Modern.az

Somerset Moemin seçilmiş əsərləri YAŞARIN TƏRCÜMƏSİNDƏ

Somerset Moemin seçilmiş əsərləri YAŞARIN TƏRCÜMƏSİNDƏ

26 Yanvar 2011, 16:14

Bu günlərdə «Şərq-Qərb» nəşriyyatı Somerset Moemin seçilmiş əsərlərini oxucuların ixtiyarına verib. İngilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan məşhur yazıçı, dramaturq, esseist, ədəbi tənqidçi Moemin yaradıcılığından olan seçmə nümunələri dilimizə tanınmış yazıçı-tərcüməçi Yaşar çevirib. Nəfis tərtibatda çap olunan kitabda Moemin «Teatr» romanı, «Sadiq arvad» və «Ledi Frederik» adlı iki pyesi, həmçinin «Tüksüz Meksikalı», «Məqsədli izdivac», «Luiza» və «Meyxyu» adlı novellaları yer alıb. Azərbaycan prezidentinin sərəncamıyla nəşr edilən müasir dünya ədəbiyyatı silsiləsinə daxil olan kitaba yazdığı ön sözdə yazıçı-tərcüməçi Yaşar qeyd edir:

«Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır. Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil. Somerset Moemin demək olar ki, bütün əsərlərində oxucu peşəkarlığın gücünü hər kəlmədə, hər cümlədə hiss edir. Moem mövzunu özü üçün tam həll etmədən işə başlamır. Odur ki, onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar, bu qədər inandırıcı, bu qədər realdır. Bəli, əgər Moem ədəbiyyata gətirdiyi həyata belə ciddi yanaşmasaydı, oxucudan qarşılıqlı «əziyyət» tələb etməsəydi, bu populyarlıq tamam başqa səpkidə olardı. Əsas məsələ budur. Və əlbəttə ki, Moemi Moem edən, ən müxtəlif səviyyəli oxuculara sevdirən həmin o əvəzolunmaz «Moem üslubu»dur.

Nəsrinin məzmununa olan münasibəti kimi üslub və forma məsələlərinə də yazıçı çox həssas yanaşır. O, sözün yaxşı mənasında qrafoman idi, hər gün saatlarla yazı masasının arxasından qalxmırdı. İllərin tələbata çevirdiyir bu vərdişə yalnız yazıçını əldən-ayaqdan salan qocalıq son qoydu.

«…Uzun düşüncələrdən sonra qərara aldım ki, yaradıcı insan əsərlərində yalnız aydınlığa, sadəliyə və xoşmərama can atmalıdır». Son əsərlərindən olan, müəyyən mənada avtobioqrafik «Həyatımın yekununda» romanında Moem gəldiyi qənaəti oxucuyla bölüşür. Yəqin elə bu uzun düşüncələrin bəhrəsidir ki, Moem nəsri bütün təbiiliyi, sadəliyi, üslub bərbəzəklərindən xaliliyi ilə emosional həddə təsirli və həyatın özü qədər həyatidir.

Moemin kitabları və şəxsiyyəti birmənalı qəbul edilməyib və dünən də, bu gün də mübahisələr doğurur. Somerset Moemə bu mürəkkəb münasibət çox güman ki, sabah da davam edəcək. Amma bir şey şəksizdir ki, oxucunun yazıçıya inamı heç vaxt itməyəcək, çünki Moem də öz obrazlarına inanır. Onu nədə də olsa yaratdıqlarına laqeydlikdə günahlandırmaq mümkün deyil. Moem ən xırda obrazlardan tutmuş, baş qəhrəmanlarınacan hamısıyla birgə yaşayır, danışır, yeriyir, nəfəs alır. Yəqin Moemin əsərlərinin nəsillərdən nəsillərə ötürülməsinin sirri də elə bundadır».

Yazıçı haqqında ən dəqiq sözü isə təbii ki, onun əsərləri deyir. İnanırıq ki, azərbaycanlı oxucu Somerset Moem dünyasıyla tanışlıqdan mənəvi zövq alacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi