Modern.az

Papanın erməni sevgisi

Papanın erməni sevgisi

Aktual

26 İyun 2016, 17:08

Namidə BİNGÖL

 

İnsanların həyat hekayələrinə laqeyd münasibət göstərənlərin ayağını tapdalayanda qəfildən gözləri açılır. Daha diqqətli, daha məsuliyyətli, daha qayğıkeş olurlar. İş işdən keçəndən sonra qayğıkeş, diqqətcil sifət almağın nə faydası var?! Bilən varmı?!

Həftənin hesabatını təqdim edirəm.

 

Ah, papa, papa!

 

Roma papası I Fransisk də sakit bir yerdə oturmaq bilmir. Ermənistana səfər edib. Cənubi Qafqazın oğru dövləti isə ənənəsinə sadiq qalaraq, qoca papanı “milli” lavaşla qarşılayıb. Lavaşın ətrindən bihuş olan papa qondarma erməni “soyqırımı” abidəsini ziyarət edərkən “erməni soyqırımı” ifadəsini işlədib. Bu, papanın ikinci planlı sayıqlamasıdır. Təxminən bir il bundan qabaq da papa həzrətləri 20-ci əsrin ilk soyqırımının ermənilərə qarşı törədildiyini deyib.

 

Kompüterin F5 düyməsini basmaqla deyil. Onsuz da bir il ərzində papanın düşüncəsi yenilənməyib. Min cavana dəyməsə belə, başının dəyirman daşı kimi işlədiyi dəqiqdir.

 

86 yaşında “köhnə hamam köhnə tas” məsəlinə havalanıb ordan-ora gəzir özü üçün. Biz də sözdə dünyada “sülh qaranquşu” rolunda çıxış edən papaya məktub yazırıq ki, bağ belə, bostan belə... Qarabağ məsələsinin həllində, erməni girovluğunda olan həmyerlilərimizin geri qaytarılmasında etdiyiniz səfər müddətində Ermənistana təzyiq göstərəsiniz. Ay-hay!

 

Adama elə gəlir ki, bu papa yeriyəndə gözü ayağının altından başqa heç yeri  görmür. Amma əksinədir. Cənubi Qafqaz səfərinə Ermənistandan start götürən  papanın, qardaşlıq sevgisi o qədər güclüdür ki, bu yaşında belə haqlının yanında olmağı özünə sığışdırmır.

 

Bu arada, payızda Azərbaycana səfər edəcək olan papanın çıxışını səbirsizliklə gözləyirəm.

 

Deputat danışmaq istəyəndə...

 

Yayın gəlişini hamı səbirsizliklə gözləyir. Axı yayda dəniz, günəş, hava, dincəlmək var.  

 

Milli Məclisin işgüzar deputatları da hamıdan çox dincəlmək istəyir. İl uzunu görüşlər, səfərlər, tədbirlər o qədər çox olur ki, yay gələndə telefonları söndürüb bir müddətliyə yüklənmədən uzaq olmağa çalışırlar. Təbii ki, bu, bütün deputatlara şamil edilmir. İstisnalar həmişə mövcuddur. Məsələn, deputat Zahid Oruca gecə saat 12-də də zəng vursan, istənilən məsələ ətrafında fikir mübadiləsi aparacaq. Telefonda ən azı 10 dəqiqə danışacaq.

 

Danışmaqdan söz düşümüşkən, yola saldığımız həftə elə qalmaqal da danışmaq üstündə yarandı. Milli Məclisin sonuncu iclası zamanı spiker Oqtay Əsədovla  deputat Zahid Oruc arasında yaşanan söz davası anındaca sosial şəbəkələrdə müzakirəyə çıxarıldı. Spiker qınaq obyektinə tuş gəldi, deputat isə müdafiə mərkəzində qərarlaşdı. Deputatın danışmaq istəyinə spiker əsəbi halda “səviyyəni gördük” deyib. Yaxşı ki, bu qalmaqal sonuncu gün baş verdi. Yoxsa, Zahid Orucu  sakitləşdirmək çətin olardı. Axı, deputat bilir ki, parlamentdə danışarlar. Susub oturmazlar.

 

Ağ xalata ləkə düşərsə....

 

Yola saldğımız həftə daha bir hadisə gündəmi zəbt etdi. Yenə də səhiyyəmizdəki çatışmazlıqlar müzakirəyə çıxarıldı. Müzakirə Səhiyyə Nazirliyi səviyyəsində olmasa da, insanların narahatlığına əsas var. Salyanda üçəmlərdən ikisinin elektrik enerjisinə qurban getməsinin ardınca, digər həkim xəstənin sağlam orqanında analoqu olmayan əməliyyat keçirdi. Baş verənlər səhiyyə nazirindən başqa hamını düşündürdü, narahat etdi. Çünki səhiyyəmizdəki  çatışmazlıqlar vaxtaşırı “gözümüzə girir”, axı!

 

Həkim səhlənkarlığı hər zaman mövcud olub. Yaxşı yadımdadır. 7-8 il bundan qabaq qonşuluqda 70 yaşlı qadını həkim  əməliyyat etmişdi. Allah tərəfi əməliyyat uğurla başa çatmışdı. Amma həkim səhlənkarlığı özünü qısa zamanda biruzə vermişdi. Sən demə, həkimin qayçısı xəstənin qarın boşluğunda qalıbmış. Dərhal yaşlı qadını  ikinci dəfə əməliyyat edərək, qayçını götürmüşdülər.

 

Maraqlıdır ki, əməliyyat otağında həkim tək olmur. Amma həkimin səhlənkarlığına anındaca əngəl olan tibb işçisi də tapılmır.

 

Bu arada, Çexovun “6 nömrəli palata” əsəri yadıma düşür. Həmin palatadakı xəstələri itirib axtaran da yoxdur. Həkim Andrey də digər həkimlər kimi bura təyinat alanda xəstələr yadına düşmür.  Çünki həkim Andrey xəstələrin əzab çəkməsindən xəbərsizdir. Necə deyərlər, “başına gəlməyən necə başmaqçı ola bilər?!”

 

Əsərin sonunda həkim də həmin palatanın sakini olur. O zaman xəstələrin nə əziyyətlər çəkdiyinin şahidi olur. Amma o vaxta qədər həkim, xəstələrin durumundan  xəbərsiz imiş.

 

Belə anlaşılır ki, bizim də bəzi həkimlərimiz xəstələrin  nə əziyyətlər çəkdiyindən xəbərsizdir. Belə  davam etsə, həmin həkimləri xəstənin yerinə uzadıb sağlam qolunu kəsmək lazımdır. Görsünlər ağrı çəkmək necə olur. O zaman anlayarlar ki, xəstəyə qarşı diqqətli, qayğıkeş, məsuliyyətli olmaq həm də həkimin insanlıq borcudur. Bu borcu qaytarmayanda  bədəli çox ağır olur.

 

Ağ xalatlı vicdanlı, qayğıkeş həkimlərimizin qarşısında isə hər zaman baş əyirik.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı