Modern.az

Nazirin oğlu «Yeni Müsavat»ı cərimələtdirməkdə israrlıdır

Nazirin oğlu «Yeni Müsavat»ı cərimələtdirməkdə israrlıdır

2 Fevral 2011, 15:36

Fevralın 2-də Bakı Apelyasiya Məhkəməsi «ZQAN Holdinq»in məhkəməyə verdiyi «Yeni Müsavat» qəzetinin vəsatətini təmin etməyib. Qəzet məhkəmə iddiasına Yasamal deyil, Nizami rayon Məhkəməsində baxılmasını istəyirdi. Yasamal rayon Məhkəməsi bu vəsatəti təmin etmədiyindən qəzet Apelyasiya Məhkəməsinə müraciət etmişdi.

«Yeni Müsavat» qəzetinin vəkili Fariz Namazlı bildirib ki, «Yeni Müsavat» Nizami rayonunda yerləşdiyindən «ZQAN Holdinq»in iddiasına da bu rayonun məhkəməsində baxılmalıdır. Vəkil həmçinin, qəzet əməkdaşlarının Nizami rayonundan Yasamala gəlib-getməsinin redaksiyanın iş ahəngini pozduğunu bildirib.

«ZQAN Holdinq»in vəkilləri isə vəsatətin əsasız olduğunu deyiblər.

Bu arada «ZQAN Holdinq»in rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə qarşı iddiasından imtina etmək fikrində deyil.

Bunu "Azadlıq" radiosuna Anar Məmmədovun vəkili Nihad Axundov deyib.

«Qəzetlərlə barışıq mövzusu hazırda gündəlikdə deyil və biz iddia ərizəsində tələb olunanların yerinə yetirilməsini istəyirik», - deyə vəkil bildirib.

A.Məmmədovun iddiasına səbəb «Azadlıq» qəzetinin 2 iyul 2010-cu il tarixli sayında «Kəmaləddin Heydərovun ayısını yedilər» başlıqlı yazıdır. Qəzet iddia edir ki, Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirib, kabab bişirtdirib. Bundan sonra «Yeni Müsavat» qəzeti də bu məlumatı bir qədər əlavələr etməklə dərc edib.

Anar Məmmədov şərəf və ləyaqətinin tapdandığını əsas gətirərək məhkəməyə müraciət edib. O, qəzetlərin hər birindən 250 min manat təzminat istəyir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü