Modern.az

2016-cı ildə dünyada baş verən terror aktları...

2016-cı ildə dünyada baş verən terror aktları...

Aktual

30 İyun 2016, 13:33

Dünən Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Hava Limanında terror aktı törədilib. Partlayış nəticəsində 42 nəfər həlak olub, 239 nəfər yaralanıb.  Lakin bu hadisə dünya ölkələri arasında 2016-cı ildə baş vermiş ilk terror aktı deyil.

 

Modern.az saytı 2016-cı ilin ilk 6 ayı ərzində dünyada baş vermiş terror hadisələrinin xronologiyasını təqdim edir. 


2016-cı ilin ilk terror hadisəsi yanvarın 12-də Türkiyənin İstanbul şəhərində Sultan Əhməd meydanında, tramvay dayanacağının yanında baş verib.  Partlayışı 1988-ci il təvəllüdlü suriyalı “canlı bomba” törədib.  Terror nəticəsində10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Ölənlərin böyük bir qismi əcnəbi turistlər olub.  Həmçinin yaralılardan 6-sı Almaniya, biri isə Norveç və Peru vətəndaşları olduğu təsdiqlənib.

 

17 fevral 2016-cı ildə Bakı vaxtı ilə 20:33-də Ankarada terror hadisəsi olub. Partlayış Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının binasından 300 metr aralıda – Quru Qoşunları Komandanlığı və Hava Qüvvələrinin binalarının önündə baş verib. İlkin məlumatlara görə, partlayış içərisində bomba olan avtomobillə törədilib. Partlayış hərbiçiləri daşıyan avtomobilin keçidi sırasında baş verib. Terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb. Ölən və yaralananların əksəriyyəti hərbiçilər olub.

 

13 mart 2016-cı ildə Türkiyənin paytaxtı Ankara şəhərində bir neçə avtobusun dayanacağı olan Qızılay meydanı və Güvən parkı yaxınlığında terror hadisəsi törədilib. Partlayışı PKK terror qruplaşması öz üzərinə götürüb. Terror aktını 1992-ci il təvəllüdlü Qars əyalətinin Kağızman şəhər sakini Səhər Çağla Dəmir törədib. Onun kod adı “Avaşin”olub. Qeyd edək ki, partlayış nəticəsində 37 nəfər həlak olmuş, 120 nəfər isə yaralanmışdı.

 

22 mart 2016-cı ildə Belçikanın paytaxtı Brüsseldə ard-arda bir neçə terror hadisəsi olub. Partlayışlar Zavengen beynəlxalq hava limanında və metroda olub. Terror hadisəsi nəticəsində 34 nəfər ölüb, 250 nəfər isə yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

27 mart 2016-cı ildə Pakistanın Lahor şəhərində terror aktı törədilib.  Partlayış Gülşanə-İqbal parkında kamikadzenin özünü partlatması nəticəsində baş verib. Nəticədə 64 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Terror aksiyasına görə məsuliyyəti "Camaatul-Ahrar" təşkilatı öz üzərinə götürüb.

 

29 iyun 2016-cı ildə Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Hava Limanında terror aktı törədilib. Partlayış  nəticəsində 42 nəfər həlak olub, 239 nəfər yaralanıb. Həlak olanlardan 10-u xarici, 3-ü isə ikili vətəndaşlığı olan şəxsdir. Yaralıların 109-u evə buraxılıb. Hazırda 130 yaralı həkim nəzarətindədir.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi