Modern.az

Hakim qərarı olmadan evlərdə axtarış aparılacaq 

Hakim qərarı olmadan evlərdə axtarış aparılacaq 

Hadisə

9 Sentyabr 2016, 15:10

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər təklif edilir.

Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.

 

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib ki, tövsiyə edilən dəyişiklik cinayətkarı tez bir zamanda yaxalamağa xidmət edəcək:

 

“Ehtimal olunan yerlərə baxış keçirilməsi cinayətkarı tez bir vaxtda yaxalamaq məqsədi daşıyır. Hesab edirəm ki, bütün dünyada olan bir qanunun ölkəmizdə də tətbiq olunması təqdirəlayiqdir.

 

Əgər cinayətkar qaçıbsa, onun həbsi, saxlanması barədə operativ qərar vermək lazımdır. Ona görə də, axtarış üçün sanksiyanın verilməsini gözləmək vaxt itkisidir.

 

Bu həm də cinayətkarın bir yerdən başqa yerə keçməsinə əlavə imkan yaradır, yenidən tapılmasına maneədir.

 

Əgər şübhəli şəxsin həbs, saxlanma yerindən, məhkəmədən qaçıb müəyyən bir evdə gizləndiyinə dair məlumat, ehtimal varsa, bu halda həmin evdə məhkəmə qərarı olmadan axtarış aparıla bilər”.

 

Ə.Nuriyev deyib ki, əməliyyatçının axtarış aparması üçün ciddi əsasları olmalıdır:

“Əgər cinayət-axtarış aparanların ciddi əsasları olmadığını düşünürsünüzsə, buna etiraz edə və barəsində şikayət verə bilərsiniz. Qanunvericilik bunu qadağan etmir. Getdikcə cinayətkarın miqyası genişlənir.

 

Burada yalnız təqsirləndirilən şəxsin qaçması məsələsi olanda məhkəmə qərarı olmadan axtarışa icazə verilir. Qalan hallarda mənzil toxunulmazlığı hüququna əsasən məhkəmə qərarı ilə əməliyyat aparıla bilər”.

 

Qeyd edək ki, bununla  bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?