Modern.az

Cəbhə xəttində evi dağılan sakinlər kömək gözləyir

Cəbhə xəttində evi dağılan sakinlər kömək gözləyir

21 İyun 2016, 23:21

“Partlayış səsi eşitdim. Baxdım ki, ayağımdan və qolumdan yaralanmışam. Yerimdən tərpənə bilmirdim". Modern.az saytı xəbər verir ki, bunu Tərtərin Düyərli kənd sakini Mehparə Əliyeva ANS TV-nin bölgə müxbiri Ramil İbrahimova aprelin əvvəlində ermənilərin kəndələri atəşə tutması zamanı başına gələnləri danışarkən bildirib.

 

Mehparə Əliyeva 3 övlad anasıdır. Aprel ayının 4 də Ermənistan silahlı birləşmələrinin atdığı top mərmisinin partalamsı nəticəsində ağır yaralanıb. 6 qəlpə yarası alan Mehparə Əliyeva əməliyyat olunduqdan sonra 1 aya yaxın xəstəxanada, daha sonra anasının evində müalicəsini davam etdirib. 15 günə yaxındır doğma evinə gəlib. Həyat yoldaşının daimi işi yoxdur. Özü isə yaralanmadan əvvəl həyətyanı sahədə təsərrüfatla məşğul olaraq əldə etdiyi gəlirlə ailəsini dolandırıb. İndi işləməyə səhhəti imkan vermədiyindən ailənin maddi vəziyyəti daha da çətinləşib. Mehparə xanım deyir ki, partlayış təkcə onun sağlamlığını əlindən almayıb, həm də min bir əziyyətlə tikib başa gətirdiyi evini qəzalı vəziyyətə salıb.

 

Tərtərin cəbhə xəttində yerləşən Şıxarx qəsəbə sakini Müzəffər İsmayılovun da şikayəti aprel ayında dağılmış evinin bərpa edilməməsindəndir. Evinə düşən mərmi divarda böyük dəlik açıb. Dağılmış hissəni çadırla tutmağa məcbur olan Müzəffər İsmayılov deyir ki, evinin bərpa olunması tələbi ilə dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsə də heç bir nəticə əldə etməyib.

 

"Yağış düşməsin deyə çarpayını gah o tərəf gah bu tərəf çəkirik. Mən demirəm ki, mənə pul ver, gəlsinlər baxsınlar" - deyə kənd sakini şikayətini bildirib. 

 

Məsələylə bağlı Tərtər rayon icra hakimiyyətinin memarlıq şöbəsinin müdiri Tofiq Kərimovla əlaqə saxladıq. Baş memar bildirdi ki, Mehparə Əliyevanın evinə baxış keçirilib, sözü gedən ev  aprel ayı zamanı baş verən müharibədən zərər çəkməyib, onun yaralanmasına səbəb isə qonşusunun həyətyanı sahəsinə düşən mərmi olub.

 

"Qonşusunun evinə zərər dəymişdi, hazırda da qonşusunun evi təmir olunur. Onun evinə zərər dəyməyib. Özü xəsarət alıb, o da dövlət hesabına müalicə alıb" - deyə  Tərtər rayonunun baş memarı Tofiq Kərimov şikayətləri cavablandırıb.

 

Şıxarx qəsəbəsində yaşayan Müzəffər İsmayılovun evinin bərpa oluması məsələsinə gəlincə isə Tofiq Kərimov bildirdi ki, həmin ərazidəki qəzalı evlərin təmiri Qaçınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xətti ilə həyata keçirilir. Sözügedən evin qəzalı olması barədə artıq akt tərtib edilərək, bərpa üçün layihə hazırlanıb. Yaxın günlərdə komitə tərəfindən həmin evin bərpasına başlanacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!