Modern.az

Azay Quliyev MM-in yaz sessiyasının gündəliyinə yazılı təkilflər verib

Azay Quliyev MM-in yaz sessiyasının gündəliyinə yazılı təkilflər verib

Parlament

2 Fevral 2011, 11:51

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlementin yaz sessiyasının gündəliyinə yazılı şəkildə təkliflər təqdim edib.

Bu barədə saytımıza millət vəkili məlumat verib. O, qeyd edib ki, təklifləri ümumən Milli Məclis tərəfindən bəyənilərsə, bunların hər biri üzrə qanun layihələrini hazırlayıb təqdim etməyə hazırdır.

Deputat deyib ki, bu gün dövlət orqanları müxtəlif formalarda alimlərə, yaradıcı insanlara, ictimai təşkilatlara və s. müxtəlif sifarişlər verir: “Lakin bu sifarişlərin hüquqi bazası olmadığı üçün onlar; bəzən “Qrant haqqında” qanunla tənzimləmək məcburiyyəti yaranır. “Dövlət sifarişləri haqqında” qanunun qəbulu ilə dövlət qurumları öz sifarişlərini nisbətən az xərc çəkməklə müxtəlif təşkilatlara  verə və yüksək keyfiyyətli nəticələr əldə edə bilər.  Sosial, təhsil, səhiyyə və digər bu kimi sahələr üzrə xidmətin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından adı çəkilən qanunun qəbulu mühüm əhəmiyyət kəsb edir. Belə bir qanun dünyanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunur və müsbət təcrübə kimi özünü doğruldur.
Hətta bəzi ölkələrdə bu qanun “Sosial sifarişlər haqqında” adı ilə qəbul edilir və bununla da həm dövlət, həm də özəl sektordan gələn sifarişləri tənzimləmək mümkün olur”.

Deputatın ikinci təklifi  “Sosial reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı olub. O, bildirib ki, bu qanuna uyğun olaraq kütləvi informasiya vasitələrində dövlət və ya ictimai təşkilatlara məxsus sosial əhəmiyyətli reklamların hansı miqdarda yerləşdirilməsi qaydaları və formaları öz əksini tapa bilər: “Xüsusilə, vətənpərvərlik, milli adət-ənənələrin təbliği, ətraf mühitin qorunması və s. kimi ümumi maraq doğuran, ancaq kommersiya xarakteri daşımayan reklamların verilməsi mümkün olar. 
Düzdür, sosial reklam məsələsi “Reklam haqqında” qanunun 19-cu maddəsində qismən də olsa göstərilib, amma bu məsələyə mahiyyətə üzrə tam aydınlıq gətirilmir və sosial reklamların verilmə müddətləri, xarakterləri, miqdarı və s.  öz əksini tapmır.
Digər bir boşluq isə sosial reklamın verilməsi üçün KİV-lərə və ya digər qurumlar üzərinə müəyyən öhdəliyin qoyulmamasıdır.
Ona görə təklif edirəm ki, qeyd olunan boşluqları aradan qaldırmaq üçün ya “Sosial reklam haqqında” yeni bir qanun qəbul edilsin, ya da  mövcud qanunvericiliyə müvafiq dəyişiklik edilsin”.

Deputat peşə hüquqlarını qorumaq, peşə sahələrinin inkişafına kömək etmək, müxtəlif peşələr üzrə etik davranış qaydalarını müəyyən etmək və onlara nəzarət etmək üçün belə bir qanunun hazırlanmasını vacib sayır:
“Bu barədə də təkliflərimi yazılı şəkildə Milli Məclisə təqdim etdim. Bir sıra dövlətlərdə peşə cəmiyyətlərinin fəaliyyəti qeyri-hökumət təşkilatlarının xüsusi növü olaraq ayrıca qanunla tənzimlənir. Buna baxmayaraq, sual ola bilər ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında) haqqında” qanun olduğu halda “Peşə cəmiyyətləri haqqında” yeni bir qanuna ehtiyac varmı?  Məncə var. Çünki  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında) haqqında” qanunun 1.4-cü maddəsində deyildiyi kimi, bu qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir. Yəni qeyri-hökumət təşkilatı anlayışı çox genişdir və bu anlayış özündə  siyasi partiyaları, həmkarlar ittifaqlarını, dini birliklərı və s. nəzərdə tutur və onların hamısının fəaliyyəti ayrıca qanunlarla  tənzimlənir. Peşə birlikləri də hesab edirəm ki, həmin peşə növü üzrə xüsusi tənzimləyici funksiyaları özündə əks etdirməklə ayrıca qanunla tənzimlənə bilər. Eyni zamanda onların təsis edilməsi üçün daha fərqli qaydalar və çoxsaylı iştirakçının olması nəzərdə tutula bilər. Ona görə də “Peşə cəmiyyətləri haqqında” yeni bir sənədə ehtiyac duyulur”.

Azay Quliyevin daha bir təklifi  “Korporativ sosial məsuliyyət haqqında” qanun layihəsi ilə bağlı olub: “Sosial problemlərin həllində özəl sektorun rolunun müəyyən edilməsi, onların sosial məsuliyyətinin artırılması və özəl sektorla ictimai təşkilatların qarşılıqlı əməkdaşlığının hüquqi əsaslarının formalaşması üçün bu qanunun qəbuluna çox böyük ehtiyac var. Sosial cavabdehlik və ya sosial məsuliyyət biznes sektorunun cəmiyyətin əmin-amanlığına və maraqlarına töhfə verəcək seçimlər etmək və tədbirlər görmək öhdəliyidir. Əgər biznes bu həqiqəti qəbul etmirsə əməkdaşlıq və davamlı inkişafa ümid etmək çətindir. 
Azərbaycanda Korporativ sosial məsuliyyət barədə müəyyən təşəbbüslər və fəaliyyətlər mövcuddur. Lakin bunlar sistemli xarakter daşımır, bəzi transmilli şirkətlər müxtəlif formada bunu həyata keçirməyə cəhd etsələr də, əksər hallarda isə ümumiyyətlə bunu etmirlər. Əsas məsələ bu dəyərlərin biznes sektorunda formalaşdırılmasıdır. Bunun üçün isə dövlət siyasəti olmalı, müvafiq normativ sənədlər və qanunlar qəbul edilməlidir. Bundan başqa artıq son zamanlar  Dünya Bankı kimi nüfuzlu beynəlxalq maliyyə institutları  bu sahədə hazırladıqları xüsusi siyasət sənədini tətbiq etməyə başlayıblar. Belə ki, onlar kredit ayıran zaman Korporativ sosial məsuliyyətlə əlaqədar ayrıca şərtlər müəyyənləşdirir, bu istiqamətdə kredit alanlara şərtlər qoyurlar. Azərbaycan Bankları və İnvestisiya şirkətləri də bu təcrübədən istifadə edə bilərlər.
Bundan əlavə bir çox biznes qurumları yerli resurslardan məsələn su, torpaq, daş, qum və müxtəlif faydalı qazıntılardan istifadə edən zaman ekologiya və ətraf mühitə kifayət qədər ziyan vurur, lakin bunların əvəzində heç bir inkişaf proqramları həyata keçirmirlər. Bəzən isə “biz biznes təşkilatıyıq və bizim  öz maraqlarımız var” düşüncəsi ilə rastlaşmalı oluruq. Belə bir yanaşma təbii ki, yol verilməzdir.
İnanıram ki, qeyd olunan qanunun qəbul edilməsi ilə ölkəmizdə Korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına şərait yaradıla bilər və beynəlxalq təcrübədə  olduğu kimi hər bir özəl müəssisənin illik büdcəsinin müəyyən bir hissəsi, misal üçün 0,5  faizi sosial məsuliyyət məsələlərinə yönəldilə bilər. Diqqətinizə onu da çatdırım ki, Macarıstan, Xorvatiya və digər Avropa ölkələrində özəl sektorun sosial məqsədlər üçün ayırdığı məbləğin həcmi onların illik gəlirlərinin ən azı 1 və ya 2 faizini təşkil edir. Bu isə mənim təklif etdiyim rəqəmdən müvafiq olaraq 2 və ya 4 dəfə çoxdur”.

“İctimai iştirakçılıq haqqında” Qanuna ehtiyac olduğunu deyən deputat bununla bağlı da təkliflə çıxış edib: “Dövlət siyasətinin həyata keçirilməsi zamanı ayrı-ayrı sahələrdə  ictimaiyyətin iştirakı və icraçı dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən etmək üçün belə bir qanunun hazırlanmasını təklif etmişəm.

Belə ki, hazırda bir sıra dövlət qurumlarında ictimai şuralar və ya ictimai  komitələr fəaliyyət göstərir. Lakin belə şura və komitələrin yaradılması və fəaliyyəti qanunla tənzimlənmir.

Buna görə də ictimai iştirakçılığı və dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək üçün vahid qanunun olması və onun əsasında ictimai şuraların yaradılması qaydalarını, fəaliyyət formalarını, tərkibini və s. müəyyən etmək olar.

Misal üçün bu gün təhsil sahəsində valideyn komitələri, ədliyyədə penitensiar xidmətə ictimai nəzarət komitəsi və digər dövlət qurumlarında məsləhət şuraları və s. müxtəlif ictimai təsisatlar fəaliyyət göstərir və  onların öhdəlik və səlahiyyəti tam tənzimlənmir. Bu isə bəzi hallarda sui istifadələrə və qanunsuz əməllərə rəvac verir. Belə bir qanunun qəbulunu bu halların qarşısının alınması baxımından da  məqsədəuyğun olardı.

Bundan başqa, müxtəlif dövlət proqramlarının icrasında və monitorinqində ictimai iştirakçılıq məsələləri bu qanunda öz əksini tapa bilər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir