Modern.az

Bakının köhnə məhəlləsinin sakinləri: “Sovetski” sovetlərdə qaldı...” - REPORTAJ

Bakının köhnə məhəlləsinin sakinləri: “Sovetski” sovetlərdə qaldı...” - REPORTAJ

19 Yanvar 2012, 14:30


Bakının yaşlı nəslinin nümayəndələri bu yeri yaxşı xatırlayırlar: köhnə binalar, dar yollar, dalanlar, qapalı məhəllələr, yazılmamış qanunlar...
Hazırda isə bu məkanda ab-hava xeyli dəyişib, yeni binalar tikilib, köhnə küçələr sökülərək yerində yeni parklar salınıb...
Söhbət bilirsiniz haradan gedir, Bakının göbəyində yerləşən, sovetin qılınc oynatdığı vaxtlarda öz “qanunları” ilə yaşayan, necə deyərlər “müstəqil” olan “Sovetski” məhəlləsindən. Azərbaycanın müstəqillik əldə etməsi isə bu məkanın “müstəqilliyi”ni əritməyə başladı.

Bunu görmək o qədər çətin məsələ deyil. Burada yaşayan insanlar təxminən 20-30 il əvvəl ilə indinin nə qədər fərqli  olduğunu aydın bilirlər. Buna baxmayaraq, hələ də Bakıda necə deyərlər, özünü qoruyan məhəllələrə rast gəlmək mümkündür.  “Sovetski ” kimi...

Bir sıra tikililəri - zərgər dükanları, hamamları, həmçinin xoruz döyüşdürmək, it boğuşdurmaq, quş uçurtmaq kimi adətləri və sərt qaydaları və sadalaya bilmədiyimiz digər xüsusiyyətləri necə olub əldən verib “Sovetski”?

Elə bu suala cavab tapmaq üçün Modern.az saytının əməkdaşları keçmış “Sovetski”də olublar.

“Adam fikirləşir ki, yıxılanı qaldıracaq, sonra polis soruşacaq ki, onu necə qaldırdın, bəlkə onu elə sən yıxmısan...”.

Gəzə-gəzə gəlib çıxıdq “Sovetski”yə....Öncədən onu qeyd edək ki, buranın sakinləri nədəndirsə olduqlarından xeyli yaşlı görünürlər. Amma bunun səbəbini özlərindən soruşa bilmədik.

55 yaşlı Fərhad Alxasov köhnə “Sovetski”nin sakinlərindəndir. Müsahibimiz burada doğulub, böyüyüb və bu məhəlləyə, ümumiyyətlə, buranın adətlərininə yaxşı bələddir.
Xaraktercə bir qədər əsəbi olan həmsöhbətimiz öncə bizimlə danışmaq istəmədi, amma sonra fikrini dəyişdi. Həmsöhbətimiz əvvəlcə insanların yaşayış səviyyəsindən narazılığını bildirdi: “Bir az əsəbiyəm, qazpulu yığanla mübahisə etmişəm. Pulu ödəmişəm, silməyiblər, indi də deyirlər ki, 400 manat borcun var. İnsanların sifətinə, əhvalına baxanda hər şey məlum olur. Bilmirəm, biz dərdimizi hara deyək”.
Daha sonra müsahibimizə kecmiş “Sovetski” məhəlləsi, buranın adətləri ilə bağlı suallar ünvanladıq. F.Alxasov bildirdi ki, əvvəllər yaxşı adət-ənənələri olub, indi isə onlardan əsər-əlamət qalmayıb.
“İnsanların yaşayış imkanı çox aşağı səviyyədədir, hərənin başı öz probleminə qarışıb, bu baxımdan  adətlərimiz də unudulub.
Mənlik, qeyrət buranın kişilərinə xas olan əsas xüsusiyyətlər idi. İndi insanlarda mənlik də qalmayıb, cavanlar pozulub. Nə böyük var, nə kicik. Əvəllər böyük gələndə, qadın gələndə kənara çəkilirdilər. İndi atrıq o adətləri də unutmuşuq”.

F. Alxasov bildirdi ki, indi “Sovetski”nin toy adətləri də aşılanıb və Azərbaycanın digər yerlərindəkindən o qədər fərqlənmir: “Buradakı toyların bir fərqi var idi ki, qadınların toy məclisi ayrı, kişilərin toy məclisi ayrı olardu. İndi bu adət də unudulub, artıq kecmişik müasir üsula. Şəxsən mən də oğlum üçün toyu hamı kimi şadlıq evində etmişəm”.

F. Alxasov əvvəlki “Sovetski”də insanlarıın biri-birinə, böyüyə, kiçiyə hörmət etdiyini, indi isə həmin ənənələrin də unudulduğun bildirdi: “İndi biri-birinə hörmət edən  insanlar yoxdur, biri kimsənin yıxıldığını görür və üzünü çevirib gedir. Hərənin beynində bir problemi var. Adam fikirləşir ki, mən yıxılanı qaldıracam, sonra polis soruşacaq ki, onu necə qaldırdın, bəlkə onu elə sən yıxmısan...”.

““Sovetski”də nişanlı qızla oğlanın görüşməsi, qol-qola gəzməsi yasaq idi”

“Bilirsiniz, köhnə “Sovetski”nin sakinləri hətta nişanlı olsa belə, qızla oğlanın görüşməsini, qol-qola gəzməsini hec də yaxşı qarşılamırdı. O vaxtlar bir az fərqli idi, bizim dövrümüzə komsomol dövrü deyirdilər. İndi Avropa stilinə kecmişik, kimki abır-həyanı saxlayıb, onu geridəqalmış hesab edirlər. Ənənələri saxlayan ailələr çox azdır, bəlkə də heç yoxdur. Nə bilim e...
Hətta atalar fikirləşmirlər ki, nişanlı vaxtı qızının oğlanla görüşəməsi düzgün deyil. İndi belə şeyləri fikirləşən atalar azdır, çox az...”-deyə  “sovetski”li Fərhad Alxasov bildirdi.

Bəs, öz sərt qaydaları ilə secilən “Sovetski” insanları hazırki gənclərin geyimini necə qarşılayır?

Bu suala cavab verməyə bir az tərəddüd edən F.Alxasov sonra yana-yana danışdı: “Vallah şəxsən qızların geyiminə pis baxıram. Oğlanların da ki, bilmirəm. Qızların şalvar geyinməyini xoşlamıram. Bu, əslində  zamənənin gedişidir, gənclərdən asılı deyil. Qadının qadın geyimi var, kişinin də kişi. Kişilərdə bir şalvardır, bir papaq, indi papaq da moddan düşüb. Qadınlarda isə yaylıq əsasdır. Bu bizim dinimizdən gəlir. İndi kim necə istəyir, elə də geyinir. O vaxtlar bizim nənələrimizin, analarımızın başı həmişə bağlı olurdu. Qaynata evə gələndə, kücəyə çıxanda gəlinlər başlarını örtərdilər. İndi buna da əməl edən yoxdur”.

“Qadının kücədə hündürdən danışması, gülməsi də pis qarşılanırdı...”

Əvvəllər “Sovetski”nin sakinləri bir-birinin yanından kecəndə salamlaşar, hal-əvval tutarmışlar. F. Alxasov bildirir ki, bu köhnə adətdən demək oar ki, əsər-əlamət qalmayıb: “Salamlaşmaq demək olar ki, insanların 50 faizində qalıb. Əvvələr böyük yanından kecəndə, yaxud qohum-qonşu ilə rastlaşanda salam verərdilər. İndi görürəm, qonşu uşağı kecir, salam vermir, mən ona salam verirəm ki, bəlkə, uşaq ayıla. Biz uşaq olanda böyük görən kimi tanıdın-tanımadın salam verərdik”.

Bir çox yerlərdə normal qəbul olunan davranışları  “Sovetski”nin sakinləri yaxşı qəbul etmirlər. Müsahibimiz F.Alxasovun sözlərinə görə, əvvəllər kücədən evin kişisini çağıranda cavab gəlmirmişsə, çıxıb gedirmişlər. Qadının cavab verməsinə pis baxırmışlar: “Qadının kücədə hündürdən danışması, gülməsi də pis qarşılanırdı. İndi o adətlər unudulub. Kimdə ki, o tərbiyə qalıb, əməl edir. Amma əksəriyyət belə şeylərə əməl etmir. Elə şeyləri yadıma salırsınız ki, o şeylər artıq köhnəlib. Öz aləmimdə fikirləşirəm, hamısı insanların rifahından asılıdır. İnsan sıxıntı keçirəndə mənəviyyatı da gedir. Kiməsə yaxşılıq etmək və s. hamısı yaddan çıxır. O vaxtlar yaşlı insan əlində nəsə aparanda cavanlar yaxınlaşıb deyərdi ki, ver biz aparaq. Amma indi buna da rast gəlmək olmur”.

“Küçələr dar olduğundan “palatka” toylardan imtina etmişik...”

Digər “Sovetski” sakini Ələsgər Məmmədov isə bildirdi ki, yaşadıqları məhəllədə “palatqa” toylarının olmamasının əsas səbəbi kücələrin darısqallığı ilə bağlıdır: “Artıq cadır qurub toy etmirik. Çünki məhəllələr darısqaldır, burada çadır qurmağa imkan yoxdur”.

F.Alxasov isə əvvəlki adətlərin yenidən bərpa olunmasının tərafdarıdır. Onun sözlərinə görə, evlərdə ruzi-bərəkət də elə o zamanlarda qalıb: “İndi də o adətlərin yaşadılmasını istəyərdim. O vaxt ruzi-bərəkət var idi, indi hec nə qalmayıb”.

“Müasir gənclər özlərini bədbəxt edib...”

Geyimə münasibət bildirən, digər köklü “sovetski”li Bağdagül Məmmədova muasir gənclərin  özlərini bədbəxt etdiyini bildirdi. O, qızların geyimlərinin pis olmasından, kişilərdə isə qeyrətin, namusun qalmamasından şikayətləndi: “Namuslu kişinin arvadı doğru geyinər. Düzdür, qadın kölə deyil, amma ailə bir dövlətdir. Engelsin təbirincə desək, dövlətin mənşəyi ailədən gəlir. Əgər ailə başcısının oğluna, qızına sözü kecmirsə, onun nə hörməti....”.

Qeyd edək ki, bu məkanı digər yerlərdən fərqləndirən xüsusiyyətlərdən biri də “Sovetski” sakinlərinin bir qisminin  həbsxanada yatmasıdır. Hətta burada belə bir fikir var ki, həbsdə yatıb çıxanlara xüsusi hörmət olunur. Müsahibimizin də bu fikrə münasibətini öyrəndik və o bildirdi ki, bu fikir qismən doğrudur: “Baxır, nə üstündə yatıb. Əgər namus üstündə yatıbsa, bu şəxsin həmişə hörməti olur. Bu, namuslu insandır. Qeryəti olan demək vətənini də sevər. Öz atasını, anasını qorumayan insandan vətənini qoruyan olmaz. Ancaq öz malını fikirləşir”.

“Sovetski” qaydalarını pozanların necə cəzalandırılırdı?”

“Sovetski” qaydalarını pozanların necə cəzalandırılırdı” sualına  müsahiblərimiz cavab vermədilər.
Amma özlərindən danışdılar. F.Alxasov işaq vaxtı anasının pulunu icazəsiz götürüb tum, xoruz aldığını xatırladı: “Uşaqlıq dövrü idi də... Mənim rəhmətlik babam zabitəli idi, hətta anam da ondan qorxurdu. Babam məndən soruşanda ki, “pulu sən götürmüsən?”, “hə” dedim. Həmişə düzünü danışmağa çalışmışam. Niyə icazəsiz götürdüyümü soruşdu. Heç nə demədim. Sonra şalvarlarımı çırmalatdırdı, noxudu tökdu yerə, dedi, dizi üstə dayan noxudun  üstündə. Noxud az qala dizlərimi dəlirdi, ağlamaq istəyirdim, babamın qorxusundan ağlaya bilmirdim. Babam “mən gələnə qədər belə dayan” deyib getdi. Babam gedən kimi, nənəm dedi dur ayağa. Babam gələndə nənəm mənə xəbər etdi və təzədən noxudun üstundə dayandım. O vaxtdan bir də belə iş görmədim. 1manat, 2 manat, həta elə olub ki, bir packa pul tapmışam, ancaq onun sahibinə qaytarmışam”. 

F.Alxasov özü də şuluqluq edən övladlarına cəza verdiyini bildirdi.

“Tanıdığım bir insan kiminsə quşunu tumuşdu, bunun üstündə onu öldürdülər...”.

“Sovetski”nin bir atributu da quş ucurmaq olub. Bağdagül Məmmədovanın  sözlərinə görə, “Sovetsiki”nin Vidadi, Mirzağa Əliyev kücələrində yaşayanların əksəriyyəti quş saxlayırmış. Müsahibimizin sözlərinə görə, “Sovetiski”də indi də bu işlə məşğul olanlar var: “Burada yaşayanlar  göyərcinə xüsusi diqqətlə yanaşırdı. İndiki gənlclər kompüterlə məşğul olduqları kimi, o vaxt da gənclər quş saxlamaqla məşğul idilər”.

B.Məmmədova söyləyir ki, “Sovetski”də düşən mübahisələrin bir çoxu məhz quşla bağlı olurmuş: “Mənim özüm də bu işin həvəskarı idim. Qohumumgil quş saxlayırdı, onlara tez-tez gedərdim. Quşxananın acarını mənə verirdilər, quşları dənləyirdim. Yadımdadır kı, hətta o vaxt tanıdığım bir insan kiminsə quşunu tumuşdu, bunun üstündə hətta onu öldürdülər”.

F.Alxasovun sözlərinə görə, onların məhləsində xoruz döyüşdürmək, it boğuşdurmaq həmişə adət olub, indi də bir bəzi sakinlər bu işlə məşğul olurlar. Belə məlum oldu ki, Ələsgər adlı şəxs bu işlə daha çox məşğul olur. Bu şəxslə əlaqə saxlamaq istəsək də mümkün olmadı.

“Buradakı toylara Fatma Mehrəliyeva, qarmonçalan Qızxanım Quliyeva gəlirdi. Əminə Dilbazi belə toylarda istirak edirdi...”

Burada təşkil olunanan toy mərasimlərində çalğıçıların hamısı qadın olurmuş. Mağar qururmuşlar, o mağarın ətrafına bir nəfər də olsun kişi gəlməzmiş.
B.Məmmədova da belə toyların şahidi olub: “Özüm şahidi olmuşam ki, buradakı toylara Fatma Mehrəliyeva, qarmonçalan Qızxanım Quliyeva gəlirdi. Əminə Dilbazi belə toylarda istirak edirdi. Toylarda sərpayı olurdu”.
B.Məmmədovanın sözlərinə görə, “Sovetski”də gəlinin baş örpəyi mütləq olmalı idi və bu məhəllənin gəlini indiki kimi acıq geyinə bilməzdi:
“Qız toyunda gəlin özü istədiyi formada və rəngdə paltar tikdirib geyinə bilərdi. Bu geyimlər icərisində qırmızı rəngə daha çox üstünlük verilirdi. Göy rəngə isə yox. Çünki yaşlı insanların dediyinə görə göy rəngli paltar qarğış hesab olunurdu. “Səni görüm qara geyinib, göy örtəsən” kimi qarğış da var idi. Odur ki, başa göy rəngli yaylıq örtməzdilər. Qara rəngdə də paltar geyiniməzdilər. Təkcə gəlin yox, eləcə də toya gələn digər iştirakçılar da qara geyinə bilməzdilər. Toy sahibi də belə geyinənlər olsaydə narazı qalardı. İndi isə gəlinin anası, gəlinin rəfiqəsi də qara geyinir”.

B.Məmmədova deyir ki, indi keçmiş adətlərdən qız toyu və xınayaxdı qalıb: “Toylarda şabaş olardı. Toya gedənlər mütləq şabaş verərdilər, həm gəlinin başına tökərdilər, həm də oynayanların. Çalğıçılar isə toy üçün indiki kimi çox böyük məbləğ tələb etməzdirlər”.

İndiki gənclərin tərbiyəsindən narazı olduğunu bildirən B.Məmmədova da cavanların yaşlılara salam vermədiyindən şikayətləndi: “İndiki gənclər çox eqoist olublar, kənardan gələnə aşağılayıcı nəzərlə baxırlar. Nəinki salam vermək, heç adam yıxılıb ölsə də, baxmırlar”.

Ruslan Babayev də bu məhəllədə doğulub, bu məhəllədə böyüyüb.  56 yaşlı “Sovetski” sakini danışır: “İndi burada yaşayanların çoxu gəlmədir. Əvvəlki ailələr həmişə biri-birlərinə kömək edirdilər, əl tutardular, yaşlı nəslin nümayəndələri yığılıb bir-birinə yardım edirdi, indi o adətlər yoxdur, bilmirəm zamanədəndir, imkansızlıqdandır, yoxsa yeni gələnlərdəndir”. 

Deyirlər ki, “Sovetski”də çoxu narkomandır. Bu fikrə etirazını bildirən R.Babayev onların arasından kifayət qədər ziyalı insanların çıxdığını bildirdi.

Köhnə “Sovetski” adətlərindən danışan həmsohbətimiz bildirdi ki, o vaxt tində dayanan kişilər qızla-oğlanın qol-qola gəldiyini gördükdə, onları məhəlləyə daxil olmağa qoymazdılar. Hazırda isə bu vəziyyətin xeyli dəyişdiyini, kim kimlə necə istəyir gəzdiyini və hec kəsin buna fikir vermədiyini dedi: “Artıq köhnə insanlar qalmayıb, hamı təzələrdəndir, buna görə bəzi adətlər tamamilə unudulub”.

Bu məhəllənin sakinləri evlərinin sökülməsinə qarşıdırlar. R.Babayev deyir ki, sökülməyin tərafdarı deyi: “Bilirsiniz, əvəzində bizə harada ev verəcəklər, onu bilmirik. Burada hündürmərtəbəli binalar tikəcəklərsə, elə burada bizə ev versinlər”. 

F.Alxasov da evlərinin sökülməsini istəmir: “Sökülməyinə razı deyiləm. Hara gedəcəyəm. Nə var, elə bu kasıb məhlədə var”.

 

"Məndən soruşursunuzsa, deyim ki, "Sovetski"ni hər şey dəyişir... ".

 

"İndi hörmət-izzət, böyük-kiçik yeri qalmayıb..."

 

"Sovetski"ni yavaş-yavaş sökürlər...


Sədaqət SÜLEYMANOVA
Mail AĞAXANOV

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər