Modern.az

Jurnalistlər üçün müsabiqə elan olundu

Jurnalistlər üçün müsabiqə elan olundu

Media

2 Fevral 2011, 11:09

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) «Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi» layihəsinin «Hüququn KİV-də yayılması» proqramı çərçivəsində jurnalistlər üçün «Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi» mövzusunda yazılmış çap və elektron məqalələrin müsabiqəsini elan edib.

GTZ-dən Modern.az-a verilən məlumata görə, müsabiqəyə Azərbaycanda əmək hüququnun təminatı ilə bağlı problemlərə (əmək müqaviləsi, əməyin ödənilməsi normaları, qaydaları və təminatları, iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, əmək və icra intizamı, əməyin mühafizəsi, işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti və s.), onları doğuran səbəblərə və bu problemlərin həlli yollarına, əmək hüququ sahəsində Azərbaycan qanunvericiliyinin tətbiqi praktikası ilə bağlı məsələlərə, o cümlədən məhkəmə təcrübəsinə dair araşdırma xarakterli məqalələr qəbul ediləcək.

Məqalələrin qiymətləndirilmə meyarları:

- mövzunun baş vermiş hadisə(lər) əsasında açıqlanması, konkret nümunədən çıxış etməklə ictimai maraq kəsb edən problemlərin işıqlandırılması;

- həmin problemlərin obyektiv və subyektiv səbəblərinin araşdırılması;

- yazının cəmiyyətdə insan hüquqlarının və qanunun aliliyinin təbliği baxımından əhəmiyyəti;

- yazının peşəkarlıq səviyyəsi (mövzunu tam əhatə etməsi, anlaşıqlı olması,  kompozisiya zənginliyi, ekspertlərdən yararlanmaqla müxtəlif baxışların balanslaşdırılması, başlığın orijinallığı və dizaynın imkan dairəsində göz oxşaması).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN
İkinci yer –  400  AZN
Üçüncü yer –  300  AZN

Müsabiqənin texniki şərtləri:

Jurnalistlər müsabiqəyə 2011-ci il fevralın 1-dən martın 15-dək dövri mətbuatda dərc edilən və ya tanınan İnternet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir müəllif ikidən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən hər bir kəs aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.

Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə  GTZ-nin «Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi» layihəsinin bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir