Modern.az

Azərbaycanda hər 1000 kişiyə 1007 qadın düşür

Azərbaycanda hər 1000 kişiyə 1007 qadın düşür

Hadisə

12 Avqust 2016, 17:50

Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin demoqrafik vəziyyəti ilə bağlı yeni məlumat yayıb. Komitədən Modern.az saytına verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5 faiz artaraq bu ilin iyulun 1-i vəziyyətinə 9 milyon 755 min 500 nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 16,1 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1412-si əkiz, 36-sı isə üçəm doğulub.

2016-cı ilin birinci yarısında ölkədə 28,4 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Eyni zamanda, bu ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 29,8 min nikah və 6,3 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı