Modern.az

GIPA-ya geden yolda Tiflis haqqinda ilk təəssüratlarım...

GIPA-ya geden yolda Tiflis haqqinda ilk təəssüratlarım...

Media

22 Yanvar 2011, 19:55

GIPA dediyimizdə ilk ağla gələn şey, görəsən bu nədir? Nə deməkdir?

GİPA (Georgian İnstitute of Public Affairs) yəni Gürcüstanın İctimai Əlaqələr İnstitutu deməkdir. İnstitutun Jurnalistika və Media İdarəçiliyi fakültəsində artıq Azərbaycandan onlarla tələbə təhsil alıb. Mənim də buranı tərcih etməkdə əsas məqsədim jurnalistikaya olan həvəsimdir. Bu mənim uşaqlıq arzumdur. Sadəcə olaraq bəzi səbəblərdən dolayı bakalavr təhsilimi jurnalistika fakültəsində ala bilmədim. İxtisasca filoloq olsam da, içimdəki həvəs sayəsində bu gun GİPA-da jurnalistika üzrə magistr təhsili almaqdayam.

Xaricdə təhsil hamının arzusudur.Bəziləri xaric deyəndə Avropanı, Amerikanı və yaxud da Yaponiyanı nəzərdə tutur.Amma bu əsla elə deyil. GİPA-nın təhsil formatı heç də xarici ölkələrdən geri qalmır. Burada tələbələr yalnız jurnalistika deyil, həm də digər elmləri öyrənirlər.

On my way to GIPA       -                     GİPA yolunda

Bu mənim Tiflisə ilk səfərim idi. Daha öncə gəlmədiyim üçün bir az araşdırmalı oldum və belə nəticəyə gəldim ki, qatarla gedim. Elə də etdim. Tələbə yoldaşımla bərabər qatara bilet aldıq. Bu lap maraqlı idi, çünki ilk əvvəllər birbaşa Bakı-Tiflis qatarına bilet almaq niyyətində olsaq da, sonradan Bakı-Ağstafa qatarı ilə gəlməli olduq. Çünki bilet almağa getdiyimiz zaman tələbə yoldaşım xarici pasportunu evdə qoymuşdu. Belə daha maraqlı oldu. Necə deyərlər haqqımızda xeyirlisi deyərək, biletlərimizi aldıq.

Yanvarın 18-i saat 22:35-də kupe 19, yer 6-da olan mənlə qatar yola düşdü. Bu mənim qatarla ikinci səyahətim idi. Ümumiyyətlə qatarla səfəri çox sevirəm. Tələbə yoldaşım 7-ci yerdə və bizimlə bərabər iki nəfər də yol yoldaşı oldu. İkisi də çox səmimi uşaqlar idi. Özal əsgərliyə hazırlaşdığından Bakıdan Şəmkirə babasıgilə gedirdi, ordan da Ağstafadakı N saylı hərbi hissəyə yollanacaqdı. Bəlkə indi artıq hərbi xidmətinə başlayıb, uğurlar ona. Digər yol yoldaşımız isə Xəzər Universitetinin tələbəsi idi. Semestr dərsləri bitdiyindən tətilə-rayona qayıdırdı. Hər ikisi Şəmkirdə endilər vaqondan. Biz isə yolumuza davam etdik. Qatarla səyahət edərkən yadıma hərdən Avropadakı sürətli qatarlar düşürdü. Nə vaxtsa ölkəmizdə də belələrini görmək ümidiylə Ağstafa dəmiryol stansiyasında endik. Buradan avtobusla Azərbaycan-Gürcüstan sərhədinə yollandıq. Sərhədi cox rahat formada keçdik, əgər əlimizdəki yüklərin ağırlığını nəzərə almasaq.

Artıq Gürcüstandaydıq. Burada ilk qarşılaşılaşdığımız şey heç də Bakıdan fərqlənməyən bir mənzərədi. Taksi sürücüləri hərəsi səni bir tərəfə dartıb aparır. Yükünə kömək edir, qiymət danışırsan, razılaşmayanda deyir:

- Ayə, mən hamıdan ucuz apareram, “paputi” gederəm dana, gəl gedəy, hələ bir yükünə də köməy ederəm, bə mənnən getmersən?

Onların sayı artır amma nə edəsən, gözəl millətim axşam uşaqlarına çörək aparmaq üçün edir bütün bunları. Heç kimi qınamıram. Buradakı millətimin vəziyyətini bura gəlməyənlər bilməzlər. Yurdum insanı problemlərdən yorulub artıq, yorğun düşüb. Axırda bir taksiylə 20 manata razılaşıb Tiflisə yola düşdük, dayının maraqlı söhbətinə şirinlik verən ləhcəsi məni doğrudan da heyran etdi. Söhbətimizin əhatə dairəsi Gürcüstanda yaşayan Azərbaycan türkləri və Tiflis haqqında məlumat toplamaq idi. Müsahibə qızışdıqca yollar qısalırdı. Biz artıq Tiflis küçələrində idik. İlk dayandığımız ünvan Operanın yanı oldu. Bizi burda Sergey adlı biri qarşılayaraq qalacağımız ünvana apardı. Həmin gün evdə dincəldik, axşam şəhərə çıxmağa da imkan tapdıq.

Növbəti gün isə GİPA-ya yollandıq. Burada gözləmədiyimiz istiqanlılıqla qarşılaşdıq, həqiqətən bu bizim cox xoşumuza gəldi. İnstitutla tanışlıqdan sonra gürcü dostlarımızı ziyarət etdik. Bizi çox gözəl şəkildə qonaq etdilər.

Burada həmçinin gəlişimizi səbirsizliklə gözləyən azərbaycanlı tələbələrlə görüşdük, fikir mübadilələri etdik.

Tiflis haqqında ilk təəssuratlarım olduqca yaxşıdır. Bizlərdə belə bir inam var, bir işə necə başladınsa, elə də gedər. Təhsilimizə yaxşı bir başlanğıc etdiyimizi düşünürəm. Ümumiyyətlə buranın insanları çox sərbəstdir.

Havası, suyu, küçələri təmiz, insanları da çox istiqanlıdır. Bura sanki Qafqazın bir parçası deyil, sanki bizim kimi 70 ildən cox Sovet hakimiyyətinin tərkibində olmayıb. İnsanları kompleksiz, istədikləri kimi davranırlar. “Qiraqdan baxan nə deyər” deyə düşünən yoxdur və əlbətdəki insanın özünü sərbəst hiss etməsi üçün aşması gərəkən ən böyük əngəl budur.

Bu bir  başlanğıcdır. Gələcəkdə nələrin baş verəcəyinin ən doğrusunu isə əlbətdəki uca Yaradan bilir.


Haqqımızda xeyirlisi deyərək
Tiflisdən Mövlud İşıqov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi