Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

25 Yanvar 2011, 15:05

Modern.az saytı xeyli vaxtdır ara verdiyi “Media əhvalatları» rubrikasını yenə davam etdirir. Rubrikamızın budəfəki qonaqlarını təqdim edirik. Əhvalatları “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Milli az” portalının baş redaktor müavini Elçin Alıoğlu, “Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı danışır.

“Sağa dön!”, “Olmadı!”

Aqil Camal -  “Türküstan” qəzetinin baş redaktoru
:

- 2005 - ci il parlament seckilərindən bir neçə gün keçmişdi. Müxalifət Bakının müxtəlif yerlərində mitinq keçirirdi. Bir qrup jurnalist Nərimanov metrosunun yanındakı parkda toplaşmışdıq. Polis əməkdaşları bir sıraya düzülmüşdü, biz də kənardan onlara tamaşa edirdik. Yanımızda dayanan “Bizim yol”un müxbiri Pərviz Həşimli sıraya düzlənən polislərə kənardan əl işarələri ilə sataşır, onlar da komandirin qorxusundan dinib-danışa bilmirdilər, amma üzlərinin ifadələri ilə onu hədələyirdilər.
Birdən komandir sıraya düzülən polislərə “Sağa dön!” əmri verdi, onlar da dərhal əmri yerinə yetirdilər.
Pərviz Həşimli sıraya düzlənən polislər sağa dönəndə “Olmadı!” deyə qışqırdı. Sıradakı polislərin əksəriyyəti əmrin komandir tərəfindən verildiyini zənn edib dərhal əvvəlki vəziyyətlərinə qayıtdılar. Amma elə dərhal da bildilər ki, bu əmri komandir deyil, kənarda dayanmış jurnalist Pərviz Həşimli verib.
Təcili Pərvizi tutmaq üçün iki polis ayrıldı, onlar Pərvizə tərəf qaçmağa başlayanda, Pərviz özünü parkın ortasındakı fəvvarənin suyuna atdı və üzərək o tərəfə keçib gözdən itdi. Çünki Pərviz bilirdi ki, bu işin nəticəsi yaxşı olmayacaq. Polislər əllərində dubinka, üzlərində elə ifadə var idi ki, dillə demək mümkün deyil, amma onu tuta bilmədilər”. 

“Otaqdakı telefonu qoyub hamama qaçırdı”

Elçin Alıoğlu - “Milli az” portalının baş redaktor müavini:


- Bir dəfə məşhur insanlardan biri ilə Türkiyədə səfərdə idik. Onunla otaqlarımız qonşu idi. Hərdən ona zəng edirdim ki, nə var, nə yox. Hər dəfə ona zəng edəndə otağından qəribə səs-küy gəlirdi. Öz-özümə təccüblənirdim ki, bu nə səsdir. Getdim baxdım.
Məlum oldu ki, bu adam hər dəfə telefon zəng çalanda qaçır hamam otağına, unitazın üstünə çıxır və telefona çavab verir, təbii ki, bu ərəfədə bir neçə dəfə də yıxılır.
Qaldığımız otel beşulduzlu idi. Burada telefon aparatı iki yerdə idi, həm hamam otağında, həm də otaqdakı stolun siyirməsində. Bu adamın ağlına gəlmir ki, otaqda da telefon var, siyirməni çəkib telefonu götürmək kifayətdir. Yoxsa gecə saat 3.00-da telefon zəng çalır, bu adam da durub yarıçılpaq vəziyyətdə qaçır hamam otağına və unitazın üstünə dırmaşır, yıxılır, nədi-nədi telefona çavab versin.

“Kapitalist qoyunu sosialist darvazasına baxan kimi durub gözünü döyürdü”

- Bir dəfə Belçikada səfərdə idik. Orada siyasətçilərlə, jurnalistlərlə görüşürdük. Oteldə oturmuşduq dostlardan biri yaxınlaşıb dedi ki, “bəsdi oturduğumuz, çıxıb baxaq bu firənglərin mədəniyətinə, həyatına”. Sonra da dedi ki, “siz xarici dili yaman gündə bilirsiniz, ona görə də məndən ayrılmayın”. Şəhərdə gəzəndə bir də gördük ki, yoldaşlardan biri yoxdür. Gecə saat 3.00 ola, Bürüssel ola. İndi bu yoldaşı harada axtaraq?
Birdən ağlımıza gəldi ki, bu yoldaş harda ola bilər. Qərara aldıq ki, gedək qırmızı fənərlər küçəsinə. Deməli, Bürüsseldə qırmızı fənərlər küçəsi var, burada vitrində çılpaq xanımlar dayanır, pul qarşılığında insanlarla söhbət edirlər. Bizim bu yoldaş da həmin küçəyə gedib, kapitalist qoyunu sosialist darvazasına baxan kimi durub gözünü döyür və üzündə qəribə təəccüb var. Onu tapanda dedi ki, "görürsünüz bu ölkə nə qədər inkişaf edib ki, vitrində manekenlər də hərəkət edir". Vəziyyətin nə yerdə olduğunu başa salana qədər xeyli əziyyət çəkdik.

Adımı səhv başa düşmüşdülər

Zabil Müqabiloğlu - “Yeni Müsavat”ın redaktoru

- Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak edərdik. Ukraynadan olan bir neçə deputat və jurnalist Azərbaycandan olan bir neçə jurnalisti qonaq çağırdı. Orada hər kəs özünü təqdim edərkən adını deyirdi, mən də dedim ki, adım Zabil. Təbii ki, rusca. Baxdım ki, ukraynalılardan bəziləri çaşıb qaldılar və yeyib-içmək boyunca mənə qəribə tərzdə baxırdılar.
Sonra bildim ki, həmin deputatlardan biri bizim millət vəkilinə - indi rabitə və informasiya  texnologiyaları naziri olan Əli Abbasova yaxınlaşıb və məni göstərərək deyib ki, “sizin bu jurnalistdən adını soruşdum dedi ki, yadımdan çıxıb”.
Sən demə bunlar Zabil adını Zabıl kimi başa düşüblərmiş.

Rauf Arifoğlunun arzusu, Qənimət Zahidin vəsiyyəti

Elşad Eyvazlı - “Modern.az” saytının baş redaktoru:


- Azərbaycandan 15-dən artıq KİV rəhbəri Ankarada türkdilli ölkələrin media formunda iştirak edirdi. Səfər çərçivəsində biz Atatürkün Anıtkabirinə avtobusla gedərkən Rauf Arifoğlu böyük bir arzusunun olduğunu bildirdi. Ətrafdakılar maraqlanada dedi ki, “istəyirəm içində olduğumuz avtobus qəzaya uğrasın. Məndən başqa, hamı ölsün. Bakıya dönəndə “Azadlıq” qəzetinin kollektivinə bildirim ki, Qənimət Zahid bu qəzeti mənə vəsiyyət edib. Kim nə biləcək ki, o bu sözləri deyib, ya yox”.
Qənimət Zahid Rauf Arifoğlunun bu fikirlə razılaşaraq bildirdi ki, onun da başqa vəsiyyəti var: “Mən də vəsiyyət edirəm ki, öləndə məni Vüqar Səfərlinin yanında basdırsınlar”.
Avtobusda olan Vüqar Səfərli qəribə tərzdə Qənimət Zahidi süzərək “bunlar Rauf Arifoğlunun arzusu, sənin isə vəsiyyətin ola bilər” dedi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir