Modern.az

Qüsurlu reytinq, yoxsa ictimai maraq

Qüsurlu reytinq, yoxsa ictimai maraq

1 Fevral 2011, 10:38

Prezident yanında
QHT-lərə Dövlət Dəstəyi
Şurasının sədri,
Milli Məclisin deputatı




Son günlər bir çox özəl televiziya kanallarında yayımlanan bəzi veriliş və proqramların səviyyəsi yenidən ictimaiyyətin və medianın gündəmində müzakirə mövzusudur. Əslinə baxanda, bu mövzu Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin 2 oktyabr 2009-cu ildə "Azərbaycan" qəzetində dərc olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsindən sonra daha ciddi şəkildə ictimai müzakirələrə səbəb oldu. Həmin məqalənin geniş oxucu kütləsi tərəfindən bu qədər maraqla qarşılanmasını şərtləndirən amillərdən biri mövzuya ölkənin siyasi və ziyalı elitası ilə yanaşı, bütün təbəqələrin, sosial qrupların, teleməkan xaosundan incik düşmüş bütün insanların mövqeyindən yanaşılması idi. Bütün iradlar konkret instansiyalara, konkret telekanala, hətta konkret verilişə, prinsipcə, hamıya - rejissora, bədii rəhbərə, jurnalistə və tamaşaçıya ünvanlanmışdı. Bu məqalədə hamı özünü gördü. Əslində, akademik Ramiz Mehdiyev teleşirkət rəhbərləri üçün proqram və hərtərəfli konsepsiya təqdim etdi. Bu məqalədəki tezislər həm də ictimaiyyətə xitabən bir vətəndaş çağırışı idi.

Sözügedən məqalənin işiq üzü görməsindən sonra ictimai neqativin efirdən uzaqlaşdırılması istiqamətində telekanallar tərəfindən müəyyən addımlar atılsa da, qeyd olunan problemlər əsaslı həllini tapmadı. Müvafiq dövlət qurumları isə televiziyaların daxili işlərinə qarışmamaq və onların müstəqilliyini qorumaq naminə hər hansı bir inzibati tədbirə əl atmadı və prosesin sonrakı inkişafını izləməkdə davam etdi. Fikrimizcə, bu, doğru addımdır: elekrton KİV-nin yaradıcılıq fəaliyyətinə müdaxilə etməklə islah olunan səhvlərin yerində onlardan da ciddilərinin yaranması praktikası dünya teleməkanı təcrübəsindən bəllidir. Lakin yenə də ciddi tamaşaçı telekanallarda yayımlanan verilişlərin bir çoxunun səviyyəsindən narazıdır. Tamaşaçı faktiki olaraq, formalaşmamış qeyri-peşəkar rejissor, prodüser zövqünün əsirinə çevrilib. Danışığını bilməyənləri, nitqi qüsurlu, təsadüfi adamları, mənəvi keyfiyyətlərdən xali olan şəxsləri qəhrəmana çevirmək Azərbaycanın özəl teleşirkətlərinin gündəlik fəaliyyət metodikasında aparıcı yer tutur. Bu, acı reallıqdır. Artıq cəmiyyət "səviyyəsiz şou", "ucuz əyləncə verilişləri", "şit maqazin proqramları", "mahnısından çox qalmaqalları ilə məşhur olan müğənnilər", "sponsor", "şou-biznes", "qalmaqal yaratmaqla reytinq yığmaq" kimi ifadələrdən və özünü doğrultmayan eksperimentlərdən bezib. Öz mənəvi dünyasına hörmətlə yanaşan tamaşaçı doğma Azərbaycan teleməkanından imtina etmək məcburiyyəti ilə üzləşir.
Bunu qəbul etməliyik ki, televiziya ictimai yerdir. Televiziya bayağı və ucuz mövzuların müzakirəyə çıxarıldığı, necə deyərlər, şouya çevriləsi məkan deyil! Xüsusən də, Azərbaycanda - bəşər sivilizasiyasına çox böyük töhfələr vermiş, ən qədim tarixə, zəngin mədəniyyətə sahib olan ölkədə! Ona görə də bu kimi layihələr hazırlanan zaman biz ənənələrimizi, yüksək mənəvi dəyərlərimizi, milli kimliyimizi qorumaq prinsipindən imtina etməməliyik.
Uzun müddət qapalı şəraitdə yaşamış Azərbaycan son onilliklərdə xarici ölkələrlə sıx əlaqələr qurur. Bu əlaqələr telekommunikasiyadan da yan keçməyib. Müstəqillik əldə etdiyimiz ilk illərdə Azərbaycan alıcısına xaricdə istehsal olunmuş, vaxtilə əlçatmaz sayılan ən tanınmış brendlər, markalar tədqim edildiyi kimi, xarici televiziya kanallarının məhsulları da təklif olundu. Beləliklə, Qərbin gözparıldadan nəyi vardısa, dəxli yoxdur, mənəviyyat baxımından problemlidir, nöqsanlıdır, nöqsansızdır, bir sözlə, hamısı bizim açıq teleməkana daxil oldu. Əbəs yerə deməyiblər, müqəddəs yer boş qalmaz. Əlbəttə, insanların mənəvi təlatümlərə və kənar psixoloji təsirlərə qarşı yetərli müqavimət gücü olsa, burada narahatlıq keçirməyə əsas qalmaz. Bizim cəmiyyətin bu cür, formalaşmış immunitet sistemi hələ yoxdur. Və bütün insanlar eyni dərəcədə kamil və iradəli deyillər. Bu məqamda dövlətin cəmiyyəti qoruma instinkti ilə addım atmasını alqışlamaq lazımdır. Yəni, milli varlığı, milli-mənəvi dəyərləri qoruyub saxlamaq və cəmiyyəti gözlənilən mənəvi zərbələrdən qorumaq funksiyasını dövlət müəyyən qədər öz üzərinə götürməlidir. Bu, dövlətin mənəvi cəhətdən müdafiəsiz qalmış vətəndaşını yad təsirlərdən qorumasıdır.
Bəli, indi biz demokratik cəmiyyət qururuq. Qapıları tam bağlaya bilmərik. Lakin qapıların bu formada taybatay açılması da doğru addım deyil! Yuxarıda qeyd etdik ki, açıq qapılardan müasirlik, inkişaf, internet, "facebook" və sair qabaqcıl texnologiyalar gəldiyi kimi, bunlarla tamamilə tərs mütənasib olan lazımsız informasiyalar, insanların mənəviyyatına mənfi təsir edə biləcək zərərli xəbərlər, televiziya verilişləri, şou, əxlaqsızlığı aşılayan, mənəviyyatı sıradan çıxaran proqramlar da daxil olur.
Neçə vaxtdır ki, Azərbaycan telekanallarında evlənməklə bağlı yayımlanan şou-proqramların yaratdığı qıcığı hamılıqla sezirik. Cəmiyyətin ayrı-ayrı təbəqələri ilə görüşlərimizdə belə verilişlərin televiziya ekranlarına ayaq açmasından ciddi narazılıq eşidir, bu verilişlərin milli- mənəvi dəyərlərimizə zidd olduğunu açıq bildirən fikirlər dinləyirik. Cəmiyyətin aktiv hissəsi bu tip verilişlərin adətən, insanların müqəddəs saydığı hissləri öldürməyi hədəfə aldığını bildirir. Cəmiyyətin aktiv hissəsi, ziyalı təbəqə bu kimi verilişləri mədəni zövqün korlanması kimi qiymətləndirir və təbii ki, bununla razılaşmamaq olmur. Hansı televiziya kanalının rəhbərindən və ya nümayəndəsindən cəmiyyətin müxtəlif təbəqələrindən gələn etirazlara baxmayaraq, bu şou proqramların efirdən çıxarılmamasının səbəbini soruşsan, dərhal onların çox böyük bir reytinqə malik olduğunu, xalqın mədəni səviyyəsinin və dünyagörüşünün bu verilişlərlə adekvatlığını və məhz bu verilişlərin şirkətin maliyyə qaynağına çevrildiyini deyəcək.
Reallıqda isə bu izahata (bəlkə də bəhanəyə) iki səbəbə görə haqq qazandırmaq mümkün deyil. Birinci, ona görə ki, bu verilişlərin səviyyəsi ilə xalqın mədəni, mənəvi səviyyəsini eyniləşdirmək kökündən yanlışdır. Nizamini, Füzulini yetirmiş xalq bu dərəcədə kasıb mənəviyyatın sahibi ola bilməz. İkinci, ona görə ki, verilişlərin reytinqlərini müəyyən edən zaman çox ciddi metodoloji nöqsanlara və qüsurlu yanaşmalara yol verilir. Təsəvvür edin ki, bu cür verilişlərin reytinqini müəyyənləşdirmək üçün 200 Bakıda, 200 də regionlarda olmaqla, cəmi 400 evdə (ailədə) "reytinqi ölçən cihaz quraşdırılır" və beləliklə, həmin insanların zövqünə və mədəni səviyyəsinə uyğun olaraq, 9 milyonluq xalqın efir zövqü və istəyi müəyyən edilir. Burada nöqsan təkcə rəqəmlərdə yox, eyni zamanda, monitorinqə cəlb edilən əhali qrupunun düzgün seçilməməsində, yəni, mədəni və təhsil səviyyəsi çox da yuxarı olmayan qrupa daha çox üstünlük verilməsindədir. Əhalinin intellektual hissəsinin zövqü və istəyi isə tamam kənarda qalır. Bu halın reytinq ölçən şirkətlər tərəfindən təsadüfən və ya bilərəkdən edilməsindən asılı olmayaraq, millətimizə qarşı ən böyük pislik hesab edirəm! Çünki anasını və ya övladını qəddarcasına öldürmüş bir manyakın cinayətini bütün çılpaqlığı, qəddarlığı və bayağılığı ilə göstərən "kriminal verilişləri", bir neçə dəfə ərə gedib boşandığını fəxrlə deyən və ya övladının atasının kimliyinin "sirr" olduğunu təbliğ edən verilişlərin "böyük reytinqə" sahib olmasını söyləmək cəmiyyəti mənəviyyatsızlaşdırmaq və əsrlər boyu fəxr etdiyimiz ailə institutunu (həm də müqəddəsliyini) kökündən baltalamaqdan başqa bir şey deyildir. Bu isə gələcəyimiz və milli təhlükəsizliyimiz üçün böyük təhdiddir.
Reytinq müəyyənləşdirənlərin yol verdiyi kobud səhvlər "televiziya cəmiyyətin güzgüsüdür" aksiomunu dönə-dönə təkrarlayan televiziya və ya proqram rəhbərlərinin məsuliyyət yükünü qətiyyən azaltmır. Məgər bu gün ölkədə ictimai əhəmiyyət kəsb edən başqa mövzu yoxdur ki, televiziya kanalları xırda məişət məsələlərini şouya çevirib, "bəh-bəh"lə xalqa təqdim edirlər? Axı, başqalarının ailə qeybətləri kimin nəyinə lazımdır? Evlənmə verilişlərində isə öz qızına efir vasitəsilə təsadüfi və tanımadığı adamla ailə qurmağa xeyir-dua verən ata obrazı yaradılır. Axı, vaxt var idi bir oğlan bir qıza elçi düşəndə qızın bir cavabı olurdu: "El adəti ilə elçini göndər, məni böyüklərimdən istə". Elçilik mərasimi Azərbaycan xalqının bəlkə də ən gözəl, ən ismətli adət-ənənələrindən biridir. Əvvəllər elçiliyə nəsilin, elin sayılıb-seçilən, tanınmış insanları gedərdilər. İndi isə gənc, hətta yeniyetmə qızlar çıxıb efirdən özlərini oğlanlara təklif edirlər. Bir növ, özləri-özlərinə elçilik edirlər. Bax, bu əsl faciədir. Əlbəttə ki, bir günlük tanışlıqla qurulan ailələrin sağlamlığına, təməlinin möhkəm olacağına inanmaq çətindir. Ola bilər, istisnalar var, amma bu halın insanlara kütləvi ailə xoşbəxtliyi gətirəcəyinə inam və ümid yoxdur, çünki izdivacın mənəviyyat amili kənarda qalır!
Elə məsələlər var ki, onu kütləviləşdirmək, müzakirəyə çıxarmaq, elanla əldə etmək olmaz! İki qəlbin pıçıltısı efirdən elan olunmur. Başqa xalqların həsədlə və bəlkə də paxıllıqla qeyd etdikləri Azərbaycan xalqının toy adət-ənənəsinə mənasız bir çalar qatmaq nəyə lazımdır? Kim təminat verir ki, canlı yayımda qurulacaq ailənin təməli elə telekanalın kandarına qədər davam etməyəcək?!
Bir sözlə, bu verilişlər də mənasız və məntiqsiz xarici seriallar kimidir və müsbət heç nə vəd etmir. Bir də ki, açıq efir, yəni, evimizə icazəsiz daxil olan TV anlamalıdır ki, bura ictimai yerdir. Bu, rejissorun, sponsorun, assistentin, rəhbərin bostanı deyil ki, nə istəsə onu da əksin!
Bəzən məqsədli şəkildə bunu sosial tələbat kimi qiymətləndirib, öz əməllərinə don geyindirmək istəyənlər də tapılır. Burada hansı sosial tələbatdan söhbət gedə bilər?! Bu, sadəcə, mövzunun sosial maskasından yararlanmaqdır.
Elə buradaca bir məsələyə də toxunmaq istərdim. Bəzən irad bildirən zaman, "xoşun gəlmir, baxma" və ya "kanalı dəyiş" cavabları ilə də rastlaşırsan. Məncə, bu cür yanaşma söylənilən iradlara tutarlı cavabın yoxluğundan və özünə haqq qazandırmaq cəhdlərindən qaynaqlanır. Gərək unudulmasın ki, zərərli olan nə varsa, virus kimidir, bəzən adam özü bilmədən də ona yoluxa bilir. Xüsusilə, valideyn nəzarəti və tərbiyəsindən asılı olmayaraq, zövqü və dünyagörüşü tam formalaşmayan uşaq və yeniyetmələrimizi bu "çağırılmayan virusdan" heç kim sığortalamayıb.
Ona görə də bu fikri səsləndirənlər televiziyanın ictimai vəzifə və funksiyasını dəqiq anlamalı, hazırladıqları proqramlar vasitəsilə insanların zövqünü formalaşdırmalı, yaxşıya vərdiş etməyi aşılamalı və yüksək mədəniyyətə səsləməlidirlər.
Bəlkə də vəziyyətin bu hala gəlib çıxmasında ictimaiyyətin, xüsusilə, onun fəal hissəsi olan qeyri-hökumət təşkilatlarının məsələyə laqeyd münasibətinin və ictimai nəzarəti lazımi səviyyədə təşkil edə bilməməsinin də rolu az olmamışdır. Bu gün heç kimə sirr deyil ki, Avropanın kütləvi informasiya vasitələri çox ciddi ictimai nəzarət altındadır. Daha doğrusu, ictimai nəzarət TV-nin, qəzetlərin istehsal etdiyi məhsulu ictimaiyyətin marağına uyğunlaşdıra bilib. Avropa cəmiyyəti ictimai müstəvidə, o cümlədən KİV-də, incəsənətdə nəyin bahasına olursa-olsun pul qazanmaq metodologiyasından çoxdan imtina edib. Cəmiyyət belələrinə əlavə maddi yardım etməyi ölkə üçün daha ucuz başa gələn məsrəf sayır. Çünki vaxtilə mənəviyyatsızlığın törətdiyi fəsadların aradan qaldırılması üçün sivil dövlətlər ondan çox-çox böyük büdcələr xərcləməyə məcbur olublar. Təkcə bir faktı xatırladaq. Böyük Britaniyada dövlətlə BBC-i arasında yaranan unikal balans bu kanalı milli maraqların və ənənələrin xidmətçisinə çevirib. Kanal dağıdıcı bazarı yaxına buraxmadan kütləvi medianın etik və peşəkar standartları ilə işləyir. Təsadüfi deyil ki, məhz "Auditoriya həmişə işimizin mərkəzindədir" şüarı BBC-nin Londondakı mərkəzi ofisinin qarşısından asılıb.
Əlbəttə, kimsə deyər ki, Azərbaycan televiziyalarını maddi və texniki vəziyyətini BBC ilə müqayisə etmək ədalətli deyil. Razıyam. Amma heç olmasa, qardaş Türkiyənin NTV, CNN Türk, Haber Türk kimi ciddi auditoriyası olan və daim ictimai maraqları qoruyan kanallarının təcrübəsindən faydalanaq. Onlar ki, bayağı və mənasız şoular hesabına bu qədər populyar olmayıblar! Bəllidir ki, onlar bu cür yüksək səviyyəyə gəlmək üçün hər şeydən əvvəl, peşəkarlığa və ictimai marağa önəm veriblər, ağıllı və savadlı mütəxəssislərin yetişməsinə ciddi sərmayə qoyublar. Bizdə isə bu sahədə hələ çox işlər görülməlidir.
Beləliklə, yekunda bu nəticəyə gəlmək olar ki, efirdə yaşanan problemlərin iki həlli yolu var. Ya özəl televiziya kanalları ictimai rəyi və ictimai qınağı nəzərə alaraq, qeyd olunan nöqsanları özləri aradan qaldırır, ya da müəyyən ictimai müdaxilə nəticəsində bu məsələ öz müsbət həllini tapır. Məsələn, telekanalların rəhbərləri birbaşa efirdə ictimaiyyət nümayəndələrinin (tutaq ki, QHT-lərin) sözügedən verilişlərlə bağlı iradlarına cavab verməli olurlar. Təsir variantı olaraq, Milli Televiziya və Radio Şurasına milli-mənəvi tələblərə cavab verməyən verilişlərə görə cərimə sanksiyaları tətbiq etməyi və ya mənəviyyata və əxlaqa zidd verilişləri qısa müddətə qapamaq səlahiyyəti verilə bilər. Tənbeh üçün təsirli vasitələr çoxdur, bizim ictimaiyyət onlardan bəhrələnməyi öyrənməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir