Modern.az

Deputat Jalə Əliyevanın milli soyadlar barədə yeni təklifləri var

Deputat Jalə Əliyevanın milli soyadlar barədə yeni təklifləri var

Parlament

3 Fevral 2011, 16:04

Milli Məclisin 2011-ci il yaz ssesiyasının ilk iclasında millət vəkili Jalə Əliyeva soyad sonluqları və şəxsiyyət vəsiqəsi ilə bağlı məsələ qaldırıb.

Modern.az saytına məsləni geniş şərh edən Jalə Əliyeva bir müddət öncə Milli Elmlər Akademiyasının soyadların yeni seçim sistemini təsdiqlədiyini və bu seçimləri millilik baxımından çox əhəmiyyətli və təqdiredici seçimlər olduğunu bildirib. Lakin millət vəkili həmin seçimlərdən birinin tətbiqinin mürəkkəblik yaradacağını düşünür.

“Söhbət vətəndaşın soyad sonluğu kimi “-oğlu” və ya “-qızı” sonluğunu seçməsindən gedir. Burada göstərilir ki, valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı hissəsinə “-oğlu” və ya “-qızı” sonluğu artırıla bilər. Buna örnək də göstərilir. Qəzetdə həmin örnəyin çap olunan variantını sizə deyirəm: yazılıb ki, Ağaoğlu Rəşid Ağa oğlu.
Belə çıxır ki, bu şəxsin əvvəlki soyadı Ağayev Rəşid Ağa oğlu olub və indi seçim eləsə, Ağaoğlu Rəşid Ağa oğlu olacaq.

Burada bir qədər xaotiklik yaranır. Bunun hansının ata adı, hansının soyad olduğu qarışır. Əgər ata adı ilə soyad eyni kökə mənsubdursa, eyni şəkildə yazılır və səslənirsə, onda mən təklif edirəm ki, bu qəbildən olan vətəndaşlarda istisnalıq olsun. O atasının adını özünə soyad kimi deyil, nəsildən gələn hər hansı bir şəxsin, məsələn, babasının adını sonuna “-oğlu” və ya “-qızı” sonluğu qoymaqla istifadə etsin”.

Millət vəkili soyad və ata adı eyni olmayanlar barədə də danışıb:

“Əgər soyadla ata adı eynilik təşkil etmirsə, yəni Ağayev Rəşid Ağa oğlu deyilsə, Məmmədov Rəşid Ağa oğludursa, yenə də problem yoxdur və şəxs Məmmədoğlu Rəşid qoya bilər. Bu zaman burda seçiləcək ki, biri soyaddır, biri addır. Amma eynilik təşkil edəndə məncə bu istisnalıq kimi ortadan qaldırılmalıdır”.

Jalə Əliyeva qonşu Türkiyədə 1923-cü ildən bəri tətbiq olunan bir metodun bizdə də istifadə oluna biləcəyəni qeyd edib: “Türkiyədə belədir ki, nəsildə məşğulluğu, peşəsi, sənəti və s. ilə məşhur olan və böyük hörmətə, nüfuza malik olan bir nəfərin peşəsinin yanına “-oğlu” və ya “-qızı” sonluğu qoyulur. Bununla da həmin nəslin nəyə istinad etdiyi göstərilir. Məsələn, nəsillərində nüfuzlu bir alim var, nəticədə həmin ailənin soyadı “Alimoğlulları” və “Alimqızı” gedir və ya “Yazıçıoğlu” və ya “Yazıçıqızı”.

Şərt deyil ki, nəsildə alim və ya yazıçı olsun. Məsələn, nəsillərində kimsə çox gözəl bağban olub, onun yetişdirdiyi məhsullar o qədər gözəl olub ki, onunla fəxr edən nəsil öz soyadını “Bağbanoğlu” qoyur. Bu da məncə soykökümüz, millilik baxımından normal qarşılana biləcək təklifdir”.

Millət vəkilinin fikrincə, ümumiyyətlə soyadlardan söhbət gedirsə, ad və soyad bir xalq üçün taleyüklü bir məsələdir və ona görə də soyadlar məsələsi sadəcə Milli Elmlər Akademiyasının təsdiq etdiyi bir sistemlə məhdudlaşmamalıdır.

“Soyadların geniş şəkildə ölkədə tətbiqi üçün sadəcə Elmlər Akademiyasının tətbiq etdiyi sistem kifayət etmir. Mənim nəzərimdə bunun üçün Milli Məclisin də hər hansı qanunu və yaxud geniş bir qərarı olmalıdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının Milli Məclisi 2 fevral 1993-cü ildə soyadların dövlət dilinə uyğunlaşdırılması haqqında cəmi iki müddəadan ibarət qərar qəbul edib. Mənim nəzərimdə bu tələm-tələsik verilən və tövsiyyə xarakterli bir qərardır. Sonluq olaraq vətəndaşın “-lı, -lü, -zadə və yaxud “-oğlu, -qızı” sonluqlarından istifadə edə biləcəyi şəklində bir qərardır” deyən Jalə Əliyeva o qərarın həm vaxt, həm də mənəvi baxımdan aşındığını düşünür.

“Bundan sonra hələ çox şeylər bunun içindən çıxacaq, məsələn, biri gəlib deyəcək ki, “-bəy” və ya “-xan” götürmək istəyir. Ona görə də xaotiklik yaranmaması üçün, elə bir az əvvəl toxunduğum məsələlər düşünürəm ki, bu qanunla tənzimlənməlidir və müzakirəyə çıxarılmalıdır”.

Jalə Əliyeva şəxsiyyət vəsiqəsi ilə əlaqədar etdiyi çıxışdan da danışıb.

“Soyadlardan danışdığımız məsələ nəticə etibarilə bu bizim şəxsiyyət vəsiqəmizə işləyəcək. Bu gün ölkə ərazisində mövcud olan şəxsiyyət vəsiqələri ilə əlaqədar Milli Məclisdə bir qeydimi bildirdim. Bu da onunla əlaqədardır ki, hazırda ölkə üzrə təbiq edilən şəxsiyyət vəsiqələrində vətəndaşın soyad və adı, atasının adı qrafasında müəyyən anlaşılmazlıqlar var.

Məsələn, soyad Məmmədova, adı Lalə, atasının adı qrafasında isə Həsən qızı yazılır. Burada söhbət şəxsin cinsindən gedirsə, həmin şəxsiyyət vəsiqəsinin arxa hissəsində cinsiyyətlə bağlı qrafa var və orada şəxsin qadın və ya kişi olduğu göstərilir. O halda mənə elə gəlir ki, atanın adı qrafasında “qızı” və ya “oğlu” sözü yazılmasının heç bir mənası yoxdur. İkinci təklifim bundan ibarətdir”.

Millət vəkili Milli Məclisdə səsləndirə bilmədiyi təkliflər barədə də bizə məlumat verib.

“Bir neçə məsələ var idi ki, onlara mən parlamentdə toxuna bilmədim. Şəxsiyyət vəsiqəsində şəxsin hərbi vəzifəsi ifadəsi var. Şəxsiyyət vəsizqəsi əgər mülki vətəndaşa verilirsə, onun hərbi vəzifəsi olmur, mükəlləfiyyəti olur. Bəlkə bu gözdən yayınan qramatik problemdir. Amma düşünürəm ki, həm dilin saflığı, təmizliyi baxımından, həm də daha düzgün tətbiq olunması baxımından bunlar yenidən veriləcək şəxsiyyət vəsiqələrində nəzərə alınmalıdır.

Ayrıca “Ümummili lider haqqında”, şəxsiyyət və ləyaqətinin qorunması ilə bağlı qanunvericilik təşəbbüsü əsasında qanun hazırlanmasına dair bir təklifim də var idi. Elə parlamentin sədri də bu məsələ haqqında yaxın vaxtlarda müzakirə aparılacağını bildirdi”-deyə J.Əliyeva əlavə edib.

Aytən ƏLIYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar