Modern.az

Saakaşvili demokratiyasının iç üzü, yaxud İbrahim Burhanovu Gürcüstana niyə buraxmırlar?

Saakaşvili demokratiyasının iç üzü, yaxud İbrahim Burhanovu Gürcüstana niyə buraxmırlar?

27 Yanvar 2011, 11:14

Azərbaycandakı Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin keçmiş sədri İbrahim Burhanov Modern.az saytına nələri danışdı.. ?

- İbrahim müəllim, ahıskalı türklərin böyük qismi Sizin bir neçə ay öncə “Vətən” Cəmiyyətinin sədrliyindən getməyinizdən çox rahatsız olduqlarını bildiriblər. Deyirlər ki, Sizə qarşı haqsızlıq olub. Bu məsələ ilə bağlı əsl həqiqət nədir?

- Parlament seçkiləri ərəfəsində belə bir proses baş verdi:  Gürcüstan Ahıska türklərinin tarixi vətəninə dönüşü ilə bağlı qərar qəbul etdi. Rəsmən 5428 ailənin ərizəsi qəbul edildi. Amma öz dədə-baba yurduna dönmək istəyənlərin sayı daha çoxdur - 13400 ailədir və biz də bu sayda ərizə topladıq. Bunların da 5428-ni qəbul etdirdik. Amma birdən-birə qəribə bir hadisə baş verdi. Gürcüstan Ahıska Türklərinin “Vətən” Cəmiyyətin sədri İbrahim Burhanovu öz sərhəddindən ölkəyə buraxmadı. Belə olduqda soydaşlarımız təşvişə düşməyə başladılar. Habuki biz Gürcüstan hökumətinin 2007-ci il 11 iyun tarixində Ahıska türklərinin vətənə dönüşü ilə bağlı çıxardığı qanuna uyğun hərəkət edirdik. Gürcüstan bununla bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb. O öhdəliyi guya yerinə yetirərək belə bir qanun qəbul ediblər. Doğrudan da belədirsə, birdən-birə Ahıska Türklərinin “Vətən” Cəmiyyətin sədri İbrahim Burhanova “sənə Gürcüstana girmək olmaz!” deyirlər. Biz Gürcüstanın Azərbaycandakı səfirliyinə dəfələrlə müraciət etdik ki, bu məsələni araşdırsınlar. Nəyə görə məni Gürcüstana buraxmırlar? Axı mən indiyə kimi 59 dəfə Gürcüstanda olmuşam. Dəfələrlə Gürcüstanın rəsmi numayəndələrilə  bu məsələ barədə müzakirələr aparmışıq. Bu məsələləri həll etmək üçün Avropa Şurası, ATƏT-in milli azlıqlar üzrə ali komisarlığının nümayəndələri, Gürcüstan parlamentariləri, Avropanın digər təşkilatlarının təmsilçiləri ilə müzakirələr aparmışıq. Amma sonradan Gürcüstan cığallığa keçdi və cəmiyyət sədr olaraq məni sərhədlərindən içəri buraxmadı.

- Problem sizə harada yaradılır və səbəb kimi nə göstərirlər?

- Azərbaycan sərhədində heç bir problem yaratmırlar. Amma Gürcüstan tərəfdə gömrük işçiləri buraxmır. Heç bir  əsas gətirmədən və heç bir şey demədən, sadəcə “olmaz!” deyirlər. Hətta mənə deyiblər ki, “sən Gürcüstan üçün arzuolunmaz bir şəxssən”. Bu nə deməkdir, mən başa düşmürəm. Ahıska türkləri bundan səs-küyə düşüblər ki, Gürcüstan Burhanovu nə üçün daxilinə buraxmır. Onda problemlərin həlli ilə kim məşğul olmalıdır? Bu yaxınlarda Gürcüstan parlamentinin İnsan haqları komitəsinin sədri Yelena Deptaradze bir toplantıda belə bir fikir səsləndirib ki, güya Burhanovun başçılığı ilə Azərbaycandakı “Vətən” Cəmiyyəti zorla Ahıska türklərindən vətənə dönüş üçün ərizə toplayıb. Bu cəfəngiyyatdır. Həmin adam 13400 ərizəçinin 3-nə zorla ərizə yazdırıldığını ortaya qoysa, mən onlara təslim olaram. Hansı zamandı ki, mən kiməsə deyim ki, zorla get ərizə yaz. Biz sadəcə olaraq insanlara hüquqi kömək etdik. Ərizə yazmaq metodu elədi ki, onu kənd camaatı həyata keçirə bilməzdi. 17 adda sənədi insanlar istəsələr belə, əldə edə bilməyəcəkdilər. Amma Gürcüstan tərəf bunu belə qəbul etmir. Beynəlxalq aləmə böhtan dolu xəbərlər verirlər ki, güya, Ahısk türkləri öz tarixi vətənini istəmirlər, onlar geriyə qayıtmaq istəmirlər. Guya, “Vətən” Cəmiyyəti ərizələri zorla toplayıb.

- Məsələ ilə bağlı Avropa Şurasına və digər beynəlxalq qurumlara məlumat vermisinizmi?

- Mən Avropa Şurasının sədri ilə də görüşmüşəm, rəsmi olaraq ona məktub da vermişəm. Gürcüstan parlamentinə, prezidentinə də iradımı bidirmişəm. Digər ölkələrə də bu haqda məlumatlar vermişəm. Avropa Şurası məsələləri yaxşı bilir. Amma hələ ki nəticə yoxdur. Əgər istəmirlərsə, bunu Gürcüstan açıq şəkildə bildirməlidir. Bəyan etməlidir ki, türklərin sərhəddə yerləşməsini istəmir. O zaman yalandan bu qədər ərizəni niyə toplatdırırdı bizə? Hələ bu günə qədər verilən ərizə sahiblərindən kiməsə repatriant  statusu verilməyib. İçi mən qarışıq, birinci ərizə verən mən oluşam.

- Bir çox soydaşlarınız Gürcüstanda, doğma yurdlarında özlərinə pulla mənzillər almışdılar. Bəs, onların aqibəti necə olacaq?

- O adamlar Gürcüstan hökumətinin Ahıska türkləri ilə bağlı qəbul etdiyi qanuna müvafiq olaraq ev almayıblar. Öz təşəbbüsləri ilə gedib orda ermənilərin satdığı evlərdən alıblar və indi orada yaşıyırlar. Onlar təxminən 62 ailədir. Bizdə olan məlumatlara görə, onlara da əziyyətlər verirlər. Həmin ailələrdən olanların bəziləri işləmək üçün Türkiyəyə gedir, bəziləri Gürcüstanda çətinliklə qeydiyata düşüb vətəndaşlıq alıblar. Bəziləri isə bu günə qədər Gürcüstan vətəndaşlığı ala bilməyiblər.

- Bu olayla bağlı yəqin ki,  Beynəlxalq Ahıska Türklərinin “Vətən” Cəmiyyətinə  məlumat çatdırmısınız? Onlar bu istiqamətdə nə iş görürlər?

- Beynəlxalq Ahıxka Türklərinin “Vətən” Cəmiyyətinin sədrinin özünü Gürcüstanda həbs ediblər. Süleyman Məhəmməd oğlu Barbakadzeyə 11 il iş kəsiblər. Həmin şəxs Gürcüstanda həbsdədir. O, Moskovadakı  Beynəlxalq Ahıska Türklərinin “Vətən” Cəmiyətinin sədri idi. Bəhanə gətirirlər ki, o, erməni qadınından dədə-baba evini alıb, alqı-satqı prosesində o qadın dövlət rüsümünu ödəməyib. Belə bir qurama məsələ ilə bağlı onu 11 il həbsə atıblar. Beləcə, Gürcüstan rəhbərdən birini icəri buraxmır, birini həbsə atır, bu, bizim tarixi vətənə qayıdışımızı gecikdirmək məqsədi daşıyır. İndi vəziyyət belədir.  

- Azərbaycandakı “Vətən” Cəmiyyətinin yeni sədri var, cəmiyyətin tutduğu indiki mövqe sizi qane edirmi?

- Cəmiyyətin yeni rəhbərliyi işini tam qura bilməyib. Hələ Gürcüstana – qayıdış məsələsilə bağlı heç bir iş görməyiblər. 

- Gürsüstan prezidenti Saakaşvili  demokratik bir cəmiyyət qurduğunu bəyan edir, digər tərəfdən isə sizi həmin ölkəyə buraxmırlar. Bunu necə qiymətləndirmək olar?

- Mən belə başa düşürəm ki, bunlar “demokratya” sözünü üzdə işlədirlər. Öz daxillərində isə özlərini qane edəcək şəkildə iş aparırlar. Amma Ahıska türklərinin vətənə dönüşü ilə bağlı nə demokratik qanun qəbul edə bildilər, nə də geriyə dönüş prosesində dövlət olaraq bir addım atdılar. Gürcüstan tərəfi deyir ki, “bizim maliyyə imkanlarımız yoxdu”. Sənin imkanların yoxdusa, digər dövlətlər, beynəlxalq qurumlar yardımlar göstərəcək Ahıska türklərinin geriyə dönüşünə... Axı sizin qəbul elədiyiniz qanun qarmaqarışıq bir şeydir və bu, icra olunmur.

- Bundan sonra hansı adımlar atmaq fikiriniz var?

- Biz hələ gözləyirik. 2011-ci il repatriasiya ilidir. Bu il 5428 ərizəyə cavab verilməlidir. Əgər cavab verilməzsə, bu zaman biz mübarizənin digər yollarına, yəni beynəlxalq təşkilatlarla sırf ünsiyyətdə olub, bu məqamları  dünyaya tanıtdırmağa çalışacağıq.

- Ahıska türklərinin vətənə qayıdışına maneçilik sizcə sırf Gürcüstan hakimiyyətinin işidir, yoxsa Gürcüstanda gürcü soyadı daşıyan ermənilər buna maneçilik törədirlər? Bunları necə təhlil edirsiniz?

- Biz Gürcüstanda olanda dəfələrlə erməni təşkilatları qabağımızı kəsiblər. Amma o qədər də üzə çıxa bilmirdilər. İndi isə onlar çox fəallaşıblar. Bizim ora qayıtmağımızı çoxu istəmir. Gürcüstan da onlar tərəfə daha çox meyillidir.

- Məsələ ilə bağlı Türkiyəni məlumatlandırmısınızmı?

- Türkiyə bütun bunların hamısını gözəl bilir. Bu ölkə hər zaman sülh və demokratik şəraitin qorunmasının tərəfdarıdır. Həm də Türkiyə Gürcüstanla bir çox məsələlərdə razılaşır.  

- Gürcüstanın bu addımı ahıskalıların tarixi vətənə dönüşündə ümidsizlik yaratmır ki?

- Əgər başqanı buraxmırlarsa, təbii ki, bu, insanlarda bir az ümidsizlik yaradacaq. İndi gözləyək...

- Gözləmə mövqeyi sizin bir addım geriyə çəkilməyiniz deyilmi?

- Mən məqamı gözləyirəm. Hər zaman “Vətən” Cəmiyyətinin rəhbərliyinə qayıda bilərəm, 20 ildi bu işdə mübarizə aparıram. Mövqeyimizdən dönməz insanlarıq. Bu işi aparmaq üçün hökmən sədr olmaq lazım deyil ki... Biz hələ də bu işin üzərindəyik.

- Gürcüstana gedəcəyiniz təqdirdə həbs olunacağınız gözləniləndimi?

- Onlar məni həbsə ata bilməzlər. Çünki mən Gürcüstan vətəndaşı deyiləm, Azərbaycan vətəndaşıyam. Suleyman Gürcüstan vətəndaşlığını qəbul etdiyi üçün onu həbs etdilər. Mən ömrü boyu Ahıska türklərinin geriyə qayıdışını istəmişəm. Onlar Gürcüstanın keçmiş vətəndaşlarının övlalarıdır və Gürcüstan zəhmət çəkib onları qəbul etsin.

- Dediniz ki, məsələ ilə bağlı Gürcüstanın Azərbaycandakı səfirliyində olmusunuz. Müzakirələrdə ortaya nə çıxdı?

- Neçə müddətdir ki, Gürcüstanın Azərbaycanda səfiri yoxdur. Ona görə də müavinlərlə görüşürük. Bunlar da bizim dediyimizi çox vaxt təsdiqləyirlər, bizi olduqca xoş, mulayim qəbul eləyirlər. Amma onların əlində bir şey yoxdu və onlar bizim hər sualımıza cavab verə bilmirlər.

- Gürcüstan hər zaman Azərbaycanla strateji müttəfiq olduğunu bəyan edir, eyni zamanda belə addımlar atır. Təzadlı deyilmi?

- Əgər strateji müttəfiqlik varsa, Gürcüstan Türkiyə və Azərbaycanın maddi sərvətlərindən yararlanırsa, bu dostluq həqiqi bir dostluq olmalıdır, həqiqi bir strateji müttəfiqlik olmalıdır. Bu zaman insanların taleyini düşünmək lazımdır. Nə zaman Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və ahıskalı türklərin yaşıdığı digər ölkələrin rəhbərliyi səviyyəsində bir görüş olarsa, onda bizlərin dönüşü bir az  asanlaşacaq. Biz istəyirik ki, məsələ sülh yoluyla həll olunsun.


Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir