Modern.az

Abel Məhərrəmov: “BDU 90 illik yubiley hesabatına əlidolu çıxacaq”

Abel Məhərrəmov: “BDU 90 illik yubiley hesabatına əlidolu çıxacaq”

28 Oktyabr 2009, 13:46

Noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi beynəlxalq səviyyədə qeyd ediləcək. Universitetin rektoru Abel Məhərrəmov Moden.az-a yubiley tədbirinin planlarından danışıb.

Rektor qeyd edib ki, MDB-yə daxil olan bütün ölkələrdən, həmçinin Çin, Koreya, Yaponiya, Ruminya, Fransa Almaniya, Amerika, Türkiyə və başqa dövlətlərdən nümayəndə heyətləri yubiley mərasimində iştirak edəcək: “70 nəfər qonağımız var ki, onlarda da 20-si rektorlardır. Bu tədbir dövlət səviyyəsində həyata keçiriləcək. Ölkə rəhbərinin sərəncamına uyğun olaraq hazırlıq işləri onun nəzarətindədir. Düşünürük ki, bu tədbirdə ölkə başçısı, respublikanın ali struktur rəhbərləri də iştirak edəcək. Hər halda, maraqlı bir tədbir olacaq. Bilirsiniz, yubiley hesabatdır. Ancaq biri var bu hesabatı ölkə çərçivəsində verəsən, biri də var dünya səviyyəsində. Qonaqlar çıxış edib ölkələrində BDU-nun necə tanınmasından danışacaqlar. Yəni onlar Azərbaycanın ilk ali təhsil ocağının dünya müstəvisində qiymət verəcəklər.

Demək olar ki, böyük miqyaslı hazırlıq işləri görülüb. Universitetin yeni akt salonu yenidən işlənib hazırlanıb. Heydər Əliyev məktəbi də yenidən qurulub. Bundan əlavə, universitetdə məhkəmə salonunun açılışı olacaq. Beynəlxalq hüquq, tarix fakültəsində konfrans zallarının, kimya fakültəsində yeni laboratoriyanın, ekologiya laboratoriyasının açılışı olacaq. Bu seriyadan çox yeniliklər var. Dediklərim əsas korpusla bağlıdır. Birinci və ikinci korpusda da böyük miqyaslı təmir işləri gedib”.

Rektor qeyd edib ki, hansısa xarici təhsil ocağının rəhbəri danışacaqsa, deməli, o, rəhbərlik etdiyi qurum adından BDU-ya qiymət verəcək: “BDU çalışacaq ki, bu hesabata əlidolu gəlsin. Mənə elə gəlir ki, bunu etmişik. “BDU-90” kitabı çap olunub. Oktyabrın 30 və 31-də universitetdə beynəlxalq konfrans keçiriləcək. Bu konfransda dünyanın 59 tanınmış alimi çıxış edəcək. Burada o cümlədən Azərbaycanın, BDU-nun alimləri də çıxış edəcəklər. Elmi konfransın materialları hazırdır. Dəqiq, humanitar və təbiət elmləri üzrə 1200-ə yaxın məruzə dinləniləcək. Demək istəyirəm ki, yubileyə yalnız təntənə ilə deyil, həm də elmi uğurlarla gəlmişik. Bu yeniliklər barədə məlumat veriləcək”.

A.Məhərrəmov deyib ki, universitetin yubileyə həsr olunmuş  kitabları da çıxıb: “Bir neçə dildə bukletlər də nəşr etdirmişik. Universitetin dünəni, bu günü və sabahı ilə bağlı da bir kitab təqdim edəcəyik, “Azərbaycanın maddi, mədəni abidələri” adlı da kitab buraxmışıq”.

Yubileylə bağlı unuversitet əməkdaşlarına Prezident tərəfindən mükafatların, fəxri adların verilməsi məsələsinə gəlincə, rektor deyib ki, onda olan məlumata görə, bu istiqamətdə də işlər gedir: “BDU-nun 80 illiyində Heydər Əliyev tərəfindən 69 nəfər əməkdaşımız mükafat aldı. Əminəm ki, 90 illik yubileydə mükafat alanlar bundan az olmayacaq. Ən azı 90 illik yubileydə 90 nəfər təltif oluna bilər”.

 

“Modern.az”

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?