Modern.az

Itkinlər...

Itkinlər...

28 Oktyabr 2009, 19:01

ONLAR DİNC DÖVRDƏ NİYƏ YOXA ÇIXIRLAR?

 

Daxili İşlər Nazirliyində (DİN) bu yaxınlarda keçirilən kollegiya iclasında ölkə ərazisində xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə bağlı vəziyyət müzakirə olunarkən nazir Ramil Usubov ərazi polis orqanlarının bu istiqamətdəki fəaliyyətindən narazılığını gizlətməyib:

“Narahatedici məsələlərdən biri də xəbərsiz itkin düşmüş şəxslərin bir qisminin cinayətin qurbanı olması ehtimalının yoxlanılmasına yerlərdə kifayət qədər əhəmiyyət verilməməsidir. Bu səbəbdən bütün ərazi polis orqanlarında itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işlər diqqətlə öyrənilməli, onların qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimalı dərindən araşdırılmalı, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanı qarşısında vəsatət qaldırılmalıdır”.

DİN-in məlumatına görə, 2009-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının ərazisində 954 nəfər itkin düşüb. Ötən doqquz ayda itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 954 şəxsdən 659-nun (69,1%) yeri müəyyən edilib.

Evdən çıxıb geri qayıtmayanlar Dinc şəraitdə vətəndaşların itkin düşməsi barədə məlumatlar qəribə səslənsə də, belə hadisələr tez-tez baş verməkdədir. «Cabarov Akif Dursun oğlu-15.11.1992-cü tarixdən evdən çıxmış və geri qayıtmamışdır»; «Əliyeva Samirə Əbli qızı-29.06.2006-cı il tarixdə evdən çıxmış və geri qayıtmamışdır»; «Zeynalova Tamaşa Məhəmməd qızı 30.05.2007-ci il tarixdə evdən çıxmış və geri qayıtmamışdır». Bu şəxslər Daxili İşlər Nazirliyinin siyahısındakı çoxsaylı itkinlərdən bir neçəsidir.

Hüquq-mühafizə orqanları mütamadi olaraq Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Bakı şəhərində itkin düşənlər haqqında məlumatlar açıqlayır. Adətən itkin düşənlərin əksəriyyətinin ruhi xəstələr olduğunu düşünürük. Amma bəzi hallarda tamamilə sağlam insanların da evdən çıxıb bir daha geri qayıtmamalarına təsadüf olunur.

 

Son illərin statistikası İtkin vətəndaşlardan bəzilərinin axtarışları illərlə nəticəsiz qalır. Daxili işlər orqanları onların sonrakı taleyi barədə heç bir məlumat toplaya bilmədiyindən öldüsü və ya qaldısı məlum olmayan şəxslərin yaxınlarının gözləri də yollardan yığılmır. Rəsmi statistikaya nəzər saldıqda hər il respublikamızda 1000-dən çox vətəndaşın ölkə ərazisində itkin düşmüş şəxs kimi qeydə alındığını söyləmək olar. Belə şəxslərin sayı son illər xeyli artıb.

Daxili İşlər Nazirliyinin statistikasına görə, 2007-ci ildə 1484 nəfər itkin düşmələri ilə əlaqədar axtarışa verilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının axatrışları nəticəsində dinc dövrün itkinlərindən 1122-nın yerini müəyyən etmək mümkün olub. Ötən il isə 1305 nəfər itkin düşənlər kimi DİN-də qeydiyyata alınıb. 2008-ci ildə polisin səyləri sayəsində axtarılanlardan 979-nun yeri müəyyən edilib. Hal-hazırda Daxili İşlər Nazirliyində itkin kimi qeydiyyatda olanların şəkilləri DİN-in internet saytında da yerləşdirilib. İtkinlərin arasında bütün yaş təbəqəsindən olan vətəndaşlar var: qocalar, orta yaşlı kişi və qadınlar, cavan oğlan və qızlar, uşaqlar. Aralarında ruhi xəstələr də az deyil.

Daxili İşlər Nazirliyindən bildirirlər ki, itkin düşən vətəndaşların axtarışı ilə onların qeydiyyatda olduğu ərazinin polis orqanı məşğuldur.

DİN-in məlumatlarından görmək olar ki, itkin düşənlərin bəzilərinin 10 ildən çoxdur axtarışdadır. Siyahıda olanların hamısının qarşısında «…evdən çıxmış və bir daha geri qayıtmamışdır» sözləri yazılıb. Onların hansı şəraitdə itkin düşdüyü barədə isə məlumat verilmir. Axtarışları illərdir nəticəsiz qalan itkinlərin tapılacağına onların doğmalarının da inamı azalıb, amma gözləri yenə yolda, qulaqları səsdədir.  

Bəzi ekspertlər hesab edirlər ki, itkinlərin axtarışı 10 il ərzində nəticəsiz qalırsa, bu, həmin şəxsin həyatda olmadığını deməyə əsas verə bilər. Daxili işlər naziri Ramil Usubov da mətbuata açıqlamalarının birində deyib ki, araşdırmalar tapılmayan itkinlərin cinayətlərin qurbanı olduğunu göstərir.

 

Onlar niyə yoxa çıxıblar?

 

İtkin düşənlərin bir çoxunun ailəsi qeyri-müəyyən vəziyyətdə qalıb, onlar öz əzizlərinin öldüyünü güman edir, lakin bunun sübutu olmadığından yas tuta bilmir və doğmalarının qayıdacağına az da olsa ümid bəsləyirlər.

Bəzi itkinlərin yaxınları isə axtarış işlərinin səviyyəsindən narazılıq edir, bu işlə məşğul olan polis orqanlarını məsələyə biganə yanaşmaqda ittiham edirlər. DİN rəsmiləri isə bu iradları qəbul etmir, axtarılan yüzlərlə insanın yerinin müəyyənləşdirilməsini yalnız polisin əməyinin nəticəsi sayır.

İtkin düşmə anlayışı adətən müharibə dövrünə aid edilir. Bəs onda dinc şəraitdə vətəndaşların əlli-ayaqlı yoxa çıxmasının səbəbi nədir?

Bəzi hüquq müdafiəçiləri belə hesab edirlər ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda adi şəraitdə vətəndaşların itkin düşməsi sırf cinayətkar qruplarla bağlı deyil. Bununla belə, bəzi itkinlərin oğurlanması, qətlə yetirilməsi barədə iddialar da az deyil və onları da əsaslı hesab emək olar. Elə MTN-nin «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirdiyi cinayətkar dəstənin sübuta yetirilən əməlləiri göstərdi ki, itkinlərdən bəziləri doğrudan da gizli cinayətlərin qurbanına çevrilib. Adi şəraitdə gözlənilmədən yoxa çıxan şəxslərdən bəzilərinin insan alverinin qurbanına çevrilməsi də mümkün ehtimallar sırasındadır. Kim bilir, bəlkə adı DİN-in itkinlər siyahısında keçən qzlardan neçəsi insan alverinin qurbanıdır? İtkin hesab olunanlar arasında ailəsindən imtina edib gedənlərin olduğu barədə də ehtimallar səsləndirilir. Belələri yaşadıqları yer haqqında uzun müddət məlumat vermək istəmir. Bəzən xəbərsiz-ətərsiz ölkədən çıxıb gedənlər də var ki, yaxınları onları itkin düşmüş sayırlar.

Psixoloq Elşən Məmmədov dinc dövrün itkinlərini müxtəlif kateqoriyalara bölür. Onun fikrincə, əqli cəhətdən sağlam olan, lakin psixoloji sarsıntı keçirən və bu üzdən evdən gedən insanlar az deyil. O, belə şəxslərin daha çox yeniyetmələr olduğunu bildirir: «Bəziləri ailədə başa düşülmədiyindən, digərləri cəmiyyətdə düzgün qəbul olunmamalarından, bir qrup isə valideynləri tərəfindən haqsız təpkiyə məruz qalmaları səbəbindən evlərini tərk edir və bir daha geri qayıtmamaq barədə qərar qəbul edirlər». Müsahibimiz itkin düşənlər arasında yaşlı insanların olmasını belə izah edir: «Onlar qayğısızlıqdan, baxımsızlıqdan əziyyət çəkdikləri üçün doğmalarından uzaqlaşırlar. Çünki elə ailələr var ki, yaşlı, xəstə insanlara lazımi diqqət göstərilmir. Nəticədə ixtiyar çağında evini tərk edən qocaların bir qismi pansionatlarda yerləşə bilsə də, küçələrə düşən, bomj həyatı keçirənlər də olur. Özlərinə qapanan, kəskin depressiya vəziyyətinə düşən bu cür insanlar yaxınlarından qaçırlar, onlar təklikdə özlərini daha yaxşı hiss edirlər. Bəzən belə şəxslərin adı illərlə itkin düşənlərin siyahısında qalır». 

Adəm 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi