Modern.az

““Elçibəy yolu” ifadəsi şairanə anlayışdır”

““Elçibəy yolu” ifadəsi şairanə anlayışdır”

18 İyul 2016, 09:42

Tarixi şəxsiyyətlər, bir qism vətəndaşlar üçün ilahiləşdirilə də bilir. İdeyalar, çıxışlar təqlid vasitəsinə çevriləndə məsələ bir az fərqli rakursdan müzakirə olunur.

 

Azərbaycanın yetişdirdiyi tarixi və siyasi şəxsiyyətlərdən biri də eks-prezident Əbülfəz Elçibəydir. Haqqında səslənən iradlar bəzən aylarla müzakirə predmetinə çevrilir. Elçibəy yolunu tutanlar, bu yolda “fədakar mücəssəməsi” rolunda çıxış edənlər bir az da özgələşmiş kimi görünür.

 

Etiraf edək ki, 1990-cı illərdə özlərini “Elçibəyin davamçıları” hesab edənlər daha çox idi. Lakin müəyyən müddət keçdikdən sonra azalma müşahidə olunsa da, bəziləri “gözdən pərdə asmaq” təsiri bağışlamağa başladı. Təbii ki, istisnalar da mövcuddur.

 

Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı danışıb. O, Modern.az-a açıqlamasında tez-tez səslənən “Elçibəy yolu” ifadəsinə aydınlıq gətirib.

 

“Məmməd Arazın gözəl bir şeiri var.

 Bir ağılın budağından sallanıb

Neçə-neçə ağlı dayaz yaşayır.

 

Əslində, tarixi şəxsiyyətlərlə bağlı məsələdə də bu yanaşma bir qədər daha çox özünə uyğunluğunu göstərir. Mütləq mənada, kimisə təqlid etmək deyilən bir anlayış yoxdur. Hər bir tarixi şəxsin siyasət yolunda doğrular və yanlışlar ola bilər. Doğrular təkmilləşmək üçün yanlışlar isə düzəldilmək üçündür.

 

Hesab edirəm ki, “Elçibəy yolu” ifadəsi bir qədər şairanə anlayışdır. Yol bütövlükdə Azərbaycan yoludur.

 

Azərbaycanın gələcəyi ilə bağlı yoldur. Bu yolda hər kəsin müəyyən dərəcədə töhfələri var. Müstəqillik yolunda ən böyük töhfəsi olan insanlardan biri də  Əbülfəz Elçibəydir. Elçibəyin addımları, çıxışları, məsələlərə münasibəti bu gün ehkam kimi tam şəkildə götürülə bilməz. Hansılar ki, bugünün müəyyən qiymətləndirməsində qalıcı bir dəyərə çevrilsə, ondan yapışmaq lazımdır. Hansılar ki, özünü doğrultmursa, ondan da imtina etməyi bacarmaq lazımdır. Bizim yanaşmamız budur”.

 

“Elçibəyin Azərbaycan cəmiyyətinə gətirdiyi əxlaqi dəyərdir”

 

Deputat vurğulayıb ki, Elçibəy yolunu əsas gətirənlərin bəziləri başqa məqsədlərlə bunu edir.

 

“Kimlərsə fanatizm olaraq, ya da, cəmiyyətdə  buna divident qazanır deyə yanaşırlarsa, bu onların özlərinin seçimidir. Bunu haqlı və doğru saymıram. Bütövlükdə Elçibəyin Azərbaycan cəmiyyətinə gətirdiyi dəyər əxlaqi dəyərdir. Prezident, siyasətçi olmadan öncə də yaxşı mənada insan idi. İnsansevər varlıq idi. İnsana içində kin, nifrət bəsləməyən bir əxlaqi nümunədir. Məncə, bu nümunədən yapışmaq daha doğrudur. Yoxsa ki, siyasi postulatlarını əzbərləyib bu günə tətbiq etmək effekt vermir. Bu, sadəcə, özünə təsəllidən başqa bir işə yaramır. Bu yol müstəqillik yoludursa, bu yola töhfəsi olan hər kəsin irsindən faydalanmaq lazımdır. Məsələn bu irsə Məmməd Əmin Rəsulzadənin, Elçibəyin, Heydər Əiyevin böyük bir töhfəsi var. Bunlardan  istifadə etmək lazımdır”.

 

“Əbülfəz bəyə ağıllı adamlar lazım idi”

 

Fazil Mustafa Əbülfəz Elçibəy adının arxasında olmaq istəyənlərdən də söz açıb.

“Bu gün onun adının arxasında varınmaq istəyənlər, yeni bir yaradıcı yanaşması olmayan, təfəkkürcə yeniləşməni həzm edə bilməyən bir sürü insanlar var ki, bunlar üçün başqa bir tapıntı yoxdur. Mövcud tapıntıdan yapışaraq qala bilirlər. Əbülfəz bəyə daha sədaqətli, daha bağlı  idim. Bu gün də sədaqətliyəm, bu gün də bağlıyam.

 

Halbuki, nə dünənki sədaqətimin, nə də bugünkü bağlılığımın Əbülfəz Elçibəyə faydası olub. Əbülfəz bəyə ağıllı adamlar lazım idi ki, hakimiyyəti qorusun, yaxud da, müəyyən mənada bu ideyanın inkişaf etməsinə  müstəqilliyin daha da  çiçəklənməsinə fayda versin”.

 

Namidə BİNGÖL

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər