Modern.az

Hesablama Palatası dövlət xəstəxanasında ciddi pozuntular AŞKARLADI

Hesablama Palatası dövlət xəstəxanasında ciddi pozuntular AŞKARLADI

6 Sentyabr 2016, 16:26

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may aylarında Ucar Mərkəzi Rayon Xəstəxanasına (Xəstəxana) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

 

Palatadan Modern.az-a verilən məlumata görə, yoxlamalar zamanı xəstəxanada ciddi qanun pozuntuları aşkarlanıb.

 

 Məlumata görə, Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində ştat vahidlərinin ümumi sayı  941,0 vahid,  çarpayıların sayı 197 vahid təsdiq edilmiş, strukturuna 11 kənd həkim məntəqəsi, 11 kənd tibb məntəqəsi və mərkəzləşdirilmiş mühasibatlıq daxil olmaqla, rayon üzrə 84100 nəfərə stasionar və ambulator tibbi xidmət göstərilib. Xəstəxana tərəfindən auditin əhatə etdiyi dövrdə ümumilikdə 6460151,4 manat məbləğində vəsait icra edilib.

 

Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin çarpayılar ilə təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 nəfər təşkil etdiyi halda, bu göstəricilər Ucar rayonu üzrə, müvafiq olaraq, 23,4 ədəd və 16,5 vahid təşkil edib.

 

Buna baxmayaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2014-cü ildə 20,8%-i və ya 196,0 vahidi, 2015-ci ildə 20,1%-i və ya 189,0 vahidi, 2016-cı ildə isə 20,6%-i və ya 194,0 vahidi vakant olmuşdur. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2014-cü ildə 3082 nəfər, 2015-ci ildə 2850 nəfər, 2016-cı ilin beş ayında 1107 nəfər olmuş, çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 166 gün, 2015-ci ildə 148 gün, 2016-cı ilin beş ayında  61 gün  olub. Nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri müvafiq olaraq  50,6%, 45,2% və 44,6% təşkil edib.

 

Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində bir çarpayı gününə ərzaq xərci 2014-cü ildə orta hesabla 1,7 manat, 2015-ci ildə 1,9 manat, 2016-cı ilin 5 ayında 1,4 manat təşkil etmiş, həmçinin, bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər strukturuna daxil olan tibb müəssisələri üzrə də fərqli olub.

 

Müxtəlif illərdə xəstəxana tərəfindən alınmış bəzi inventarlar anbarda uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib, bununla yanaşı, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq və dərman xərcinə yol verilib.

 

Auditlə əhatə olunan dövrdə ümumilikdə 32 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb. Keçirilmiş satınalma prosedurları zamanı alınması protokollaşdırılmış malların müqavilə qiymətlərindən baha alınması nəticəsində artıq vəsait ödənilib, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə tender komissiyasının işinə peşəkar qiymətləndiricilər cəlb edilməyib. Ehtimal olunan qiymətlər mövcud qanunvericiliyə uyğun müəyyən edilməyib ki, bu da nəticədə tələb olunan mal-materialların orta bazar qiymətindən baha qiymətlərlə alınmasına səbəb olub.

 

Ucar Mərkəzi Rayon Xəstəxanasının istismarda olan köhnə binası müvafiq razılıq alınmadan sökülərək yerində 118 çarpayılıq yeni və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Xəstəxana tikilib. 2015-ci ilin oktyabr ayından istifadəyə verilməsinə baxmayaraq  auditlə əhatə olunan dövrün sonunadək yeni Xəstəxananın tikintisinə sərf olunmuş kapital qoyuluşu və verilmiş inventar, avadanlıq və digər mal-materialların müvafiq qaydada balansa daxil edilməsi üçün zəruri tədbirlər görülməyib. 

 

Hesablama Palatasının Kollegiyası Ucar Mərkəzi Rayon Xəstəxanası tərəfindən yol verilmiş qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

 

Qərarın surəti Ucar Mərkəzi Rayon Xəstəxanasına göndərilib, həmçinin yeni inşa olunmuş bina və qurğularının  balansa götürülməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı aidiyyəti üzrə Səhiyyə Nazirliyinə  və Ucar rayon İcra Hakimiyyətinə məlumat göndərilib.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir