Modern.az

“İstanbuldakı terror supergüclərin sifarişi ilə törədilib”

“İstanbuldakı terror supergüclərin sifarişi ilə törədilib”

29 İyun 2016, 13:12

“Türkiyədə terror aktları mütəmadi və müntəzəm baş verir. Normal dövlət həyatı yaşayan Türkiyədə hansısa hadisəni terror aktı ilə bağlamaq düzgün deyil”.

Bu sözləri Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə İstanbulun Atatürk Hava Limanında törədilən terror aktının siyasi tərəflərini şərh edərkən söyləyib.

O, bildirib ki, Türkiyənin İsrail və Rusiya ilə münasibətlərini yaxşılaşdırması hələ terror aktına əsas səbəb ola bilməz.

Politoloq deyib ki, Türkiyənin İsrail və Rusiya ilə münasibətləri pis olanda da terror aktları baş verirdi:

“İsrail və Rusiyanın Türkiyə ilə münasibətlərini normallaşdırmağa başlaması hələ o demək deyil ki, anidən Türkiyədə terror aktı törədilməlidir. Çünki uzun müddətdir ki, Türkiyənin sərhəd bölgələrində və iri şəhərlərində terror törədilir”.

Zərdüşt Əlizadə qeyd edib ki, mütəmadi terror törədilən dövlətlərdə ciddi təhlükəsizlik və daxili problemlər mövcuddur:

“Əgər bir ölkədə ki, müntəzəm olaraq terror hərəkatı davam edir, deməli o dövlətin ictimai-siyasi həyatından ciddi boşluqlar, problemlər var. Digər tərəfdən həmin dövlətin təhlükəsizlik orqanları kifayət qədər səriştəli işləyə bilmirlər. Əsas məsələ odur ki, bu gün Türkiyə dövlətini və xalqını dağıtmaq istəyən çox qüdrətli xarici qüvvələr bu işə səfərbər olunub.

Bütün terror təşkilatları dünyanın nüfuzlu güc sahiblərinin xüsusi xidmət orqanlarının dəstəyi ilə yaradılıb. Bu baxımdan İstanbuldakı terror aktının da xarici super güclərin sifarişi ilə həyata keçirildiyi istisna olunmur”.

Xatırladaq ki, ötən gün üç terrorçu-kamikadzenin İstanbulun Atatürk hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı