Modern.az

Gəlini girov qoyanlar və dəbdəbəli yaslar: “Azərbaycan insanı aşağılanmağa meyllidir”

Gəlini girov qoyanlar və dəbdəbəli yaslar: “Azərbaycan insanı aşağılanmağa meyllidir”

10 Sentyabr 2016, 13:16

Bu gün toxunmaq istədiyimiz mövzu uzun müddət müzakirə olunan, amma hələ də öz həllini tapmayan məsələ barəsindədir: Toylarda və yas mərasimlərində yol verilən artıq xərclər.

 

Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işə qarışması ilə bəzi kənd və rayonlarda yas mərasimi zamanı təmtəraqlı süfrə açılmasına qeyri-rəsmi də olsa qadağa qoyuldu.

 

Məsələ ilə bağlı sosioloqlar, deputatlar müzakirələr açdı, əhalini israfçılıqdan çəkindirməyə çalışdılar.

 

Amma insanlar yenə öz bildikləri “havanı oynadı”... Hətta yası düşüb ehsan verə bilməyənlər, “ata-anam məni bu yaşa çatdırıb, indi ona ehsan verməyim” etirazı ilə əlaltından rayon rəsmilərinə “şirinlik” verməklə dəbdəbəli yas keçirdilər.

Toyun axırında bəy və gəlini “zaloq” qoymaq hesabına belə “qonşu gözü çıxartdılar”.

 

Xüsusilə, hər kəsin dilində əzbərə çevrilən devalvasiyadan sonra bu xərclərə yol verilməyəcəyi ehtimal olunsa da, dəyişən heç nə yoxdur.

 

Görünən odur ki, hər şeyi yerindən oynadan devalvasiya israfçılığı “vurmaq” iqtidarında deyil. Əslində isə bunun üçün necə deyərlər, insanların beyninin içindəkini dəyişmək lazımdır.

Axı biz prinsiplərimizə sadiq millət olaraq seçilirik: “o nə deyər, bu nə deyər, eldən ayıbdır” və s. və ilaxır.

 

“Atanın, ananın ruhu yeməklə şad olmur”

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a deyib ki, bunlar devalvasiyaya bağlı məsələlər deyil:

 

“Bunlar insanların xarakterilə bağlı məsələdir. Cəmiyyətdə toylara və yaslara münasibət insanların tarixi xarakteri ilə formalaşan mental dəyərlərlə bağlıdır. Ölkədə keçirilən yas və toy mərasimləri onu göstərir ki, insanlar özlərini soyulmağa, aşağılamağa meyllidirlər.

Məsələn, ölüsü düşən birinə deyirsən yemək verməklə özünü əziyyətə salırsan, borc alıb ehsan verirsənsə, eləmə. Adam deyir ki, “eybi yox indi borc alıram, sonra dilənərəm. Qoy atamın, anamın ruhu şad olsun”. Daha düşünmür ki, ata, ananın ruhu övladın davranışı ilə, yaxşı əməli ilə şad olur, yeməklə şad olmur ki...

Əksinə, övladın borc içində sıxıntı çəkməsi, dilənməsi ilə onun ruhu narahat olur. Bunu cəmiyyətdə kimə izah edəsən axı?

Yeri gəlmişkən, bir gün yasda idim. Ev yiyəsindən soruşuram ki, bu qədər yemək niyə verirsiniz?

Deyir “uzaqdan gələnlər var, gedib kənarda yeməyə pul xərcləməsinlər”. Deyirəm sizi ölünüz düşündürür, yoxsa uzaqdan gələn? Uzaqdan gələn baş sağlığı veribsə, 1 saat oturub çıxsın getsin də. Qanundur ki, 4-5 saat oturmalıdır?! Hökmən yemək gözləməli və yeyib getməlidir? !Axı sən bu yası borcla yola verirsən?

Deyir  ki, biz bunu dəyişə bilmərik ki? Camaat bizə nə deyər?  Deyirəm “sən dilənəndə, borc altında öləndə, xəstələnən adam kimi qayğına qalan olacaq? Əgər özün öz taleyini düşünmürsənsə, camaat sənə nə edəcək?”

 

“İnsanlar yoxsul olanda əldəqayırma müğənnilərə xərcləməyə pul tapırlar”

 

Deputat bildirib ki, bu ümumiyyətlə dövlətlə, hökumətlə bağlı deyil, Azərbaycan cəmiyyətilə bağlı problemdir:

“İnsanlar yoxsul, imkansız olanda, daha təmtəraqlı toy keçirib, əldəqayırma fonoqram oxuyan, mənasız, səviyyəsiz müğənnilərə pullarını dağıtmağa meylli olurlar. Halbuki həmin pulu gözəl bir təsnif, muğam oxuyan sənətkara, hamını sakit bir tərzdə feyziyab edəcək birinə qıymır. Bu, demək soyulmağa layiq adamdır, soymaq lazımdır onu.

Bunların bir qisminin pulunu ziyarətlərdə, bir qismini pulunu toylarda, bir başqa təbəqədən olanın pulunu xəstəxanada, bir qisminin pulunu məktəbdə soyurlar.

Bu insan özünü rahatlıqla istifadə olunan obyektə çevirir. Ona görə də, hər addımda düşünmək, bu cəmiyyətə yaxşı və pisin nə olduğunu söyləmək lazımdır. Bəzən yanında olan birinə deyirsən ki, bu “coca-cola”nı içmə zərəlidir, mənşəyi bilinmir”. Qayıdıb deyir ki, “sənə nə, mən bunu xoşlayıram”.

 

Hər şey elədir, “xoşlayıram” deyir və bununla özünün haqlı olduğunu sanır. Siqaret çəkənə deyirsən, çəkmə deyir mən “xoşlayıram”. Başa düşmür ki, sağlamlığına ziyan vurur. “Xoşlayıram” sözü sağlamlığı da, mənliyi də, hər şeyi də üstələyir. “Belə rahat oluram” deməklə atdığın addım Allaha xoş gedirmi, yəni mahiyyət sənin maddi və sosial vəziyyətinə uyğundurmu? Bunu düşünən yoxdur. Ona görə də hesab edirəm ki, bu, cəmiyyətdə varlılıq, yoxsulluqla bağlı məsələ deyil.

Əksəriyyət istirahəti başqalarına göstərmək üçün edir. Məsələn, daha ucuz sərfəli olan Naftalan, Yesentiki var. Bunları qoyub “Karlovı Varıya gedəndə özünü daha komfortlu sayır. Əslində eyni  sudur da, böyük fərqi yoxdur ki... Amma ucuzvaridən qaçır ki, aristokrat görünsün.

Belə şeylər cəmiyyətdə bir xəstəlikdir. Qarşısını almaq isə çox çətindir. İnsanlara yenə də bacardıqca, ziyalılar, düşünən insanlar müəyyən məsələləri təlqin etməlidirlər.

Yaxınlarda bir toyda idim. Demək 3 saat dayanmadan, insan beynini məhv etmək üçün düşünülmüş musiqi çalındı. Bu musiqini dayanmadan çaldıran nə toy sahibi, nə də şadlıq evinin rəhbərliyi idi. Onlarla adam nə hava olsa düşüb ortaya oynayır. Nə havadır bilinmir, sadəcə oynasınlar.

Ona görə də “nə olur olsun oynayım” tələbinə bu cür də cavab verilir”.

 

“Böyük televizoru evə gələn qonağa göstərmək üçün alırlar”

 

F.Mustafa deyib ki, devalvasiya ölkədəki sağlam düşüncə sahiblərinə təsir edib:

“Azərbaycanda devalvasiyanın adi vətəndaşa ciddi təsiri yoxdur. Hesabını bilməyən adam üçün devalvasiya olub-olmamağının nə fərqi zatən?

Devalvasiyanın sağlam düşüncəli iş adamlarına böyük təsiri var. Çünki onlar mənfəəti, gəlirlərini, çıxarlarını dəqiqliklə hesablayırlar.

Digər gəlir-çıxarını hesablamayan insanlar üçün pulun çox və ya az olmasının elə də əhəmiyyəti yoxdur.

 

Onsuz da heç kim tələbatına görə televizor, soyuducu almır ki... Televizor alınır ki, evə gələn qonaq desin ki, bunun da yaxşı televizoru var. Halbuki, tələbatına görə televizor ucuz olmalıdır. Ya borca girib qızına cehiz verir ki, sabah kimsə “bu nədir vermisən” deməsin. Budur bizim cəmiyyətin insanın düşüncə tərzi..”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir