Modern.az

Sərnişinlər üçün təhlükəsizlik və davranış qaydaları AÇIQLANDI

Sərnişinlər üçün təhlükəsizlik və davranış qaydaları AÇIQLANDI

22 İyun 2016, 17:12

Bu gün toxunmaq istədiyimiz məsələ illərdir hamımızı narahat edən, hər gün bizi çilədən çıxaran sürücü-sərnişin münasibətləridir.

 

 O münasibətlər ki, bir çox hallarda əndazəni aşaraq söyüş və təhqirlərə qədər gedib çıxır.

Hamı isə özlüyündə haqlı arqumentlərlə çıxış edir.

Sürücü, sahibkarın təyin etdiyi vaxtda ünvana çatmaq üçün çabalayarkən, sərnişin də “hər yer dayanacaqdır” prinsipi ilə yanaşmasını əlində bayraq edir.

Arzuların toqquşması isə ən yaxşı halda şillə, təpiklə nəticələnir.

Amma bu məqamda hamımız hər kəsdən yüksək mədəni davranış tələb edərkən, nədənsə özümüz primitiv qaydalara əməl etməkdən boyun qaçırırıq...

İctimai nəqliyyatda sərnişindaşımanın yüksək səviyyədə həyata keçirilməsi və bu sahənin dünya standartlarına uyğun təşkil olunması üçün həm sərnişinlərin, həm də sərnişindaşıma xidməti göstərən şirkətlərin üzərinə müəyyən məsuliyyətlər düşür.

Bu davranışları daha səmərəli etmək üçün qısa zamanda özünə kifayət qədər rəğbət toplayan “BakuBus” MMC sərnişinlərin davranış qaydalarını tərtib edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin Modern.az saytına təqdim etdiyi qaydaları sərnişinlərin nəzərinə çatdırırıq:

Avtobuslarda sərnişinlərin aşağıdakı təhlükəsizlik və davranış qaydalarına əməl etmələri vacibdir.

1. Gedəcəyiniz avtobusun gəlib-gəlməməsini yoxlamaq məqsədilə yolun hərəkət hissəsinə çıxmaq həyatınız üçün təhlükə yaradır.

2. Avtobus dayanacağa gəldikdə dərhal minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın və qapılar açıldıqdan sonra avtobusa yaxınlaşın.

3. Avtobusa minik ön qapıdan çıxış isə orta və arxa qapılardandır.

4. Avtobusa daxil olarkən yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yol verin və ehtiyac yaranarsa onlara nəzakətlə köməklik göstərin.

5. Digər sərnişinlərin avtobusa daxil olmasına əngəl yaratmamaq üçün salona daxil olduqdan sonra ləngimədən irəliləmək və təhlükəsizlik üçün qapıda durmamaq tələb olunur. Eyni zamanda qapıya söykənməyin, qapılar avtomatik açılıb-bağlandığı üçün Siz qapının arasında qala bilərsiniz.

6. Salondakı tutacaqlardan tutmaq vacibdir, çünki avtobus hərəkət etdikdə, ani dayandıqda və ya başqa hallarda xəsarət ala bilərsiniz.

7. Oturacaqları əşyalarınızla məşğul etmək, salonu çirkləndirmək, müxtəlif ərzaq və məişət tullantılarını salonda qoymaq və avtobusdan kənara tullamaq yolverilməzdir.

8. Avtobusda etik davranış qaydalarına əməl etmək lazımdır. Digər sərnişinləri narahat edəcək əşyalarla avtobusa daxil olmaq qadağandır.

9. Qəza zamanı sürücü əyləcə qəfil basdığı zaman salonda ən çox xəsarət alan xəstə və qocaların olduğunu nəzərə alaraq onlara əyləşmək üçün yer verin, bu həm təhlükəsizlik həm də nəzakət qaydasıdır.

10. Avtobus hərəkətdə olduğu zaman sürücünün diqqətini yayındırmaq, ona müxtəlif suallar vermək və ya açması üçün qapıya vurmaq qəti yolverilməzdir.

11. Avtobusdan enməzdən öncə çıxışa əvvəlcədən yaxınlaşmaq lazımdır. Ancaq avtobusun dayandığına əmin olduqdan və qapılar açıldıqdan sonra qapıya yaxınlaşmaq olar.

12. Əgər sərnişin uşaqla avtobusa minibsə təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməli, mənzil başına çatdıqda isə uşaqlardan öncə enməlidir. Əks halda uşaqlar avtobusun altına yıxıla və ya yolun hərəkət hissəsinə qaça bilərlər.

13. Avtobusdan endikdən sonra yolun hərəkət hissəsindən piyadalar üçün çəkilən zolaqdan hərəkət edin. Əgər zolaq yoxdursa avtobusun dayanacaqdan ayrılmasını gözləyib sonra yolu keçmək lazımdır. Avtobusun qarşısından yolu keçmək həyatınız üçün təhlükəlidir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi