Modern.az

Qənirə Paşayevanın hazırladığı sənəd AŞ PA-da yayıldı

Qənirə Paşayevanın hazırladığı sənəd AŞ PA-da yayıldı

27 Yanvar 2011, 17:46

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Xocalı soyqırımı ilə bağlı hazırladığı sənəd 25 dövlətin nümayəndəsi tərəfindən imzalanaraq yayılıb. Bu barədə məlumat verən millət vəkili Qənirə Paşayeva bildirib ki, imzalanan sənəddə deyilir:
“Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, faciəli səhifələrindən biridir. 19 il bundan əvvəl - 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Azərbaycanın Xocalı şəhərini işğal etdi və yüzlərlə günahsız insanı etnik mənsubiyyətinə gərə vəhşicəsinə qətlə yetirərək soyqırım törətdi. Bu soyqırım zamanı 613 insan - 106 qadın, 63 uşaq və 70 yaşlı insan vəhşicəsinə qətlə yetirildi, təxminən 1000-ə yaxın mülki vətəndaş əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər ikisini itirdi. 1275 mülki vətəndaş əsir alındı. 150 insan haqqında hələ də məlumat yoxdur. Bu hadisələr nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq məhv edildi. Sadalanan faktlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətə düzgün və ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edir”.

Millət vəkili həmçinin  yazılı bəyannamənin AŞPA-da yayılması ilə yanaşı, assambleyanın iclasında da elan edib.

Q. Paşayeva onu da bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri assambleyanın iclasında Xocalı soyqırımı mövzusunu qaldırıb, millət vəkillərinə bu barədə ətraflı məlumat verilib, Heydər Əliyev Fondunun hazırladığı kitablardakı fotolar çıxışlar zamanı parlamentarilərə göstərilib. Azərbaycanlı millət vəkilləri Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın insanlığa qarşı böyük bir cinayət kimi tanınması və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün AŞPA-nın da səylərini gücləndirməsinin istəyiblər.

***
Qənirə Paşayeva AŞ PA-da "Yaxın Şərqdə xristianlara qarşı təhdid"ə dair aktual müzakirələr zamanı çıxışında deyib ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir.
Millət vəkili Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun bu sahədə çox böyük işlər gördüyünü Avropa parlamentarilərinin diqqətinə çatdırıb.

"Biz dinlər və mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi üçün çox çalışmalıyıq. Mən öz ölkəmin örnəyini demək istəyirəm. Azərbaycan Şərqlə Qərb arasında bir körpü olaraq bu məsələyə böyük önəm verir. Buna görə də Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər arasında çox gözəl münasibətlər var. Təbii ki, bu da insanlarımızın, dövlətimizin, millətimizin gələcəyi baxımdan çox önəmlidir. Azərbaycanda əhalinin çoxunun müsəlman olmasına baxmayaraq, sovetlər dönəmində sovet rejimi tərəfindən dağıdılmış kilsələr, məscidlər, sinaqoqlar Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra bərpa və ya yenidən inşa edilərək, xristian və ya yəhudi icmasının istifadəsinə verildi. Azərbaycan bu sahədə ciddi işlər görüb".

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, Ermənistanın etnik təmizləmə siyasəti aparması nəticəsində bütün azərbaycanlıların Ermənistandan qovulmasına baxmayaraq, Azərbaycan xalqı Bakıdakı erməni kilsəsinə toxunmadı.

"Bu gün Azərbaycanda minlərlə erməni yaşayır. Təəssüf ki, biz eyni vəziyyəti AŞ üzvü olan Ermənistanda görə bilmirik. Ermənistanda azərbaycanlılara məxsus məscid və mədəni abidələr, eyni zamanda, işğal edilən Azərbaycan torpaqlarında bütün dini və tarixi abidələr dağıdılıb və dağıdılmaqda davam edir. Bizim əsas vəzifəmiz AŞ PA və üzv ölkələr olaraq, həm ölkələrimiz daxilində, həm də dünyada mədəniyyətlər və sivilizasiyararası dialoq sahəsində daha çox iş görməkdir. Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən dinlər və mədəniyyətlərarası dialoq sahəsdində çoxlu sayda tədbirlər keçirilir. Bu tədbirlər sadəcə Azərbaycan insanına yönələn tədbirlər deyil. Azərbaycan dövləti və Heydər Əliyev Fondu bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Və biz Şərqlə Qərb arasında bir körpü olaraq, Azərbaycanda bir model olaraq bu sahədə gördüyümüz işlər örnəkdir. Bİz AŞ PA-nı Azərbaycanın da örnəyini götürərərək, həm öz ölkələrində, həm də beynəlxalq səviyyədə işlər görmələrinə çağırırıq ki, gələcəkdə bu sahədə xoşagəlməz hallar olmasın".

Sonra müzakirələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov XX əsrin iqtisadi, ekoloji və demoqrafik problemlərinə baxmayaraq, Azərbaycanın xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları sayəsində unikal örnək olduğunu vurğulayıb.

"Bəzi separatçı qruplar tərəfindən dini faktorlardan istifadə etmək cəhdləri və XX əsrin iqtisadi, ekoloji və demoqrafik problemlərinə baxmayaraq, Azərbaycan xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları sayəsində unikal örnəkdir. Azərbaycan Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır. Bu fakt Azərbaycanın həm 10 ildir AŞ-yə üzvlüyü, həm də İslam Konfransı Təşkilatına üzv olması ilə daha önəmli olur. 1999-cu ildən etibarən 16 noyabr tarixi Azərbaycanda tolerantlıq günü kimi qeyd olunur. Ölkə Prezidenti bütün dini icmaların nümayəndələrini əsas bayramları münasibətilə hər il təbrik edir. Biz fərqli dini təriqətlər arasında birgə tədbirlərin təşkili üçün bütün səylərimizi işə salmalıyıq. Biz insanlar və dinlər arasında qarşıdurma yaratmamalı, əksinə, onlar arasındakı məsafəni yaxınlaşdırmalıyıq".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?