun ki, bu sadəcə reklam xarakteri daşıdı. Bir aydan sonra burda da benzinin keyfiyəti digərlərindəki kimi oldu. Ona görə mən maşınıma yanacağı harda gəldi doldururam, çünki bilirəm ki, hamısının tərkibi eynidir”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev eyni yanacaqdoldurma məntəqəsindən istifadə edir və onun üçün bunun iki səbəbi var.
“Birinci səbəbi odur ki, yanacaqdoldurma məntəqəsi həm evimin yanında, həm də yolumun üstündə olduğundan, ordan maşına benzin tökürəm. Hətta uzaq yerlərə gedəndə belə, orda doldururam və gedib-gələnə kimi bu mənə bəs edir.
İkinci səbəbi isə belə deyirlər ki, bir yerdən yanacaq doldurarkən maşının mühərriki ona öyrəşir və mən də buna əsaslanıb eyni yanacaqdoldurma məntəqəsindən istifadə edirəm. Artıq 2 ildir ki, mən belə edirəm”.

“Qafqazinfo” saytının baş redaktoru Elbrus Seyfullayev bu yaxınlaradək sürdüyü avtomobilini satıb, deyir ki, əvvəllər müxtəlif yanacaqdoldurma məntəqələrindən istifadə edib.
“Yolda qarşıma hansı yanacaqdoldurma məntəqəsi çıxırdısa, ordan da benzin doldururdum. Ən əsas da “Azpetrol”un benzini xoşuma gəlir”.                                                   

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli  də müxtəlif yanacaqdoldurma məntəqələrindən istifadə etdiyini deyir: “Səbəbi odur ki, Azərbaycanda bütün yanacaqdoldurma məntəqələrində insanları həm yanacağın keyfiyyətində, həm də litrində aldadırlar. Yanacağın keyfiyyətində fərq yoxdur, hamısında eynidir.
Yanacağın enerji miqdarı var ki, bunu mütəxəssislər daha yaxşı bilirlər, həmin miqdara görə 10 litr benzinlə 100 km yol qət edə bilərsən, amma bizdə 10 litr benzinlə 50 km yol gedirsən”.

“Üç nöqtə” qəzetinin müxbiri Xalid Vahidoğlu eyni yanacaqdoldurma məntəqəsindən istifadə etməyə çalışdığını bildirdi. “Əgər hər hansı problem olsa, şəhərin mərkəzindəki yanacaqdoldurma məntəqələrinin birindən benzin doldururam.
Eyni yanacaqdoldurma məntəqəsindən istifadə etməyimin səbəbi belədir ki, ustaların deməsinə görə, yanacağın tərkibi Bakıda müxtəlif yanacaqdoldurma məntəqələrində fərqlidir, onların tərkibində müxtəlif qatqılar olur. Eyni yerdən benzin doldurmaq maşının detallarının daha gec sıradan çıxmasına yardımçı olur”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev uzun müddətdir ki, “Socar”ın yanacaq doldurma məntəqələrindən istifadə edir.
“Bunu onunla əlaqələndirirəm ki, burda satılan benzinin keyfiyyəti digərlərinə nisbətən çox yüksək səviyyədədir. Əvvəllər bir müddət “Azpetrol”dan, sonra “Lukoyl”dən istifadə etdim, indi də “Socar”ın yanacaq doldurma məntəqlərinə müraciət edirəm. Əyani şəkildə görürəm ki, “Socar”ın satdığı benzin o biri yanacaqdoldurma məntəqələrinin satdığı benzindən keyfiyyətlidir”.

“525-cı qəzet”in müxbiri Rufik İsmayılov da əksər hallarda “Socar” yanacaqdoldurma məntəqəsindən istifadə edir.
“Burda 93 markalı benizinin keyfiyyəti digərlərinə nisbətən daha yüksəkdir. Yolum şəhər içərisindən olmadığına görə, hava limanı istiqamətində olanda ordan benzin doldururam. Əksər vaxtlarda isə Tbilisi  prospektindəki “İspetrol”dan istifadə edirəm. Ordakı benzin şəhər içərisindəki bütün yanacaq doldurma məntəqələrindəki yanacaqdan daha keyfiyyətlidir. Çıxılmaz vəziyyətdə qalanda, benzin qurtaranda ancaq “Lukoyl”a üstünlük verirəm, çünki bu sadaladıqlarımdan qeyrilərində benzinlər keyfiyyətli deyil. Keyfiyyətsiz benzin də motorun ömrünü getdikcə qısaldır”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir